PDF Oxu

İqtisadiyyat

  • 9

Azərbaycanda ərzaq məhsulları ucuzlaşmaqda davam edir

Azərbaycanda ərzaq məhsulları ucuzlaşmaqda davam edir
Bildiyimiz kimi, ölkəmizdə sənaye, tikinti və bir sıra ərzaq məhsullarının ucuzlaşması prosesi davam edir. Bu infilyasiyanın tempinə hansı təsirlər göstərə bilər? Bu və ya digər suallarla Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü Nazim Məmmədova müraciət etdik.

- Nazim müəllim, ölkəmizdə sənaye, tikinti və bir sıra ərzaq məhsullarının ucuzlaşması baş verir. Bu infilyasiya tempinə hansı təsirlər göstərə bilər?

-Məhsulların, xidmətlərin ucuzlaşması hansısa inflyasiya təzyiqləri yarada bilməz. Əksinə, istənilən bazar şəraitində rəqabət mühiti davamlı, güclü olduqda qiymətlərin ucuzlaşması baş verir. Buna görə də bugünkü gündə ərzaq məhsullarının, tikinti materiallarının, istehlak xidmətlərinin qiymətlərinin ucuzlaşması çox vacib məsələdir. Bu və digər məsələlərə ölkə başçısı Nazirlər Kabinetinin geniş iclasında öz münasibətini bildirdi və dünya maliyyə böhranı ilə bağlı bəzi tədbirlərin görülməsi haqqında müəyyən konturları elan edərək göstərişlər verdi. Mən hesab edirəm ki, bu yöndə dövlət qurumları öz işini daha da gücləndirməli və səylərini də artırmalıdır ki, qiymətin azalması müşahidə olunsun. Çünki bir başa qiymətin ərzaq məhsullarında, xidmət sahələrində və istehlak mallarında qiymətlərin ucuzlaşması əhalinin real gəlirlərini artırır. Gündəlik təlabat mallarına və istehlak xidmətlərinə nə qədər az vəsait sərf edilsə istehlakçının əlində vəsait qalarsa, vətandaş həmin vəsaitlərini bank depozitlərinə yönəldər və bu dolayısı yol iqtisadiyyatımızın canlanmasına gətirib çıxara bilər. Bir tərəfdən ölkə iqtisadi potensialından istifadə edərək, həm dövlət büdcəsindən maliyyələşən qurumlarda işləyən vətəndaşlarımızın maaşlarını, təqaüdlərini, sosial ödəmələrini artıraraq bunların real gəlirlərini artırır və digər tərəfdən, əgər qiymətlər kifayət qədər yuxarı olanda bu insanlarımızın həyatında hiss olunmur. Əhalimizin öz real həyatında bunları hiss etməlidir. Ona görə də, mən hesab edirəm ki, rəqabət mühitini biz liberal bazar iqtisadiyyatına uyğunlaşdırmalıyıq. Rəqabət mühiti əfsuslar olsun ki, bu günün tələbində deyil, çünki ölkəyə gətirilən, idxal olunan məhsullar, dünyada qiymətinin azalmasına baxmayaraq Azərbaycanda qiymətlər olduğu kimi qalıb və bəzəndə çox cüzi dəyişilliklərə məruz qalıb. Ancaq güman edirəm ki, buna ümumi ictimaiyyət son qoymalıdır və rəqabət mühitini biz sağlamlaşdırmalıyıq. Ölkə başcısı demişkən, qanunsuz varlanmaya qarşı mübarizə gücləndirilməli, şəffaflığın artırılması üçün təşəbbüslər artırılmalıdır. Heç kəsə ixtiyar verilməyib ki, o rəqabət mühitini pisləşdirsin. Hər sahibkar üçün maraqlıdır ki, daha çox mənfəət əldə etsin. Bu bazar iqtisadiyyatının qanunudur. Ancaq dünya maliyyə böhranı vaxtı, belə iqtisadi sarsıntılar zamanı işsizliyin artdığı səbəbindən hər bir ailənin real gəlirləri azalmışdır və hər sahibkar öz rentabirliyini müxtəlif qanunsuz yolla həll edərsə, yəni inhisarçılıq mövqeyindən yararlanaraq, öz gəlirləri naminə ölkənin imicinə, ölkə başçısının apardığı siyasətə əks getməklə həmdə allah qarşısında günaha batır. Mən xahiş edərdim ki, bu şəraiti başa düşüb mallarının xidmətlərinin süni şəkildə qiymətini yüksək etməsinlər, hansısa bir səviyyədə saxlasınlar.

