PDF Oxu

İqtisadiyyat

  • 6

Beynəlxalq Valyuta Fondunun missiyasının ölkəmizə səfəri başlayıb

Beynəlxalq Valyuta Fondunun missiyasının ölkəmizə səfəri başlayıb
Dünəndən etibarən Beynəlxalq Valyuta Fondunun missiyasının ölkəmizə səfəri başlayıb. Edmund Biberin başçılıq etdiyi nümayəndə heyətinin səfəri zamanı, hökumət strukturları ilə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub. Aprelin 8-dək davam edəcək səfər zamanı büdcə zərfi, vergi və gömrük sahəsində aparılan islahatlar, vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında müzakirələrin aparılması planlaşdırılır. Bundan başqa, BVF-nin missiyasının hökumət üzvləri ilə makroiqtisadi parametrlər, maliyyə siyasəti, böhrana qarşı tədbirlərin vəziyyəti ilə əlaqədar müzakirələr aparması da nəzərdə tutulur.
Beynəlxalq Valyuta Fondu bundan başqa, Azərbaycanla əməkdaşlığın artırılması, 2009-cu ildə iqtisadi ssenarilər, əməkdaşlıq strategiyası ilə bağlı məsləhətləşmələri də nəzərdən keçirmək niyyətindədir. Fondun Bakı nümayəndəliyinin məlumatına görə, BVF-nin missiyasının Azərbaycana səfərinin yekunları ilə bağlı növbəti hesabatının hazırlanması da istisna olunmur. Xatırladaq ki, təşkilatın nümayəndə heyəti sonuncu dəfə ötən ilin dekabrın sonlarında ölkəmizdə olmuşdu və səfərin yekunları ilə bağlı hesabat hazırlamışdı. Həmin sənəddə qeyd olunurdu ki, dünyada davam edən qlobal maliyyə böhranı Azərbaycana təsirsiz ötüşüb. Hökumətin həyata keçirdiyi tədbirlər nəticəsində iqtisadi proseslər nəzarətdə saxlanılıb, böhranın milli iqtisadiyyata təsiri məhdudlaşdırılıb. Beynəlxalq Valyuta Fondunun qənaətinə görə, Azərbaycanın iqtisadi siyasəti qlobal böhrana davam gətirmək gücündədir. Azərbaycan iqtisadiyyatı ötən il çox güclü inkişaf sürəti ilə yadda qalıb. Xarici təsirlərə və neft hasilatında baş verən texniki səbəblərə görə avqust ayından müşahidə olunan ləngiməyə baxmayaraq, neft sektorunun artım tempi 10 faizi ötüb. Eləcə də, qeyri-neft sektoruna hökumətin maliyyə dəstəyini artırması nəticəsində tikintidə, xidmət sahələrində və kənd təsərrüfatında 15 faiz səviyyəsində yüksəliş baş verib. Bu da ölkənin beynəlxalq aləmdə mövqeyinin və xarici aktivlərinin möhkəmlənməsinə böyük təsir göstərib. Bütün bu meyilləri nəzərə alan BVF Azərbaycanla əməkdaşlıq strategiyasını möhkəmləndirmək qənaətinə gəlib.
Bunun nəticəsidir ki, fondun missiyasının səfərindən bir müddət sonra Beynəlxalq Valyuta Fondunun rəhbər şurası respublikamızın öhdəliklərin yerinə yetirilməsi cədvəlinə yenidən baxıb. BVF Azərbaycanın 1995 - 2006-cı illərdə qurumdan cəlb edilən kreditlər üzrə borcların ödənilməsinin 2012-ci ildə deyil, 2013-cü ildə başa çatdırmasına dair qərar çıxarıb. Fondun bunu ölkəmizin kreditlərin ödənilməsində göstərdiyi intizamın güclü olması ilə əsaslandırıb. Onu da xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun büdcə missiyasının rəhbəri Valeriya Fikera da ölkəmizdə bu il müəyyən olunmuş makroiqtisadi siyasətlə tanış olduqdan sonra bu strategiyanı müsbət qarşılayıb. Xanım Vikera bəyan edib ki, 2009-cu ilin büdcəsini hazırlayan hökumət daha ehtiyatlı davranıb. BVF bu il ölkəmizdə iqtisadi artımın 12 faiz olacağının gözlənildiyini bildirib. Fondun proqnozuna əsasən, Azərbaycan ümumi daxili məhsulun artımına görə də MDB-də birinci yerdə dayanacaq. Respublikamızda inflyasiyanın aşağı düşdüyünü açıqlayan fond, bu il qiymət indeksinin birrəqəmli səviyyədə olacağına da əmin olduğunu söyləyib.

Digər xəbərlər