PDF Oxu

İqtisadiyyat

  • 8

Banklar üçün əlverişli fəaliyyət mühiti...

Banklar üçün əlverişli fəaliyyət mühiti...
Azərbaycan Milli Bankı çevik makroiqtisadi siyasət yürüdərək, beynəlxalq maliyyə sferasında baş verən mənfi meyillərin ölkəmizin bank-maliyyə sisteminə müdaxiləsinin qarşısını almaq üçün strateji kursu davam etdirir. Milli Bankın 2008-ci ilin sonuncu rübündən başlayaraq həyata keçirdiyi pul-kredit siyasətinin əsas hədəflərindən biri, ilk növbədə, daxili maliyyə bazarının sabitləşdirilməsindən, bank və kredit təşkilatlarının iqtisadiyyatda fəallığının qorunub saxlanmasından və likvidliyin təmin edilməsindən ibarətdir. Bu taktika banklara dəstək siyasətinə əsaslanaraq, bank bazarında faiz dərəcələrinin aşağı salınmasına xidmət göstərməkdədir. Ötən ilin oktyabrından başlayan həmin siyasət Milli Bankın fevralın 2-dən qüvvəyə minəcək yeni qərarı ilə daha da möhkəmlənəcək. Söhbət MB-nin bank sektorunda tətbiq etdiyi uçot dərəcələrinin aşağı salınmasından gedir. Məlum olduğu kimi, Milli Bank artıq bu istiqamətdə dördüncü dəfə qərar qəbul edib və beləliklə, faiz dərəcələri növbəti dəfə endirilərək 8 faizdən 5-ə salınıb.

Milli Bankın bu qərarı həddindən artıq güclü siyasi iradənin nümayiş etdirilməsindən xəbər verir və bank sferasında preventiv tədbirlərin geniş miqyas almasının təzahürü sayıla bilər. Yəni, son 3-4 ayda faiz dəhlizi ilə bağlı MB-nin atdığı addımlar davamlı xarakter daşımaqla yanaşı, daha çox kommersiya banklarının sağlamlaşdırılmasına və möhkəmlənməsinə səbəb olub. Xatırladaq ki, MB uçot dərəcələri ilə bağlı ilk qərarını ötən il oktyabrın 14-də verib. Həmin vaxt faiz dərəcələri 15 faiz idi və bu rəqəm bankların istər vətəndaşlara, istərsə də iqtisadi subyektlərə, özəl şirkətlərə aşağı faizlə kredit verməsinin qarşısını alırdı. Həmin dövr dünya maliyyə böhranının şiddətləndiyi ərəfəyə təsadüf etdiyindən ölkəmizin banklarının yüksək məbləğdə kredit verməsi, eləcə də aşağı faizlərlə işləməsi likvidlik problemi yarada bilərdi. Milli Bankın qısa müddətdə qabaqlayıcı tədbirlər görməsi nəticəsində Azərbaycan bankları həmin problemlə üzləşmədi. MB uçot dərəcələrini 15-dən 12-yə endirdi, ardınca 15 gün sonra kredit stavkalarını (oktyabrın 31-də) 12 faizdən 10 faizə saldı. Təbii ki, bu düzgün və əsil effekt verən qərar ölkəmizin banklarının dünyanın ən iri banklarının yaşadığı likvidlik sindromuna düşməsinə imkan vermədi. Yəni, bank bazarı xarici təzyiqlərdən xilas oldu və sabitlik möhkəmləndi.

Azərbaycan hökuməti bank sektoruna dəstəyi artırmaqda davam edərək, faiz dəhlizi ilə bağlı tədbirlərin davam etdirilməsinə qərar verdiyini son proseslərlə bir daha təsdiqlədi. Milli Bank pul siyasətinin yumşaldılması ilə bağlı addımlarını davam etdirərək 3-cü dəfə stavkaları 2008-ci il dekabrın 1-də aşağı saldı. Bununla da uçot dərəcələri 10 faizdən 8-ə endirildi. Bütün bu ssenarilər son nəticədə bankların aktivliyini artırdı və onların likvidlik göstəriciləri yaxşılaşdı. 2008-ci ilin yekunlarını nəzərdən keçirdikdə bank və kredit bazarında müsbət dinamikanı hiss etmək olar. Yəni, bankların iqtisadiyyatda çəkisi əhəmiyyətli dərəcədə artıb. Onların ötən il iqtisadiyyata 7 mlrd man-ı kredit qoyuluşları həyata keçirib. Eləcə də, bankların əmanət bazarında aktivliyi yüksəlib. Onların fəaliyyəti nəticəsində əhali banklara 1 mlrd 950 mln man-dan çox əmanət yerləşdirib.

