Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına görə, yalnız 2003-2010-cu illərdə ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 3 dəfədən çox artaraq 4,3 milyard dollardan 14 milyard, o cümlədən, xarici investisiyaların həcmi 1,8 dəfə artaraq 3,3 milyard dollardan 5,5 milyard, daxili investisiyaların həcmi isə 8 dəfə artaraq 955,2 milyon dollardan 8 milyard dollara çatıb. Məhz bu investisiyalar nəticəsində yaradılan yeni müəssisələrdə yüz minlərlə iş yeri yaradılıb.
Müstəqillik illərində, xüsusilə də, 2003-2008-ci illərdə respublikamızda əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və işsizlik səviyyəsinin azaldılması sahəsində əldə olunmuş nailiyyətlərin əsas səbəblərindən biri də ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artması ilə bağlıdır.
Onu da qeyd etmək lazımdır ki, son illər ölkəmizin bütün regionlarında böyük quruculuq işlərinin aparılmasına baxmayaraq, 2009-cu ildə ölkə iqtisadiyyatında muzdla işləyənlərin 683,8 min nəfəri (49,3 faizi), yeni yaradılmış iş yerlərinin 25,5 mini (34,6 faizi), o cümlədən, yeni yaradılmış daimi iş yerlərinin 24,4 mini (44,8 faizi) Bakı şəhəri və Abşeron iqtisadi rayonunun payına düşüb.
Halbuki 2011-ci ilin əvvəlinə olan məlumatlara əsasən, respublikanın məşğulluq xidməti orqanları tərəfindən işsizlik statusu verilən vətəndaşların cəmi 13,7 min nəfəri və ya 39,4 faizi bu regionda məskunlaşıb. Bu rəqəmlərdən bir daha aydın olur ki, hələ də ölkə ərazisində məhsuldar qüvvələrin inkişaf etdirilib yerləşdirilməsi zamanı ayrı-ayrı regionların malik olduğu əmək potensialının kəmiyyət-keyfiyyət tərkibi və onların iqtisadiyyata cəlb edilməsi imkanları lazımi dərəcədə qiymətləndirilib nəzərə alınmır.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda irəli sürülmüş mühüm vəzifələrdən biri də əmək potensialı və insan kapitalından səmərəli istifadə edilməsi, regionlarda əhalinin səmərəli məşğulluğunun təmin olunmasına kömək göstərən yeni iş yerlərinin yaradılmasını məhdudlaşdıran amillərin aradan qaldırılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi və sahibkarlığın inkişafının daha da gücləndirilməsidir. Çünki son illər məşğulluq probleminin həlli sahəsində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində əldə edilmiş nailiyyətlərə baxmayaraq, ölkədə mövcud olan əməkqabiliyyətli əhalinin bir qismi müxtəlif obyektiv və subyektiv səbəblər üzündən hələ də işsizdir.
Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən, Beynəlxalq Əmək Təşkilatının (BƏT) metodologiyası üzrə 2010-cu ilin əvvəlinə ölkəmizdə mövcud olan iqtisadi fəal əhalinin 6,2, o cümlədən, kişilərin 5,2, qadınların isə 7,1 faizi işsiz qalıb.
Qeyd etmək lazımdır ki, hətta inkişaf etmiş ölkələrin özlərində belə əməkqabiliyyətli əhalinin təbii işsizliyin minimum səviyyəsi 5-7 faiz olması məqbul hal hesab edilir. Hazırda bu göstərici ABŞ, Böyük Britaniya, İtaliya, Fransa, Yaponiya, İsveç, İsveçrə, Niderland, Kanada, Norveç kimi ölkələrdə 4,1-10,2 faiz arasındadır. Ancaq bu da bir həqiqətdir ki, hazırda Azərbaycanda dövlət məşğulluq xidməti orqanlarında rəsmi qeydiyyatdan keçərək işlə təmin olunmaq üçün işsizlik statusu alanların sayı işsizlərin sayından 6,3 dəfə azdır.
