Bakı Metropoliteni yenilikləri davam etdirəcək. "Dərnəgül" stansiyası istismara verildikdən sonra, hazırda metropolitendə üçüncü xəttin tikintisinə başlanılıb. Metropolitendən SİA-ya verilən məlumata görə, bu xətt Bakı Beynəlxalq Avtovağzalında tikilən metro stansiyasını paytaxtın mərkəzi - Azadlıq meydanı ilə birləşdirəcək: "6 stansiyadan ibarət olacaq xəttin ilk stansiyası "Avtovağzal", ikincisi "Memar Əcəmi" olacaq. Bundan sonra "Memar Əcəmi" keçid stansiyasına çevriləcək. Yeni metro xəttinin 3-cü stansiyası "Papanin"ə, 4-cü stansiya İdman-Konsert Kompleksinin aşağı hissəsinə, 5-ci stansiyası Heydər Əliyev Sarayının arxa hissəsində tikilən "Qış bulvarı" na, 6-cı stansiya isə Azadlıq meydanına çıxacaq. Yeni stansiyaların bir necə çıxış xətti olacaq". Qurumdan verilən məlumata görə, "Avtovağzal" stansiyasında 2 paralel tunelin qazıntısına da başlanıb: "İşlər Almaniya və ABŞ-dan alınmış ən müasir və bahalı qazma qurğuları - "Robbins" (ABŞ) və "Herrenknecht" (Almaniya) vasitəsi ilə aparılır. 2015-16-cı illərdə xəttin ilk üç stansiyasının hazır olması nəzərdə tutulur. "Azadlıq meydanı"na isə metro ən geci 2018-ci ildə çatacaq. Tikinti işlərinin sürəti yerin quruluşundan və geologiyasından da asılıdır. Metronun inkişaf strategiyasına əsasən, 2030-cu ilədək stansiyaların sayı 76- ya, tunellərin uzunluğu isə 119 km-ə çatdırılacaq".
Metropolitendə "Həzi Aslanov-2"-"Köhnə Günəşli" və "Yeni Günəşli" stansiyalarının və Dərnəgüldə elektrik deposunun tikintisi istiqamətində də iş görüldüyü bildirildi: "Bu işlər yeni baş sxemə uyğun olaraq aparılır. Bakının Baş planı və əhalinin məskunlaşması nəzərə alınmaqla hazırlanan plana uyğun olaraq "Həzi Aslanov" stansiyasından Yeni Günəşli, Köhnə Günəşli, Qaraçuxur, Bakıxanov qəsəbələrinin hər birində yeni stansiyaların tikintisi nəzərdə tutulur. Bundan başqa, "Müşfiq" şərti adı ilə "Əzizbəyov-2", "Neftçilər-2" stansiyalarının və 1 deponun tikiləcəyi planlaşdırılıb. Həmçinin "Memar Əcəmi" xəttindən Biləcəriyə, yeni tikilən avtovağzala, oradan isə Xırdalana xətt çəkiləcək. "İçərişəhər" stansiyasından da metro xəttinin çəkilməsi nəzərdə tutulub. Bununla belə mövcud stansiyaların yenidən qurulması məsələsi də gündəmdədir. 2040-cı ilədək Bakıda 25-ə qədər yeni metro stansiyasının tikintisi nəzərdə tutulub".
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...