PDF Oxu

İqtisadiyyat

  • 2

Şəki ES: 869 mln kilovatsaata yaxın enerji istehsal edilib

Şəki ES: 869 mln kilovatsaata yaxın enerji istehsal edilib
Şəki Elektrik Stansiyası "Azərbaycan Respublikası Regionlarının 2004-2008-ci illərdə sosial iqtisadi inkişafı" və "2005-2015-ci illərdə yanacaq enerji kompleksinin inkişafı" üzrə Dövlət Proqramları çərçivəsində ölkə Prezidentinin diqqət və qayğısı sayəsində, ən müasir texnologiyaların tətbiqi ilə daxili imkanlar hesabına tikilib.

2006-cı ilin sonlarında istifadəyə verilən yeni generasiya güclərindən biri olan Şəki Elektrik Stansiyası işə başladığı gündən qrafikə uyğun olaraq normal iş şəraitində fəaliyyət göstərir və stansiyada bu günə kimi 869 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. "Azərenerji" ASC-nin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, enerji qovşağında vaxtında həyata keçirilən mövsümi hazırlıq işləri onun daha da dayanıqlı və davamlı iş rejiminə imkan yaradıb.

Stansiyanın balans mənsubiyyətinə aid olan I, II, III və IV Şəki hava elektrik verilişi xətti və 110 kilovoltluq eyniadlı yarımstansiyanın avadanlıqları ötən il ərzində təmir edilib. Onu da qeyd edək ki, 2008-ci il ərzində burada 334 mln kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. Bu da proqnoz göstəricisindən 30 mln kilovatsaat çoxdur. Ötən ilin dekabr ayında isə elektrik stansiyasında 31 mln kilovatsaat proqnoza qarşı 3,5 mln kilovatsaat çox, yəni 34,5 mln kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Xatırladaq ki, Dövlət Proqramına uyğun olaraq bölgənin elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə tikilmiş ümumi gücü 87 MVt olan bu elektrik stansiya 2006-cı ilin oktyabr ayında istismara verilib. İstehsal olunan elektrik enerjisinin ötürülməsi üçün 19,2 km uzunluğunda 2 dövrəli 110 kV-luq EVX çəkilib.

Digər xəbərlər