Məşğulluq xidməti orqanlarında işsizlərin uçota durmalarının belə az olmasına səbəb bir tərəfdən işçilərlə işəgötürənlər arasında əmək münasibətlərinin hüquqi çərçivədə qeydə alınmaması hallarının mövcud olması ilə bağlıdırsa, digər tərəfdən, işəgötürənlər tərəfindən təqdim edilən iş yerlərində verilən əməkhaqqının və işsizliyə görə ödənilməsi nəzərdə tutulan müavinətlərin məbləğinin aşağı olması, habelə, qeyd edilən məşğulluq xidməti orqanlarında çalışan bəzi əməkdaşların vəzifə borclarına məsuliyyətsiz yanaşaraq vətəndaşların qeydiyyata alınması sahəsində müəyyən çətinliklər və bürokratik əngəllər yaratmalarıdır. Buna görə də həmin sahədə ciddi qayda-qanun yaradılmalı, orada çalışan vəzifəli şəxslərin məsuliyyəti artırılmalı və bu sahəyə dövlət nəzarəti daha da gücləndirilməlidir.
1991-2009-cu illəri əhatə edən 18 il ərzində respublikamızda mövcud olan əmək ehtiyatlarının sayı 42 faiz artaraq 5866 min, iqtisadiyyatda məşğul olanların sayı 9,1 faiz artaraq 4071,6 min, iqtisadiyyatda məşğul olmayan əmək ehtiyatlarının sayı 4,5 dəfə artaraq 1794,4 min nəfərə çatıb.
Hazırda Azərbaycanda mövcud olan iqtisadi fəal əhalinin sayı 4331,8 min nəfərdir. Onların 2201,8 min nəfərini (50,8 faizini) kişilər, 2130 min nəfərini (49,2 faizini) qadınlar təşkil edir. Həmin iqtisadi fəal əhalinin 4071,6 min nəfəri (94 faizi) məşğul, 260,2 min nəfəri (6 faizi) işsiz əhalidir. İqtisadi fəal kişilərin 94,8 faizini məşğul əhali, 5,2 faizini işsizlər təşkil edir. İqtisadi fəal qadınların isə 93,1 faizi məşğul olanlar, 6,9 faizi işsizlərdir.
Hesablamalar göstərir ki, yaxın 15-20 il ərzində ölkəmizdə və onun əksər regionlarında əhalinin və onun tərkib hissəsini təşkil edən əmək ehtiyatlarının artım surəti azalacağı halda belə, mövcud olacaq əmək ehtiyatlarının sayı indikindən xeyli çox və onun keyfiyyət tərkibi indikinə nisbətən daha təkmil olacaq. Bu səbəbdən yaxın və uzaq gələcəkdə də ölkəmizdə mövcud olan əmək potensialından dolğun və səmərəli istifadə edilməsi üçün dövlət səviyyəsində daha ciddi tədbirlər görülməsi lazım gələcək.
Ölkəmizdə və onun ayrı-ayrı regionlarında əhalinin səmərəli məşğulluğunun həlli müəyyən dərəcədə məşğulluq sahəsində gender bərabərliyinin təmin edilməsindən asılıdır. 2011-ci ilin əvvəlinə olan məlumatlara əsasən, ölkə əhalisinin 51,2, iqtisadi fəal əhalinin 49,2, məşğul əhalinin 48,7, işsiz əhalinin 56,1, işsizlik statusu alanların 44 faizini qadınlar təşkil edir.
Ekspertlər hesab edirlər ki, gələcəkdə respublikamızda və onun ayrı-ayrı regionlarında əhalinin səmərəli məşğulluğunun təmin edilməsi onların həyat səviyyəsi və onun keyfiyyətinin yüksəldilməsi, əhalinin qeyri-səmərəli və qeyri-mütəşəkkil miqrasiyasının qarşısının alınması, bütün regionlarda əhalinin normal təbii-təkrar istehsalı prosesinin həyata keçirilməsi, hər bir ərazidə mövcud olan və yeni yaradılan iş yerləri ilə əmək potensialının kəmiyyət-keyfiyyət tərkibi, iş yerlərinə olan tələb və təklif arasındakı qeyri-normal nisbətlərin aradan qaldırılması mexanizminin işlənib hazırlanması və həyata keçirilməsindən də çox asılıdır.
Bunun üçün müxtəlif ərazilərdə xarici investisiyalı və birgə müəssisələrin, kiçik biznesin, fərdi və xüsusi müəssisələrin inkişafına lazımi diqqət yetirilməli və ona dövlət qayğısı daha da artırılmalıdır.
Elçin Bayramlı
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...