"Aztəminatlı fermerlərə Qrant Yardımı" layihəsi üzrə Notalar Mübadiləsi imzalandı
Dünən Kənd Təsərrüfatı Nazirliyinin akt zalında Yaponiya hökuməti və Kənd Təsərrüfatı Nazirliyi arasında "Aztəminatlı fermerlərə Qrant Yardımı" layihəsi üzrə Notalar Mübadiləsi sənədlərinin imzalanması mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə kənd təsərrüfatı naziri İsmət Abbasov açdı. O bildirdi ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, ölkə başçısı İlham Əliyev tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğının nəticəsidir ki, məhsul istehsalı artır. Nazir qeyd etdi ki, 1998-ci ildən etibarən Yaponiya hökuməti tərəfindən Azərbaycanda indiki layihə daxil olmaqla 2KR Proqramı çərçivəsində aztəminatlı fermerlərə ümumi dəyəri 26,78 mln dol-ı olan 8 Qrant Yardımı layihəsi həyata keçirilib. O bildirib ki, bu proqram çərçivəsində indiyə qədər 232 ədəd taxılyığan kombayn, 212 ədəd traktor, 139 toxumsəpən maşın, 186 ədəd qoşqu və 20 ədəd kotan alınıb.
İ.Abbasov onu da qeyd etdi ki, Yaponiyanın Azərbaycana ayırdığı Rəsmi İnkişaf Yardımı iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə ümumi məbləği təqribən 730 mln dol-ı təşkil edib: "2KR layirhəsinin daavamı olaraq, 2005-ci ildə nazirliyə 200 mln iyenə 25 ədəd "SAMRO" markalı taxılyığan kombayn alınaraq bölgələrdə fermerlərə icarəyə verilib. 2006-cı ildə 30 ədəd taxılyığan kombayn, 40 ədəd traktor, 126 ədəd kənd təsərrüfatı texnikaları alınaraq hüquqi və fiziki şəxslərə müvafiq qaydada icarəyə verilib".
Yaponiyanın ölkəmizdəki səlahiyyətli səfiri Masamitsu Oki çıxışında bildirdi ki, "Aztəminatlı fermerlərə Qrant Yardımı" layihəsi çərçivəsində Yaponiya hökuməti ərzaq istehsalını təkmilləşdirmək məqsədilə yardım alan ölkələrə gübrə idxalı və lazımi kənd təsərrüfat avadanlığının alınması üçün maliyyə yardımı göstərir: "Bu vasitə ilə alınan gübrə və lazımi kənd təsərrüfatı avadanlıqlarının ölkə daxilində istifadəsindən əldə olunan gəlir, tərəfdaşlıq fondunda yığılır və ölkədə yoxsulluğun azaldılması kimi layihələrdə istifadə olunur. Bu proqramın əsas məqsədi aztəminatlı fermerlərə dəstək verməkdir. Sözügedən Proqram ilk dəfə 1977-ci ildə Yaponiya tərəfindən təqdim olunub".
Sonda Yaponiyanın ölkəmizdəki səlahiyyətli səfiri Masamitsu Oki və kənd təsərrüfatı naziri İsmət Abbasov arasında Notalar Mübadiləsi imzalandı.