Son günlər Avropa məkanından ixrac olunan meyvə-tərəvəz məhsullarının məlum səbəblər üzündən Rusiya bazarında embarqo ilə qarşılaşması nəticəsində, orada kənd təsərrüfatı məhsullarına olan ehtiyac özünü daha kəskin şəkildə hiss etdirməkdədir. Əgər nəzərə alsaq ki, Avropadan başqa, Rusiyaya qardaş Türkiyədən, İrandan və uzaq Çindən, eləcə də, ərəb ölkələrindən də müvafiq məhsullar ixrac edilir, o zaman bu dövlətlərdən alınan məhsulların həm keyfiyyət baxımından, həm də qiymət baxımından nə dərəcədə qənaətbəxş olması da müəyyən suallar doğurur. Məsələn, Türkiyədən ixrac edilən məhsulların qiymətində bahalıq, Çin və ərəb ölkələrindən alınan məhsullarda isə keyfiyyətsizlik müşahidə edilməkdədir. Məhz bu və digər səbəblər üzərindən adlayaraq, yaxın qonşumuz sayılan Rusiyanın Azərbaycan məhsullarına üstünlük verməsi yuxarıda qeyd olunan faktorları özündə hiss etdirmir. Yəni ölkəmizdən ixrac olunan meyvə və tərəvəzlər qiymətləndirməyə görə ucuz, keyfiyyətinə görə isə təzə və təravətliliyi ilə seçilir. Bunun digər səbəbi Azərbaycandakı məhsul bolluğu, ikinci amil isə son vaxtlar Rusiya ilə ölkəmiz arasındakı iqtisadi əlaqələrin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardır. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev hesab edir ki, Rusiya Azərbaycanın yaxın qonşusu olmaqla bərabər, həm də kənd təsərrüfatı məhsullarının əsas alıcısı sayılır. Rusiya prezidentinin Bakıya son səfərindən sonra isə bu ölkə ilə ticarət əlaqələrinin genişləndirilməsinə maraq daha da artmışdır. Rusiya özünün meyvə-tərvəzə olan tələbatını ödəmək üçün Azərbaycanın imkanlarından istifadə etmək istəyir. Fermerlərsə gələcəkdə bütün Rusiya bazarını məhsulla təmin etmək istəyirlər.
Buradan, eyni zamanda, bəlli olur ki, Azərbaycan özünün kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək imkanındadır. Bir sıra məhsullar isə hətta tələbatdan artıqdır və belə olan halda Rusiya ilə kənd təsərrüfatı məhsulları sahəsində əməkdaşlığın genişlənməsi hər iki tərəf üçün sərfəlidir. Qonşu Rusiya kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək məqsədi ilə Türkiyə və İranla əməkdaşlığı genişləndirir. Belə olan halda, Azərbaycanın Rusiya bazarındakı rəqibləri artır. Rusiyanın digər ölkələrlə kənd təsərrüfatı sahəsində əlaqələri genişləndirməsi Azərbaycana pis təsir edə bilməz. Çünki rus istehlakçıları yerli meyvə-tərəvəzə daha çox maraq göstərirlər. Azərbaycan fermerlərinin isə bu rəqabətə davam gətirmək üçün geniş imkanlara malikdir. Kənd təsərrüfatı ekspertlərinin fikrincə, son vaxtlar yerli fermerlər məhsullarını Rusiyaya ixrac etmək üçün daha da fəallaşıblar. Amma bu fəallığı bir qədər də artırmaq lazımdır. Şərait yaradılsa, Azərbaycanın meyvə-tərəvəzi bütün Rusiya bazarını ələ ala bilər. Hökumət isə mümkün köməklikləri göstərəcək ki, fermerlərimiz bol və keyfiyyətli məhsul istehsal edə bilsin. Bu, həm daxili tələbatın ödənməsi və qiymətlərin sabit saxlanması, həm də ixracatın genişlənməsi üçün vacibdir.
Xatırladaq ki, Azərbaycandan dünyanın 90 ölkəsinə müxtəlif çeşiddə meyvə-tərəvəz ixrac olunur. Bu məhsulların 95 faizi təkcə Rusiya bazarına çıxarılır. Qonşu ölkəyə əsasən meyvə, tərəvəz və konservləşdirilmiş kənd təsərrüfatı məhsulları ixrac olunur.
R.RƏSULOV
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...