PDF Oxu

İqtisadiyyat

  • 11

Davamlı islahatlar konsepsiyası

Davamlı islahatlar konsepsiyası
Qloballaşan dünyada o dövlətlər dinamik və sabit inkişaf edir ki, onlar gələcəyə hədəflənən düşünülmüş strategiyaya malikdir. Bu gün tam əminliklə demək olar ki, Azərbaycan məhz belə dövlətlərdəndir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın milli maraqlarına, dinamik və keyfiyyətli inkişafına, xalqın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən inkişaf strategiyası, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Xüsusilə, ölkənin sosial-iqtisadi həyatında baş verən irimiqyaslı kəmiyyət və keyfiyyət dəyişiklikləri dövründə respublikamızın iqtisadi qüdrəti daha da artmış, ölkəmiz qloballaşan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. İqtisadi inkişafın artım sürətinə görə Azərbaycan dünyada lider dövlətlər sırasındadır. Ölkədə iqtisadi və siyasi sabitliyin möhkəmlənməsinə nail olan Azərbaycan hökumətinin həyata keçirdiyi düşünülmüş iqtisadi strategiya respublikamızın dünya dövlətləri içərisində özünəməxsus inkişaf yoluna görə fərqlənməsinə səbəb olub. Davamlı islahatlar konsepsiyasına əsaslanan makroiqtisadiyyatın genişşaxəli sosial siyasətlə paralel şəkildə qarşılıqlı əlaqələndirilməsi Azərbaycanın regionun və Avrasiya məkanın ən etibarlı, dinamik inkişaf edən ölkə kimi nüfuzunun güclənməsinə dərin baza yaradıb.

Ölkə iqtisadiyyatında son illər əldə olunan inkişaf bir daha onu sübut edir ki, Azərbaycan güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi sahəsində, həqiqətən də, lider dövlətdir. Təsadüfi deyil ki, bu gün sənaye istehsalının artım tempi ilə ümumi daxili məhsulun dinamikası eyni səviyyədədir. Məsələn, ötən il ÜDM 27 faiz, sənaye isə 24 faizlik artımla başa çatıb, bu isə həmin sahənin iqtisadiyyatda lokomotiv rolu oynadığını təsdiqləyir. Bu gün milli məhsulun 20 mlrd man-dan çox hissəsi də məhz sənaye məhsulundan ibarətdir. Azərbaycan sənayenin inkişaf tempinə görə son 2 ildə MDB dövlətləri içərisində ilk yerlərdə dayanır.

Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə maşınqayırma, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri, bu sahənin əhəmiyyətli dərəcədə inkişaf meyilləri ilə müşayiət olunmasına imkan yaradıb. Sənayenin strukturuna diqqət yetirdikdə, neft sənayesinin çəkisi ilə bərabər, digər sənaye sahələrinin artım tempi daha yüksək olub. Məsələn, sənayenin real həcmi son illərdə 3 dəfəyə yaxın artıb və burada maşınqayırma, metallurgiya, kimya kompleksi, mədənçıxarmanın payı daha yüksək olub.

Prezident İlham Əliyev bir neçə ay əvvəl Gəncə zonasına səfəri zamanı sənaye müəssisələrinin vəziyyəti ilə tanış olarkən bəyan edib ki, ölkədə yeni sənaye müəssisələrinin yaradılması üçün geniş baza var və bu, hökumətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri olacaq. Hökumət bu sahəyə hər il investisiyaları artıracaq, yeni sənaye mərkəzlərinə investorların cəlb olunması üçün əlverişli biznes imkanları təmin ediləcək.

Respublikamızın ən zəngin təbii ehtiyatlara malik olması sənaye potensialından maksimum faydalanmağa zəmin yaradır. Gəncə-Daşkəsən zonalarında xammal bazasının mövcud olması yeni sənaye müəssisələrinin yaradılmasına əlverişli şərait yaradıb. Gəncədə polad kompleksinin və detal alüminium zavodunun təməlinin qoyulması da bu layihələrin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu iki zavod kompleksinin tikintisi nəticəsində Azərbaycan çox böyük iqtisadi imkanlara nail olacaq. Təkcə, bu sahəyə qoyulan investisiyaların həcmi 1 mlrd dol-dan çox olacaq.

Bu faktı da vurğulamaq yerinə düşər ki, hökumət yaxın 5 ildə sənayeləşmənin inkişafına ən azı 3 mlrd dol kapital yönəltməyi nəzərdə tutur. 2008-2013-ci illəri əhatə edən Dövlət Proqrmının da əsas hədəfləri alüminum, polad, maşınqayırma, yeyinti və yüngül sənaye obyektlərinin yaradılmasından ibarətdir. Bu müəssisələrin inkişafı Azərbaycanın sənayesinə çox güclü təkan verəcək və sənayemiz ən yüksək dünya standartlarına cavab verən məhsulları dünya bazarına ixrac edəcək. Təkcə Gəncədəki müəssisələrdə 1 mln t polad və 100 min t alüminium istehsal olunacaq. Gəncənin 2 minə yaxın işsiz sakini bu müəssisələrdə işlə təmin olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Sənaye və Energetika Nazirliyi sənayenin və bununla yanaşı, kimya sənayesinin perspektiv inkişafı ilə əlaqədar yeni proqram hazırlayıb. Bu sənədin əsas istiqamətləri yerli xammal bazası əsasında ən mütərəqqi texnologiyalara əsaslanan yeni zavodların tikintisindən və yenidən qurulmasından ibarətdir. Hökumətin digər planı Sumqayıtdakı müəssisələrin bazasında sənaye şəhərciyinin yaradılması ilə bağlıdır. Gədəbəy, Naxçıvan, Daşkəsən, Gəncə və digər bölgələrdə qızıl və mədənçıxarma sənayesi inkişaf bumunu yaşayır və bu layihənin reallaşması Azərbaycanın regionda nəhəng sənaye mərkəzinə çevrilməsinə səbəb olacaq.

Azərbaycanda sənayeləşmənin bu cür yüksək proseslə davam etməsinə, ölkənin zəngin valyuta ehtiyatları əlverişli impuls verir. Məlum olduğu kimi, 2008-2013-cü illər güclü sənaye istehsalının yaradılması və sənayenin şaxələndirilməsi dövrüdür. Bu baxımdan, bu gün intensiv iqtisadi inkişaf imkan yaradır ki, sənaye potensialının artması bizim üçün ölkənin inkişafının mühüm prioritet istiqamətinə çevrilsin, sənayeləşmə prosesi yüksək sürətlə getsin. Bunun üçün zəruri valyuta ehtiyatları vardır. Sonrakı illərdə yeni iş yerləri açılacaq, postindustrial cəmiyyətə keçid üçün yeni zəmin yaradılacaqdır.

Ölkədə son illər sosial-iqtisadi islahatların dərinləşməsi və dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, azad iqtisadi fəaliyyət üçün əlverişli şərait yaratmaqdadır. Bu da, öz növbəsində, sahibkarlığın inkişafına təkan vermiş, özəl bölmədə istehsalın həcmini artırır. Ümumiyyətlə, ölkədə gedən davamlı islahatlar konsepsiyası bütövlükdə ölkənin iqtisadi qüdrətinin artmasında mühüm rol oynayır.

Digər xəbərlər