Sahibkarlara güzəştli kreditlərin verilməsi davam edir
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası öz bəhrəsini verməkdədir. Hazırda iqtisadiyyatın bütün sahələri inkişaf edir, əhalinin həyat səviyyəsi daha da yaxşılaşır. Həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadi artım tempinə görə beynəlxalq miqyasda lider dövlətə çevrilmiş və dünyanın ən islahatçı ölkəsi kimi tanınmışdır.
Ölkə rəhbərliyinin böyük diqqət və qayğısının nəticəsidir ki, bu gün sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilmiş, ÜDM-də özəl bölmənin xüsusi çəkisi 85% təşkil etmişdir. Sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə qurulması, dövlət maliyyə dəstəyinin gücləndirilməsi bu sahədə mühüm nailiyyətlər qazanılmasına şərait yaratmış, sahibkarların işgüzar əlaqələrinin qurulması, güzəştli kredit almaq imkanları xeyli genişlənmişdir.
Sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsində Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti xüsusilə əhəmiyyətlidir. Fondun vəsaitləri qurumun Müşahidə Şurası tərəfindən müəyyən edilmiş sahələrdə, eləcə də, ölkə başçısının fərman və sərəncamlarında, dövlət proqramlarında iqtisadiyyatın müxtəlif sahələrinin inkişafını nəzərdə tutan konkret layihələrin maliyyələşdirilməsinə yönəldilir.
Dünyanın əksər ölkələrində iqtisadi böhranın təsiri nəticəsində iqtisadiyyatda durğunluq yaranmasına baxmayaraq, Azərbaycan hər hansı problemlə üzləşməmiş, əksinə, sahibkarlığın inkişafını stimullaşdıran tədbirləri fəal şəkildə davam etdirir.
Bu il dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna güzəştli kreditlərin verilməsi məqsədilə 74 mln man vəsaitin ayrılması planlaşdırılır. Ümumilikdə isə, fondun xəzinə hesabına qaytarılacaq kreditlərin məbləğləri və faizləri də daxil olmaqla, 2009-cu ildə sahibkarlara 130 mln man həcmində güzəştli kreditin verilməsi proqnozlaşdırılır.
Sahibkarlıq subyektləri tərəfindən fonda təqdim edilən investisiya layihələri "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadə qaydaları"na uyğun olaraq araşdırılır, ətraflı təhlil olunduqdan sonra müvafiq rəy fondun Müşahidə Şurasına təqdim olunur. Müşahidə Şurasından müvəkkil kredit təşkilatına müraciət etmək hüququ əldə etmiş sahibkarlar, investisiya layihələri və müvafiq sənədləri Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin yerləşdirilməsində iştirak edən müvəkkil kredit təşkilatlarına təqdim edirlər.
Fondun vəsaitlərinin yerləşdirilməsi Müşahidə Şurasının müəyyən etdiyi meyarlara uyğun olaraq Azərbaycan Respublikasının Milli Bankı tərəfindən lisenziya verilmiş 30 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı tərəfindən həyata keçirilir. Müvəkkil kredit təşkilatları onlara müraciət etmək hüququ əldə etmiş sahibkarlıq subyektlərinin layihələrinin kreditləşdirilməsi üzrə müraciətlərinə baxaraq müsbət qərar qəbul etdikləri təqdirdə müvafiq kredit vəsaitinin ayrılması üçün fonda sifariş verirlər.
Artıq 2009-cu il üçün dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsinə başlanmışdır. İndiyədək 200-dən çox sahibkar fondun vəsaitləri hesabına verilmiş güzəştli kreditlərdən yararlanmışdır.
Təkcə martın 26-da keçirilmiş tədbir çərçivəsində fondun vəsaitləri hesabına Aran və Gəncə-Qazax iqtisadi rayonlarında 60 sahibkarlıq subyektinə (Aran iqtisadi rayonu üzrə 34, Gəncə-Qazax iqtisadi rayonu üzrə isə 26 sahibkara) güzəştli kredit verilmişdir. Güzəştli kredit almış sahibkarlar Gəncə şəhəri, Samux, Ağstafa, Goranboy, Göygöl, Şəmkir, Ağcabədi və Bərdə rayonlarında fəaliyyət göstərirlər. Maliyyələşdirilmiş layihələr sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı sahələrini əhatə edir. Bu layihələrin həyata keçirilməsi 100-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcəkdir. Ümumilikdə isə, 2009-cu ilin ötən dövründə Sahibkarlığa Kömək Milli Fondundan müvəkkil kredit təşkilatları vasitəsilə verilmiş güzəştli kreditlər hesabına 350 yeni iş yerinin açılması nəzərdə tutulur.