PDF Oxu

İqtisadiyyat

  • 15

Azərbaycan iqtisadiyyatı yüksək templə inkişaf edir

Azərbaycan iqtisadiyyatı yüksək templə inkişaf edir

Məlum olduğu kimi, dünyada hökm sürən maliyyə böhranı bir çox ölkələrin iqtisadiyyatını iflic edib. Lakin Azərbaycan dövlətinin apardığı məqsədyönlü, uğurlu iqtisadi siyasət nəticəsində qeyd olunan böhran ölkəmizə ciddi təsir göstərməyib. Bunu həm yerli, həm də beynəlxalq  ekspertlər təsdiq edirlər.

Vüsal Qasımlı, iqtisadçı ekspert:

 - Təbii ki, dünyada hökm sürən maliyyə böhranının ölkəmizə ciddi təsir göstərməməsi müsbət haldır. Bu, ölkəmizin valyuta ehtiyatlarının çox olması ilə əlaqədardır. Yəni Azərbaycan dövlətinin valyuta ehtiyatları çox olduğu halda, xarici borcları azdır. Ancaq Ermənistan da daxil olmaqla elə ölkələr var ki, həmin dövlətlərin valyuta ehtiyatları həddən artıq az olduğu üçün xarici borcları çoxdur. Sözsüz ki, buna görə də, böhran həmin ölkələrə ciddi təsir göstərir. Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu iqtisadi siyasətinin nəticəsidir ki, iqtisadiyyatımız sürətlə inkişaf edir və qabaqlayıcı tədbirlər nəticəsində beynəlxalq maliyyə böhranı respublikamıza ciddi təsir göstərməyib.
Bildiyiniz kimi, ölkəmizə idxal olunan taxıl məhsullarına tətbiq edilmiş əlavə dəyər vergisinin yenidən bərpa edilməsi nəzərdə tutulur. Əvvəlcə biz taxıl ehtiyatlarımıza nəzər yetirməliyik. Yəni nə qədər ehtiyatımız var və nə qədər ehtiyatın idxal olunmasına lüzum var. Bunların hər birini nəzərdən keçirməliyik. Bizdə buğda məhsullarının idxalına ehtiyac var ki, bu da ölkəmizin iqlim şəraiti ilə əlaqədardır. Belə hesab edirəm ki, hökumət yerli istehlakçılardan taxıl məhsullarını alıb, taxıl fonduna toplamalıdır. Bu da yerli istehsalçılar, kənd təsərrüfatı ilə məşğul olan ölkə vətəndaşları üçün çox əlverişli təklifdir.
 
Ağamirzə Soltanov, iqtisadçı:

- Beynəlxalq böhran bir çox dövlətlərin iqtisadiyyatına ciddi zərbə vurub və dünya ölkələri də, bu böhrandan çıxış yolu axtarırlar. Sevindirici haldır ki, qeyd olunan böhran respublikamıza, ölkəmizin iqtisadiyyatına ciddi ziyan vurmayıb. Təbii ki, hər hansı bir dövlət uğurlu iqtisadi siyasət həyata keçirərsə, eləcə də qabaqlayıcı tədbirlər görərsə, dünya böhranı da həmin ölkələrə ciddi təsir göstərə bilməz. Ancaq ümumilikdə, bu böhrandan tam təsirsiz ötüşmək də mümkün deyil. Çünki ölkələrin bir-biriləri ilə iqtisadi əlaqələri mövcuddur. Azərbaycan da  dünyaya inteqrasiya olunduğu üçün maliyyə böhranı ölkəmizə az da olsa, təsir göstərib. Lakin hökumətimizin qabaqlayıcı tədbirləri nəticəsində adıçəkilən böhran respublikamıza ciddi təsir etməyib. Güman edirəm ki, gələcəkdə də belə olacaq.
Aqrar sektor da iqtisadiyyatın bir sahəsidir. Kənd təsərrüfatının inkişaf etdirilməsi çox mühüm, həm də vacib bir məsələdir. Ona görə də, dövlət bu sahəyə diqqət yetirməlidir. Şübhəsiz ki, Azərbaycan hökuməti, ölkə rəhbərliyi kənd təsərrüfatının inkişafı üçün müxtəlif layihələr həyata keçirir. Qaldı ki, taxıl məhsullarının idxalına tətbiq olunan əlavə dəyər vergisinin yenidən bərpa edilməsi, bu, müəyyən mənada aqrar sektorun inkişafına təsir göstərəcək.

Digər xəbərlər