PDF Oxu

İqtisadiyyat

  • 34

Sahibkarlığın inkişafı daha dinamik xarakter alır

Sahibkarlığın inkişafı daha dinamik xarakter alır

Son illər Azərbaycanın sosial-iqtisadi həyatının bütün sahələrində - istər dövlət quruculuğunun möhkəmləndirilməsində, istərsə də neft və qeyri-neft sektorunun inkişafında, regionlarda iqtisadi fəallığın və təşəbbüskarlığın artmasında, yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun artırılmasında, yoxsulluğun səviyyəsinin azaldılmasında müsbət nəticələr əldə edilmişdir. Bazar iqtisadiyyatının ən vacib atributlarından hesab edilən sahibkarlığın dinamik inkişafı ölkə rəhbərliyi tərəfindən həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən olaraq qalır. Bu kontekstdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlığın bütün növləri indi sürətli tərəqqi yolundadır. Bunun nəticəsidir ki, artıq ölkəmizdə ümumi daxili məhsul istehsalında özəl sektorun payı davamlı olaraq artır, bu sahədə sahibkarlıq institutu aparıcı qüvvəyə çevrilir.

Qeyd edilənlər son nəticədə Azərbaycanda güclü sahibkarlar sinfinin formalaşmasına, onların iqtisadi inkişaf prosesində oynadıqları rolun daha da yüksəlməsinə gətirib çıxarıb. Cari ilin ilk yarısının sosial-iqtisadi yekunlarına da nəzər salmaqla bunun real mənzərəsini görmək mümkündür. Sözügedən dövr ərzində sahibkarlığın inkişafı üçün dövlət tərəfindən zəruri tədbirlər görülüb, bu sahədə fəaliyyət göstərənlərə yenə böyük diqqət və qayğı duyulub. Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı ölkə Prezidenti İlham Əliyev bununla bağlı bildirmişdir: "Həmişə olduğu kimi, bu ilin altı ayında da sahibkarlığın inkişafı üçün böyük tədbirlər görülmüşdür, kreditlər verilmişdir. Nəzərdə tutulan kreditlərin 60 faizə qədəri artıq verilmişdir. İlin sonunadək qalan hissə də veriləcəkdir. Beləliklə, bu il də özəl sektora güzəştli şərtlərlə kifayət qədər böyük həcmdə - 125 milyon manat kredit veriləcəkdir ki, bu da özlüyündə növbəti illərdə yeni istehsalların, iş yerlərinin açılmasına və qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir".

Aparılan təhlillər göstərir ki, cari ilin birinci yarısında ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayında ciddi artım baş verib. Belə ki, bu ilin yanvar-iyun ayları ərzində hüquqi və fiziki şəxslərin sayı daha da çoxalıb. Statistik rəqəmlərdən belə aydın olur ki, hesabat dövrü ərzində ölkəmizdə 2841 hüquqi şəxs qeydiyyatdan keçib. Onların 209-u dövlət mülkiyyətinə, 2354-ü xüsusi mülkiyyətə, 205-i tam xarici investisiyalı, 69-u isə birgə müəssisələrə aid olub. Yaradılan yeni müəssisələrin 50,7 faizi Bakıda, 10,6 faizi Aranda 7,8 faizi Abşeron və 7,1 faizi Lənkəran iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib. Bu da sahibkarlığın, eləcə də, ümumi iqtisadi inkişafın bütün Azərbaycan üzrə proporsional qaydada paylanmasının daha bir bariz göstəricisi hesab edilə bilər.

Onu da vurğulamaq lazımdır ki, dövlət başçısı İlham Əliyevin 23 may 2011-ci il tarixdə imzaladığı "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının icrası ilə əlaqədar və vergi ödəyiciləri ilə vergi orqanı əməkdaşlarının birbaşa təmaslarını məhdudlaşdırmaq məqsədilə görülən tədbirlər bu sahədə əsil inqilabi dönüş yaradıb. Artıq cari ilin iyul ayının 1-dən etibarən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin vergi orqanlarına gəlmədən İnternet Vergi İdarəsi vasitəsilə birbaşa on-layn rejimində qeydiyyata alınmasına başlanılıb. Beləliklə, vergi ödəyicilərinin on-layn qeydiyyatı sisteminin tətbiqi ilə fiziki şəxslər vergi orqanlarına getmədən, vaxt itkisinə yol vermədən Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində istifadəçi kodu və şifrə-parol vasitəsilə uçota alınırlar. Elektron qeydiyyat sisteminin tətbiqi vergi ödəyicilərinə göstərilən xidmətlərin optimal vaxtda həyata keçirilməsi, şəxslərin vergi orqanına gəlmə asılılığının minimuma endirilməsi, vergi ödəyiciləri ilə fiziki əlaqə formalarının məhdudlaşdırılması, eyni zamanda, həm vergi ödəyicilərində, həm də vergi orqanlarında vaxt və maddi resurs sərfiyyatının azaldılmasına geniş imkanlar açır. Bütün bunlar bir daha sahibkarlığın inkişafına dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğının real təzahürü kimi çıxış edir. Qeyd edək ki, cari ilin ilk altı ayı ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 823 sahibkarlıq subyektinə 72 milyon manat həcmində güzəştli kredit ayrılıb. Bu vəsaitin 72 faizi respublikanın regionlarının, 24 faizi isə Bakı qəsəbələrinin payına düşür. Vəsaitlərin 70 faizindən çoxu aqrar sektorun inkişafına yönəldilib. Ayrılan kreditlər hesabına yaradılan yeni iş yerlərinin sayı 3500 olub. Bütün bu faktlar, onu bir daha sübut edir ki, ümumi iqtisadi inkişafda sahibkarların xüsusi çəkisi artan xətt üzrə inkişaf edir. Digər tərəfdən o da olduqca önəmli amildir ki, bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilib və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük uğurla davam etdirilir. Çünki ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların tərəqqisinin sürətləndirilməsi sahəsində özəl sektorun əhəmiyyəti olduqca böyükdür. Əldə olunan nailiyyətlər isə məqsədyönlü dövlət siyasəti nəticəsində özəl sektorun dinamik yüksəliş mərhələsində olduğunu aydın göstərir.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər