Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atılır. İqtisadi sahədə liberallaşma siyasəti aparılır, Azərbaycanda biznes strukturları güclənir. Məhz bu səbəbdən özəl sektorun Azərbaycanın ümumi daxili məhsulundakı payı 80 faizə çatıb.
Qısa müddət ərzində həm siyasi və eyni zamanda, iqtisadi islahatlar nəticəsində Azərbaycanda liberal iqtisadiyyat tam formalaşıb, bazar iqtisadiyyatı prinsipləri tam qüvvəyə minib. Bu, Azərbaycana öz iqtisadi imkanlarını önəmli dərəcədə artırmağa imkan verdi.
Müstəqilliyimizin ilk illərində iqtisadi inkişafın təkanvericisi neft-qaz sektoru olub. Amma eyni zamanda, hökumətin enerji sahəsində apardığı təşəbbüslər nəticəsində Azərbaycan qeyri-neft sektorunun inkişafına da nail ola bilib. Bu gün Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəlidir. Məhz buna görə 2-3 il bundan öncə dünyada neftin qiyməti kəskin şəkildə aşağı düşəndə, Azərbaycan böyük çətinliklərlə üzləşmədi. Hətta o illərdə ki, dünyada neftin qiyməti 4-5 dəfə aşağı düşsə də, Azərbaycan iqtisadiyyatı 8-9 faiz artmışdı.
Təbii ki, bu artım məhz qeyri-neft sektorunun inkişafı hesabına baş verir. Qeyd etmək lazımdır ki, qeyri-neft sektorunun inkişafı üçün dövlət proqramları həlledici rol oynayır. 2004-cü ildən bu günə qədər regionların inkişafı ilə bağlı artıq ikinci Dövlət Proqramı icra edilir. Eyni zamanda, xarici investorların Azərbaycana olan marağı və qoyulan investisiyalar da az rol oynamır.
Azərbaycan birbaşa xarici sərmayələrin həcminə görə MDB məkanında ənənəvi olaraq birinci sıralardadır. Təkcə keçən il ölkə iqtisadiyyatına 16 milyard dollardan çox vəsait qoyulub. Onun əksəriyyəti daxili sərmayələrdir, ancaq xarici sərmayələr də mühüm yer tutur. Xarici sərmayələr Azərbaycanda lazımi səviyyədə qorunur, o cümlədən, qanunvericilik bunu təmin edir.
Azərbaycanda kənd təsərrüfatının inkişafında xarici sərmayələr önəmli rol oynayır, turizmin inkişafında onların rolu kifayət qədər böyükdür. Daxili sərmayələrin ümumi investisiyalardakı payının artması, onu göstərir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi əhəmiyyət verilir.
Azərbaycanda kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Hazırda ölkədə internet istifadəçilərinin sayı 50 faizə çatıb, gələn il Azərbaycan ilk telekommunikasiya peykini orbitə buraxacaq. Lakin bütün bunlar enerji sektorunun arxa plana keçirilməsini şərtləndirmir.
Azərbaycanın zəngin neft və qaz yataqları var, bunlar Azərbaycan xalqına xidmət edir. Eyni zamanda, bu resursların, bu sahədə layihələrin regional əməkdaşlığın dərinləşməsi üçün də böyük önəmi var. Azərbaycan enerji siyasəti baxımından çox etibarlı tərəfdaşdır. Avropa Birliyi ilə bu istiqamətdə əməkdaşlıq var və bu ilin yanvarında AB ilə Azərbaycan arasında "Cənub qaz dəhlizi haqqında" bəyannamə imzalanıb.
Qeyd etmək lazımdır ki, Azərbaycanın qaz ehtiyatlarının təsdiq edilmiş səviyyəsi 2,2 trilyon kubmetrdir və bu imkan verir ki, bundan sonra ən azı 100 il ərzində Azərbaycan özünü və qonşu ölkələri, Avropa ölkələrini təbii qazla lazımi səviyyədə təmin etsin.
Son illərdə Azərbaycan iqtisadiyyatı irəliyə doğru böyük bir addım atıb. Bu, təkcə enerji sektoruna aid deyil, həm də yeni sahələrdə yeni imkanlar yaradılır. İlk yarımilin nəticələri də göstərdi ki, ölkəmizdə tarazlı və davamlı inkişaf prosesi gedir.
Ötən 6 ayda ən sevindirici məqamlardan biri odur ki, Azərbaycanda qeyri-neft sektoru artıb. Bu istiqamətdə artım 7,2 faiz təşkil edib. Qeyd edək ki, ötən 6 ayda kənd təsərrüfatında artım 6,2 faiz təşkil edib.
Bu, əslində, son illər ərzində aparılan islahatların nəticəsidir. Çünki ölkə Prezidentinin və hökumətin əsas məqsədi qeyri-neft sektorunun inkişafıdır, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin təmin edilməsidir.
7,2 faiz səviyyəsində artan qeyri-neft sektorunun göstəriciləri ölkənin tarazlı inkişafının göstəricisidir. Bu, onu göstərir ki, ölkə dinamik inkişaf edir. Azərbaycan iqtisadiyyatının enerji amilindən asılılığı azalır. Eyni zamanda, onu deməyə əsas verir ki, növbəti illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əlavə imkanlar yaranacaq.
Dövlət başçısı hökumətin müşavirəsində ilk yarımildəki inkişafı müsbət qiymətləndirib: "Bir sözlə, ölkəmizin ümumi inkişafı bu 6 ayda çox uğurlu, dinamik olmuşdur. Yenə də deyirəm, bütün iqtisadi infrastruktur və sosial məsələlər öz həllini tapmışdır.
İlin birinci yarısında büdcəyə düzəlişlər edilmişdir. Bunun nəticəsində, ilk dəfə olaraq, Azərbaycan büdcəsi- büdcə xərclərimiz 20 milyard dollara çatmışdır ki, bu da rekord göstəricidir. Əlbəttə, bu, bizə imkan verir ki, ilin axırına qədər vacib olan infrastruktur və sosial məsələlərin həlli üçün əlavə maddi imkanları ortaya qoyaq".
Onu da qeyd etmək lazımdır ki, ölkəmizin strateji valyuta ehtiyatları artır. İlin əvvəlindən ehtiyatlar 9 milyard dollar artıb. Bu, onu göstərir ki, həm əldə edilmiş gəlirlər ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan sahələrə məqsədyönlü şəkildə xərclənir, həm də valyuta ehtiyatları daha da artırılır.
Bütövlükdə, hazırda ölkəmizin strateji valyuta ehtiyatları 38 milyard dollar səviyyəsindədir. Bu, çox böyük rəqəmdir və şübhə yoxdur ki, bu rəqəm ilin sonuna 40 milyardlıq həddi xeyli keçəcək.
Prezident maliyyə ehtiyatlarının artmasının əhəmiyyətini yüksək dəyərləndirib: "Bu, bizə imkan verir ki, ölkə iqtisadiyyatının inkişafını təmin edək, insanların sosial problemlərinin həlli üçün əlavə maliyyə resursları cəlb edək. Bir sözlə, ölkə iqtisadiyyatının hərtərəfli inkişafına nail olaq".
İlk yarımildə əhalinin pul gəlirləri 17 faiz artıb. İnflyasiya isə cəmi 8,8 faiz artıb. Bu da, onu göstərir ki, yenə də insanların rifah halının yaxşılaşdırılması üçün yaxşı şərait yaranıb. Demək, Azərbaycanda iqtisadi inkişafın bəhrələrini Azərbaycan xalqı öz yaşamında daha aydın görür.
Elçin Bayramlı
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...