Ötən il Azərbaycanda bütövlükdə 50,7 mln. ton neft və 26 mlrd. kubm qaz hasil olunub. Nəticədə, 1997-ci ilə nisbətən neft hasilatı 5,6 dəfə, 2004-cü ilə nisbətən qaz hasilatı 5,2 dəfə artıb. Ölkədə istehsal olunan təbii qazın həcmi sürətlə artmasından və yeni böyük yataqların kəşf olunmasından sonra qazın nəqli ilə bağlı müzakirələr daha da intensivləşib. Son vaxtlar region ölkələrinin gündəmində olan məsələlərdən biri də Xəzər qazının Avropaya hansı marşrutla nəql olunacağı ilə bağlıdır.
"Şahdəniz"də 1,2 trln kubm qaz var
Ölkədə hasil olunan neft və qazın əsas hissəsi Xəzərin milli sektorunda yerləşən müvafiq olaraq "Azəri-Çıraq-Günəşli" ("AÇG") və "Şahdəniz" perspektiv strukturlarından əldə edilir. Belə ki, hazırda "AÇG"də 60 quyu istismar olunur, gündə 110 min ton neft və 38 min kubmetr qaz hasil edilir. Ümumiyyətlə, "AÇG"-nin işlənməsinə başlanan gündən 238 mln. ton neft və 60 mlrd. kubmetr qaz əldə olunub. Bunun 111 mln. tonunu Azərbaycanın mənfəət nefti təşkil edib.
Artıq Azərbaycanda kəşf olunmuş iri yataqların işlənməsinə başlanılır. Bakıda keçirilən "Xəzər neft, qaz, neftayırma və neft kimyası-2011" beynəlxalq konfransında çıxış edən ARDNŞ-ın I vitse-prezidenti X.Yusifzadə qeyd edib ki, ARDNŞ və BP şirkəti dərin laylarda qaz ehtiyatlarının işlənməsi layihəsi üzrə hazırlıq işləri aparır və artıq 2017-ci ildə hasilata başlanması planlaşdırılır.
Qaz nəqli 50 milyard kubm-i ötəcək
Məlum olduğu kimi, bu gün Avropanın istehlak etdiyi enerjinin 70%-i kənardan idxal olunur, 2013-cü ildə isə Avropanın istifadə edəcəyi qazın 85%-dək hissəsi xaricdən alınacaq və bu baxımdan Avropa bazarında həm Azərbaycan, həm də digər ölkələrin qazı üçün satış imkanları yüksələcək.
ARDNŞ-dən "İki sahil" qəzetinə verilən məlumata görə, Azərbaycan ərazisi ilə 2020-2025-ci illərdə 50-55 mlrd. kubmetr həcmində qazın nəql olunacağı gözlənilir. Bura həm "Şahdəniz-2" layihəsi, həm ölkədəki digər yataqlardan hasil olunan, həm də qonşu ölkələr - Türkmənistan və Qazaxıstandan tranzitlə göndərilən qaz aiddir. Qeyd edək ki, ümumi dəyəri 40 mlrd. dollara yaxın olan "Şahdəniz-2" layihəsi üzrə qazın ixracına 2017-ci ildən başlanacaq.
Azərbaycan və Türkmənistan arasında "Transxəzər" qaz kəmərinin tikintisi ilə bağlı kifayət qədər ümidverici danışıqlar gedir. Bu barədə bu günlərdə Bakıda keçirilən konfransda bildirilib. Ümid edilir ki, bu danışıqlar hökumətlər arasında müvafiq müqaviləyə şərait yarada bilər, çünki bu layihə həm də kommersiya cəhətdən sərfəlidir.
Xəzər qazı Avropaya hansı marşrutla çatdırılacaq?
İTGİ (Türkiyə-Yunanıstan-İtaliya) qaz kəmərinin inşası layihəsi Azərbaycanın ixrac etdiyi qazın nəqli ilə Cənub Dəhlizinin realizəsinə start verə bilər. Avropa qazın nəqlinin Türkiyə və Yunanıstan ərazisi ilə təşkil edilməsini istəyir.
TransAdriatik qaz kəmərinin (TAP) inşası layihəsi üzrə son qərarı isə "Şahdəniz" konsorsiumu verəcək. Layihə çərçivəsində ilkin olaraq 10 mlrd. kubm həcmində qazın Avropaya çatdırılması planlaşdırılır ki, sonrakı mərhələdə nəqletmə 20 mlrd. kubm-ə çatdırılacaq.
Kəmərin tikintisinə 2013-cü ildə, qazın nəqlinə isə 2017-ci ildə başlanacağı gözlənilir. Marşrut xətti 2011-ci ilin sonunadək müəyyənləşəcək, hazırda 16 marşruta baxılır. TAP qazın Avropa bazarlarına çatdırılması üçün ən qısa marşrut hesab olunur.
Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq layihənin ümumi dəyəri təxminən 1,5 mlrd. avro təşkil edir. Azərbaycanın əldə edəcəyi gəlirlər isə on milyardlarla ölçülür. Lakin burada təkcə iqtisadi gəlirləri deyil, siyasi dividendləri də nəzərə almaq lazımdır.
Elçin Bayramlı
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...