Prezident İlham Əliyev dövlət başçısı seçiləndə Azərbaycanda aparılan iqtisadi siyasətin çox uğurlu olduğunu, ölkənin tərəqqisi üçün gözəl təməl yarandığını bəyan edib, bu bünövrənin üzərində hərtərəfli inkişaf etmiş müasir Azərbaycan qurmağı əsas vəzifə kimi qarşıya qoyub. Bu yazı əsasən ölkəmizin yol-nəqliyyat infrastrukturunun inkişafı və müasirləşdirilməsi üçün görülən işlərə həsr olunub.
Yol-nəqliyyat sektorlarının inkişafı sürətlənib
Ölkə iqtisadiyyatının əsas sahələrindən olan nəqliyyat və rabitə sektoruna investisiyaların cəlb edilməsi və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi müsbət nəticəsini göstərib. Ötən il və cari ilin ilk rübündə bütün növ nəqliyyat vasitələri ilə yük və sərnişin daşımaları artıb.
Qeyd edək ki, Azərbaycan dəmir yollarının inkişafı ilə bağlı 2010-2014-cü illəri əhatə edən Dövlət Proqramı təsdiq olunub. Nəzərdə tutulmuş tədbirlərin reallaşması irihəcmli sərmayələrin qoyulmasını tələb etdiyindən, beynəlxalq maliyyə institutları ilə 735 milyon dollarlıq kredit müqavilələri imzalanaraq, layihələrin icrasına başlanıb.
Ölkə üçün böyük önəm kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisində işlər davam etdirilib, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və gəmiqayırma zavodunun təməli qoyulub. Bakı Metropoliteninin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni xətlərin inşası məqsədilə hesabat ilində dövlət büdcəsindən 182,5 milyon manat vəsait ayrılıb.
2010-cu ildə Bakı Dairəvi-1 və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollarının, Bakı-Ələt-Gürcüstan sərhədi avtomobil magistralının böyük hissəsinin tikintisi başa çatdırılaraq istismara verilib. Çoxlu sayda yolötürücülər, yol qovşaqları, körpülər və piyada keçidləri tikilib. Ümumilikdə, respublikanın avtomobil yollarının tikintisi və yenidən qurulmasına 1,5 milyard manatdan artıq vəsait sərf edilib.
Böyük nəqliyyat layihələri həyata keçirilir
İri nəqliyyat infrastruktur layihələrinin arasında Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni binasının tikintisini xüsusi qeyd etmək lazımdır. Aeroport hər bir ölkənin giriş qapısıdır. Hazırda beynəlxalq aeroportumuz Azərbaycanın indiki inkişaf səviyyəsinə tam şəkildə cavab vermir.
Ona görə də, həm aeroportun yeni binasının həm də yeni uçuş-enmə zolaqlarının tikilməsinə başlanıb. Burada bütün xidmət infrastrukturu da yenidən qurulacaq. Bütün bu işlər Heydər Əliyev Beynəlxalq Aeroportunun dünya miqyasında ən gözəl, ən müasir və ən səviyyəli aeroportların sırasına daxil edilməsinə gətirib çıxaracaq.
Digər böyük infrastruktur layihələri sırasında Beynəlxalq Dəniz Ticarət Limanını qeyd etmək lazımdır. Bundan başqa, gəmiqayırma zavodunun da tikintisi gedir. Bütün bunlar, təbii ki, Azərbaycanın nəqliyyat imkanlarını yüksək dərəcədə artıracaqdır. Növbəti aylar ərzində yeni gəmilərin, bərələrin alınması nəzərdə tutulur. Çünki Azərbaycan üzərindən yükdaşımaların həcmi artmaqdadır.
Prezident İlham Əliyev hökumətin sonuncu müşavirəsində deyib: "Baxmayaraq ki, son illərdə biz ona yaxın yeni müasir tanker, yük gəmiləri almışıq, buna yenə də ehtiyac var: "Nəzərə almalıyıq ki, 2012-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilməlidir. Biz bütün hazırlıq işlərini elə qurmalıyıq ki, Bakı-Tbilisi-Qars dəmir yolu istismara veriləndən sonra bir gün də yubanma olmasın. Ona görə, yeni bərələrin alınması məsələləri qoyulubdur və bu il o məsələlər öz həllini tapacaqdır".
Magistral yollar və daxili yollar yenidən qurulur
Dövlət başçısı bildirir ki, magistral yolların tikintisi ilə bağlı əlavə tədbirlər görülməlidir: "Bütün magistral yollarda işlər gedir. Şəhərlərarası yollar, kənd yolları tikilir. Hesab edirəm ki, biz ilin sonuna qədər bu sahədə əlavə vəsaitin ayrılması hesabına işi daha da sürətləndirməliyik. Xüsusilə, Bakı-Rusiya sərhədi yolunun davam etdirilməsi üçün əlavə vəsait nəzərdə tutulmalıdır ki, biz bu yolun tikintisini tezliklə başa vuraq.