- Dövlət başçısı qeyd edib ki, ölkədə yoxsulluq həddi 13,5 faizə düşüb. Yoxsulluğun azaldılması və məşğulluq probleminin həll edilməsi istiqamətində aparılan işlərə qlobal böhranın hansı dərəcədə təsiri ola bilər?

- Təbii ki, çox sevindirici bir haldır ki, son bir neçə il ərzində ölkədə yoxsulluq 49%-dən 13.5%-ə düşüb. Bu hal bizi çox sevindirir. Çünki son illər aparılan siyasət, iqtisadi-siyasət, həm də regionların iqtisadi inkişafı ilə bağlı qəbul olunan bir sıra proqramlar ölkənin ayrı-ayrı sahələri ilə bağlı iqtisadi dövlət proqramları kifayət qədər əsas verdi ki, aparılan islahatlar həm struktur həm də institusional islahatlar buna gətirib çıxardı və ölkədə yoxsulluq azaldı.

Əgər maliyyə böhranı zamanı işsizlik yaranırsa, yoxsulluq səviyyəsi də artır. Biz yaxın günlərdə, yaxın aylarda ölkə başçısının qeyd etdiyi konturlar çərçivəsində ölkəyə xaricdən saxlanılan vəsaitlərin bir hissəsini yönəltməliyik. Tikinti sektorunu canlandırmalıyıq , real sektora kifayət qədər vəsait verməliyik. Burada da tam şəffaflığı qorumaq şərti ilə, həm sahibkarlığa kömək milli fondu vasitəsi ilə həm də digər orqanlar vasitəsi ilə fermerlərə, mal istehsal edən biznes strukturlarına, sahibkarlara maliyyə dəstəyini həyata keçirməklə az faizli, uzun müddətli kreditləri verməklə iqtisadiyyatımızı canlandırmalıyıq. Əgər bu yaxın zamanlarda baş verməsə, təbii ki, bizdə yoxsulluğun səviyyəsi qalxacaq. Ona görə də, bizə lazım olmayan kifayət qədər sosial sarsıntılara gətirib çıxarda biləcək yoxsulluq problemini biz təcili həll etməliyik. Ölkə başçısı bunu özünün çıxışında bildirib. Yəni, ikinci dəfə prezident seçilərkən qarşısında duran ən mühüm məsələrdən biri yoxsulluğu Azərbaycandan tam qaldırmaqdır. Azərbaycan Respublikasında bir nəfər də yoxsul qalmamalıdır. Bunların hamısı bizim real iqtisadiyyatla bağlıdır. Azərbaycan sahibkarları, iş adamlarının əksəriyyəti çox fəal insanlardır və öz vətənini sevən insanlardır. Və mən əminəm ki, onlara yaxşı rəqabət mühiti yaradılsa, maliyyə dəstəyi olsa, yersiz yoxlamalar aradan qaldırılsa və müxtəlif yardımlar olunsa, Azərbaycanın heç bir problemi qalmayacaq. Yoxsulluq da bununla qurtaracaq. Azərbaycanın kifayət qədər həm təbii resursları var, həm insani. Son illər aparılan siyasət insanlarımızın həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilir.

- Qlobal maliyyə böhranı Azərbaycana hansı təsirlər gösrtərib və bundan sonra ciddi təsirlər göstərə bilər?