Bu gün Azərbaycanın bank sistemində 1 dövlət və 44 özəl kommersiya bankının olması bu sektorun genişşəbəkəliliyini göstərir. Doğrudur, bank sistemində xarici bank vahidlərinin də payı az deyil və bu, beynəlxalq bazarlarda baş verənlərin ölkəmizə təsirini istisna etmir. Ölkəmizdəki bankların 14-ünün nizamnamə kapitalında xarici kapitalın payı yüksəkdir. Onlardan beşi 100 faiz xarici kapitallı banklardır. Digər banklarda xarici kapital, əsasən, Avropa Yenidənqurma və İnkişaf Bankına, Beynəlxalq Maliyyə Korporasiyasına, Qara Dəniz Ticarət və İnkişaf Bankına məxsusdur. Nəzərə alsaq ki, onların kapital fondunu dünyanın ən nüfuzlu beynəlxalq maliyyə təşkiları formalaşdırır, onda həmin qurumların fəaliyyətindəki dəyişikliklərin Azərbaycana müəyyən təsiri ehtimal oluna bilərdi. Buna görə də, Milli Bank təkcə ölkəmizin yerli özəl bank qurumlarının mənafeyini qorumadığını, xarici bank strukturlarının da mənfi fəsadlara məruz qalmaması üçün xarici risq amillərini nəzərə alaraq, qabaqlayıcı tədbirlər rejimini işə salmaqla xeyirxah missiya yerinə yetirdiyini sübuta yetirdi.

MB-nin preventiv siyasət yürütməsinə başlaması ümumiyyətlə, bank sisteminin xarici iqtisadi böhranlara, təhlükəyə qarşı davamlılığını möhkəmləndirmək və gücləndirmək siyasəti kimi səciyyələndirilə bilər. Bu qərarın başqa bir əhəmiyyəti kommersiya banklarının kredit fəaliyyətinin stimullaşdırılmasından ibarətdir. Yəni, Milli Bankın kommersiya bankları üçün müəyyən olunmuş uçot dərəcəsini aşağı salması nəticəsində banklar kreditləri əvvəlki səviyyədə sabit saxlamalı olub.

MB tərəfindən uçot dərəcəsinin aşağı salınması pul-kredit siyasətinin yumşaldılmasına istiqamətlənməklə bərabər, qlobal risqlərin iqtisadiyyatın qeyri-neft sektoruna, məşğulluq və gəlir səviyyəsinə mənfi təsirlərinin məhdudlaşmasına səbəb olub. Bu tədbirlər nəticəsində bankların likvidliyi xeyli artıb və onların kredit verilişlərinin əhatə dairəsi yüksəlib. Milli Bankın iki gün əvvəl qəbul etdiyi qərardan sonra isə faiz dərəcələri 8-dən 5 faizə endirilib. Bu, qeyd etdiyimiz kimi, 3-4 ay ərzində uçot dərəcələrinin 3 dəfə aşağı salınması deməkdir. Yəni, artıq bu addımdan sonra bank bazarında ən əlverişli fəaliyyət mühiti formalaşmış olur. 5 faizlik stavka ilə fəaliyyət göstərmək kommersiya bankları üçün həddindən artıq münbit şərait sayıla bilər. Milli Bankın son qərarından sonra bankların kredit fəaliyyəti ilə aktiv məşğul olması üçün əlverişli imkan yaranıb və onlar mərkəzi bankdan ucuz faizlə kredit ala biləcək. Banklar sahibkarlara, əhaliyə aşağı faizlə kredit verməlidir. Uçot dərəcəsinin 5 faizə endirilməsindən sonra bankların vətəndaşlara və özəl şirkətlərə 15 failə, 22 faizlə kredit verməsi ədalətsizlik olardı.

Ümumiyyətlə, MB tərəfindən həyata keçirilən düzgün pul-kredit və monetar siyasət bank sisteminin dinamik artımını və stabilliyi qoruyub saxlamağa dərin iqtisadi əsaslar yaradır. Qəti əminliklə söyləmək olar ki, bu siyasət həm də respublikamızın artan strateji valyuta ehtiyatları, Azərbaycanın beynəlxalq ödəniş qabiliyyətinə tam cavab verməsini möhkəmləndirməklə hansısa təhlükənin yaranmasının qarşısını almış olur, bankların daha sağlam və likvid fəaliyyət göstərməsinə və iqtisadiyyata kredit axınının sürətlənməsinə təkan verir.

Digər xəbərlər