Azərbaycan Respublikasında "2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncam ölkəmizdə turizm sənayesinin və infrastrukturunun daha da inkişafına və möhkəmləndirilməsinə təkan verir.
Dövlət başçısının imzaladığı Sərəncam turizm sahəsində dövlət və bələdiyyə orqanlarının əlaqəli fəaliyyətini daha da gücləndirir. Eyni zamanda, müxtəlif turizm sahələri üzrə infrastrukturun yenilənməsi və yaradılması xarici turistlərin respublikamıza marağını artırır. Xarici valyutanın ölkəyə axınını gücləndirir. Bu da, öz növbəsində, iqtisadiyyata bilavasitə müsbət təsirini göstərməkdədir. Mövcud Dövlət Proqramı ilə yanaşı, Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin "Turizm ili" elan edilməsi Azərbaycanda bu sahənin yaxşılaşdırılması və genişləndirilməsinə sürətli təkan verməkdədir.
Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq turizm qiymətləri ilə bağlı monitorinqlər aparır. Belə ki, bunun nətcəsi olaraq bu il yay mövsümündə real olaraq turizm qiymətləri 15-20 faiz aşağı salınıb. Üstəlik, Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən şirkətlər həm qalmaq, həm də digər əlavə xidmətlər təklif edirlər. Bu baxımdan, ötən illərlə müqayisədə artıq ölkəmizə gələn turistlərin axınının artması ilə müşahidə olunmaqdadır. Turizm sahəsinin xüsusi sektoru olan ekoturizm də Azərbaycana turistlərin marağının artmasına səbəb olur. Dünya turizm bazarının təqribən 10 faizini ekoturizm əhatə edir. Bu sektorun inkişaf sürəti isə bütövlükdə turizm sənayesinin inkişaf sürətindən 2-3 dəfə artıqdır. Ekoturizm təbiət turizminin mühüm tərkib hissəsidir, turizmin konkret forması olmaqla onun ətraf mühitə təsiri də müxtəlif formada təzahür edir. Son 15 il ərzində dünyada turizmin bu növünün sürətli inkişafı istirahət rayonlarının (dağ kurortları, isti dəniz sahilləri) daha çox "mədəniləşdirilməsi" ilə izah olunur. Azərbaycanda ekoturizmin inkişafına konkret səbəb ola biləcək amillər var. İlk növbədə, milli və təbiət parkları, qoruqlar və digər mühafizə olunan təbii ərazilər səyahətlər üçün sərfəlidir. Bu baxımdan Azərbaycanının səfalı məkanları çox olduğundan xarici turist səfərləri də respublikamıza nəzərəçarpacaq dərəcədə artmaqdadır.
Bu və ya digər əsaslı səbəblərin nəticəsidir ki, ötən illərlə müqayisədə Azərbaycanın turizm məkanlarına səyahət edənlərin sayında fərqli dəyişikliklər diqqəti cəlb edir. Dövlət Proqramı və "Turizm ili" elan olunması ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Tarixi abidələrin və görməli yerlərin yeni marşrutları hazırlanıb. Həyata keçirilən tədbirlər yerli və xarici turistlərin razılığına gətirib çıxarıb.
Turizmin sürətlə inkişaf etdirilməsi məqsədi ilə bir sıra işlər hələ də görülməkdədir. Belə ki, Prezident İlham Əliyevin Azərbaycanda elmin inkişafına göstərdiyi diqqət sayəsində AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası da öz görkəmini dəyişir. Ölkə başçısının müvafiq sərəncamları əsasında ayrılmış vəsait hesabına burada irihəcmli işlər görülür. Şamaxıdan 22 kilometr şimalda, gözəl təbii iqlim şəraitinə malik ərazidə yerləşən bu elmi mərkəz nəinki yerli, beynəlxalq turizm üçün də yüksək potensiala malikdir. Təsadüfi deyil ki, hazırda ərazidə turist şəhərciyi salınır. Şəhərcikdə 10 birmərtəbəli və ikimərtəbəli kottec, 16 yerlik motel, 150 yerlik yeməkxana binası tikilir. Uşaq bağçasının, tibb məntəqəsinin və digər obyektlərin inşası da nəzərdə tutulmuşdur. Müasir kommunikasiya sistemləri və yaradılan şərait turistlərə ən yüksək səviyyədə xidmət göstərməyə imkan verəcəkdir.
Qeyd edək ki, Şamaxı Astrofizika Rəsədxanası 1966-cı ildən fəaliyyətə başlayıb. Dəniz səviyyəsindən 1470 metr hündürlükdə, Pirqulu dağının zirvəsində yerləşən elmi mərkəz 25 hektar ərazini əhatə edir. Burada Almaniya istehsalı olan 6 teleskop vasitəsilə tədqiqatlar aparılır. Fəaliyyət göstərdiyi müddətdə rəsədxana nadir elmi tapıntılar, ixtiralarla dünya elminə maraqlı töhfələr verib.
Azərbaycanda mövcud olan belə məkanlar, dünya standartlarına cavab verə biləcək yeni hotellərin inşası, flora və faunası, yeraltı və yerüstü sərvətləri xarici turistlərin ölkəmizə olan marağını artırmaqdadır. Statistik göstəriciləri əsas götürsək, deyə bilərik ki, təkcə İsmayıllı rayonunda böyük dönüş müşahidə olunmaqdadır. Azərbaycanın turizm potensialı yüksək olan bölgələrdən biri olan İsmayıllı rayonu ekoturizm məkanı olduğundan son illər rayona gələn turistlərin sayı sürətlə artır. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, bu göstərici 2009-cu ildə 15 min nəfər, 2010-cu ildə 25 min nəfər idisə, təkcə bu ilin 6 ayında rayona 27 min 500 nəfər turist səfər edib. Hazırda Talıstan kəndinin cənubunda beynəlxalq standartlara cavab verən Turist Hotel İstirahət Mərkəzi də inşa olunur.
Bütün bunlar Azərbaycanı dünyanın ən cəlbedici, istirahət üçün əlverişli turist məkanına çevirəcək.
NƏZAKƏT ƏLƏDDİNQIZI
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...