- Mən hesab edirəm ki, dünyada gedən prosesslərin Azərbaycana kifayət qədər təsiri var. Mən bir neçə ay bundan qabaq maliyyə böhranının söhbəti başlayan zaman bunu qeyd etmişdim ki, Azərbaycan dünya iqtisadiyyatının bir hissəsidir və Azərbaycan liberal bazar iqtisadiyyatı şəraitində yaşayır və liberal bazar iqtisadiyyatı prinsiplərlə iqtisadiyyatımız idarə olunur. Ona görə də, dünyanın bir hissəsi olan Azərbaycanda iqtisadiyyatına da maliyyə böhranının təsiri var. Sadəcə olaraq, biz bunu etiraf etməliyik ki, qabaqlayıcı tədbirlər görməliyik. Mən deməzdim ki, qabaqlayıcı tədbirlər görülməyib. Desək ki, qlobal böhran ölkəmizə təsir göstərməyib, bu həqiqəti əks etdirməyən söhbət olardı. Bir növ sakitləşdirici tonda deyilən məsələlər real vəziyyəti əks etdirmir. Ona görə də, ölkə başçısı bunu qeyd etdi ki, təbii ki, Azərbaycana maliyyə böhranının təsiri var. Böhranın Azərbaycana təsirinin olmaması və ya az olması haqda söhbətlər əsasən, Neft Fondunda və Milli Bankda valyuta ehtiyatlarının olması ilə izah edilir. Onlar da ümumilikdə 18 milyard dollardır. Bəzi optimistlər deyir ki, bununla biz bir neçə il idarə edə bilərik. Ancaq biz çalışmalıyıq ki, bu vəsaitləri bizdən sonrakı nəsillərə saxlayaq. Azərbaycanın qarşısında Qarabağ kimi məsələ durur. Heç kim deyə bilməz ki, biz müharibə yolu ilə torpaqlarımızı qaytarmayacağıq. Bu müharibə məsələsi gündəlikdədir, hələ torpaqlarımız azad olmayıb. Ona görə də o ehtiyatlar bizə müharibə üçün lazım ola biləcək ehtiyatlardır. Biz gündəlik işimizi onunla qurmalıyıq ki, Azərbaycanda azad sahibkarlığın, liberal bazar iqtisadiyyatının təşəkkülü üçün şərait yaratmaqla vergi yükünü artırmaqla qeyri neft sektorunu inkişaf etdirməklə cari xərclərimizi ödəyək. Maliyyə böhranının təsirləri Azərbaycanın real sektorunda artıq müşahidə olunur. İşsizliyin artması və kifayət qədər resursların banklarda olmaması, banklarımızın özlərinin xarici maliyyə qurumlarına çoxlu borcunun olması və onun qaytarılması zərurəti yaranması, istehlak kreditlərinin verilməsi və s. hamısı maliyyə böhranının elementləridir. Ona görə də, biz çalışmalıyıq ki, bu böhran bizə az təsir etsin və az təsir etməsi üçün mən də həm mətbuat vasitəsilə, həm də yazılı surətdə dövlətə müxtəlif təkliflər vermişəm. Hesab edirəm ki, real şəraiti, vəziyyəti təhlil etmək hamımızın borcudur. İqtisadiyyatla məşğul olan İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Milli Bank və ümumilikdə, Nazirlər Kabineti konsepsiya şəklində bir anti-böhran proqramı ortalığa qoymalıdırlar. Və anti-böhran konsepsiyasının müəyyən konturlarını artıq dövlət başçısı Nazirlər Kabinetinin geniş iclasında qeyd edib. Onun ətrafında müxtəlif ekspertləri, araşdırmaçıları, mütəxəssisləri, iqtisadçıları dəvət etməklə anti-böhran proqramı hazırlanmalıdır. Təcili olaraq, bu pillə-pillə həyata keçirilməlidir ki, 2009-cu ildə biz bu böhranın törətdiyi fəsadları aradan qaldıra bilən real sektoru dahada inkişaf etdirə bilək və problemləri qabaqlaya bilək.

Digər xəbərlər