Yolun böyük hissəsi artıq beynəlxalq standartlara uyğundur. Sərhədə yaxın olan qalan hissənin tikintisini də tezliklə təmin etməliyik. Bakı-Gürcüstan yolunun bir hissəsi ikizolaqlı, bir hissəsi dördzolaqlıdır.
Nəzərə alsaq ki, o yoldan istifadə çox intensiv xarakter daşıyır, biz ikizolaqlı hissəni dörd zolağa genişləndirməliyik. Bu tapşırığı da verirəm ki, Bakıdan Gürcüstan sərhədinə qədər bu yolun hamısı dördzolaqlı olsun.
Bu layihəyə başlamaq üçün əlavə vəsait nəzərdə tutulmalıdır. Bakı-İran sərhədi yolunun inşası cədvəl üzrə gedir. Bu yol bəri başdan dördzolaqlı kimi nəzərdə tutulmuşdur. Orada bütün işlər cədvəl üzrə gedir. Yolların tikintisi ilə vaxtaşırı tanış oluram və işlər lazımi səviyyədə görülür.
Bakı-Şamaxı yolu. O da demək olar ki, Bakı-Balakən sərhəd yolunun bir hissəsidir. O da yenidən qurulub. İkizolaqlı yol kimi qurulub. Hesab edirəm, bu yolu da dörd zolağa genişləndirmək üçün əlavə tədbirlər görülməlidir ki, bu yolla gedib-gəlmək daha da rahat olsun".
Bakıda yeni qovşaqlar, körpülər, tunellər tikilir. Bakı qəsəbələrinin inkişaf proqramı çərçivəsində qəsəbələrarası yolların tikintisi də nəzərdə tutulur. Lakin respublikanın kənd yolları da diqqətdən kənarda qalmır.
Dövlət başçısı bildirib ki, bu il və gələn il kənd yollarının tikintisi üçün dövlət büdcəsində əlavə vəsait nəzərdə tutulmalıdır: "Onun bir hissəsi, yəqin ki, Prezidentin Ehtiyat Fondundan ayrılacaq, əsas hissəsi isə dövlət büdcəsində nəzərdə tutulmalıdır. Elə etməliyik ki, növbəti 2 il ərzində Azərbaycanda əsas kənd yolları normal səviyyəyə cavab versin.
Xüsusilə, o yollar ki, bir neçə kəndi və böyük sayda əhalini birləşdirir. Deyə bilərəm ki, 2004-2010-cu illərdə ölkəmizdə 5 min 200 kilometr yollar çəkilibdir və bu proses, yenə də deyirəm, davam etdirilməlidir".
Cari prioritetlər və həll olunası
problemlər
Ümumiyyətlə, həyata keçirilən uğurlu inkişaf strategiyası ölkəmizin dünyanın siyasi və iqtisadi sisteminə tam inteqrasiyasına imkan yaradıb. Təkcə ötən il siyasi, iqtisadi, mədəni və humanitar sahələri əhatə edən 100-dən artıq beynəlxalq müqavilə imzalanıb.
Aparılan düşünülmüş və məqsədyönlü xarici siyasət və ölkənin mövcud potensialı beynəlxalq iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə səbəb olub. Belə ki, 2010-cu ildə 147 ölkə ilə xarici ticarət əməliyyatları aparılıb, mal dövriyyəsi 34,1 faiz artıb, 14,7 milyard dollar məbləğində müsbət saldo əldə olunub. İxracda enerji daşıyıcıları istisna olmaqla, 17,8 faizlik artım qeydə alınıb.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin 1-ci rübünün sosial-iqtisadi yekunlarının müzakirəsinə həsr olunmuş iclasındakı nitqində əldə olunan nailiyyətləri yüksək qiymətləndirib, cari ilin ölkəmizin hərtərəfli inkişafı üçün uğurlu il olacağını bildirib.
Bununla yanaşı, dövlət başçısı iqtisadiyyatdakı mövcud problemləri açıqlanıb, hökumətin qarşısında duran konkret vəzifələrin makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı, sahibkarların dəstəklənməsi, azad rəqabətin təmin edilməsi, vergi bazasının genişləndirilməsi, kənd təsərrüfatının inkişafının stimullaşdırılması üçün əlavə tədbirlərin görülməsi, istehsal və sosial infrastrukturun müasirləşdirilməsi, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, əsassız yoxlamaların aradan qaldırılması və s. olduğunu müəyyən edib.
Beləliklə, Azərbaycanda gedən hərtərəfli sürətli inkişaf dövlətimizin möhkəmlənməsinə, xalqımızın rifah halının yüksəlməsinə gətirib çıxarıb. Cari ildə və gələcək illərdə bu uğurların daha böyük miqyasda davam edəcəyinə şübhə yoxdur.
Elçin Bayramlı
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...