Azərbaycanda artıq turizm intensiv sürətlə inkişaf edir. Buna səbəb ölkənin dünyanın 11 iqlim tipindən 9-na malik olması, dağı, meşəsi, dənizi, çayı, ecazkar təbiəti və külli miqdarda dərman bitkiləri, geniş sahələri, eləcə də, dövlət tərəfindən bu sahəyə göstərilən diqqətdir.
Qeyd edək ki, Azərbaycan turizmi müstəqil Azərbaycan dövlətinin yaranması ilə paralel olaraq inkişafdadır. Belə ki, əsası Ulu Öndər tərəfindən qoyulan ənənənin nəticəsi olaraq dövlətin müəyyən etdiyi qərarlar onun davamlı inkişafına səbəb olub. Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamı olaraq Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət ölkənin bütün sahələrinin inkişafında özünü büruzə verir. Belə ki, Prezidentin sərəncamları ilə "Azərbaycan turizmin inkişafına dair 2011-2015-ci illər Dövlət Proqramı", 2011-ci ili "Turizm ili" elan edilməsi, eləcə də, "2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq olunması turizmin sürətli inkişafına təkan verəcək. Turizm inkişaf etdirilməli və ölkəmizin ən prioritet sahələrindən biri olmalıdır.
Turizmin inkişafı ölkənin iqtisadiyyatının artması deməkdir. Belə ki, turizm ölkə iqtisadiyyatının əsasını təşkil edir. Eləcə də, Azərbaycanın dünyada tanınmasında turizmin inkişafı əsas amildir. Turizm sektorunun inkişafı ilə ölkəmizdə dünyanın ən müasir turizm obyektləri, mehmanxanalar, müalicə mərkəzləri, istirahət mərkəzləri yaradılır. Ekspertlərin fikrincə, Azərbaycan turizmi bu cür inkişaf edərsə, yaxın 5 -10 ildə öz əhalisinin sayı qədər turist qəbul edə bilər. Bu, təkcə maddi gəlirlə deyil, həm də Azərbaycanla tanışlığa öz töhfələrini verəcək. Azərbaycan, bütün sahələrdə olduğu kimi, turizm sahəsində də öz sözünü deyəcək.
Ölkədə iqtisadi inkişaf, yenidənqurma və abadlıq işlərinin görülməsi ölkənin daxili potensialı nəticəsində Azərbaycanda turizmin sürətli inkişafına gətirib çıxarıb. Yeni mehmanxana və hotellərin inşası və təmiri dövlət siyasətini həyata keçirilməsində əsaslı rola malikdir. Məlum olduğu kimi, ölkəmizdə dünya standartlarına cavab verən 5 beşulduzlu mehmanxana açılacaq ki, bu da dünyada analoqu olmayan bir hadisədir. Bununla yanaşı, paytaxtımızda yeni dördulduzlu, üçulduzlu hotellər də inşa olunmaqdadır. Azərbaycanın rayonlarında da bu sahədə işlər görülməkdədəir. Artıq ölkəmizin bölgələrində hotelçiliklə bağlı bir sıra işlər görülmüşdür ki, bu da ölkə turizminin durmadan inkişafını reallaşdıran amillərdir. Bütün bunlar ölkənin mənzərəsinə yeni bir ab-hava gətirir. Bu müasirlik turizm bazarının artmasına da təsirini göstərir. Ölkəmizə səfər edən turistlərin istirahətini tam təminatı üçün bu amillər əsas şərtlərdir. Bütün bunlarla yanaşı, "Şahdağ" qış-yay xizək kurortu, xizək infrastrukturu yaradılır. Bu da dövlət tərəfindən həyata keçirilən layihədir. "Şahdağ" kurort mərkəzi dünya səviyyəli mərkəzə çevriləcək. Dünyada mövcud olan ən qabaqcıl kurort yerlərindən geri qalmayacaq. Prezident İlham Əliyevin dediyi kimi, bu, ölkəmizə həm yeni investisiyalar gətirəcək, həm də şimal zonasında yaşayan əhali üçün əlavə şərait yaradacaq, minlərlə, bəlkə də, on minlərlə yeni iş yerləri açılacaq. Azərbaycana gələn turistlərin sayı daha da çox olacaq. Azərbaycan turizm üçün çox cəlbedici ölkəyə çevriləcək. Azərbaycanın gözəl təbiəti var, Xəzər dənizi, gözəl dağları, çayları, meşələri onun böyük sərvətidir. Bu sərvətləri elə diqqətə çatdırmaq lazımdır ki, 2011-ci ildə turizmin inkişafına böyük təkan verilsin.
Azərbaycanın təbiəti, mövcud olan atmosfer ölkəmizin turizm potensialının dünyanın nüfuzlu dövlətlərinin diqqətində saxlayıb. Bu gün beynəlxalq miqyasda nüfuz qazanmış mətbu orqanlarının səhifələrində Azərbaycan reallıqları ilə bağlı dərc olunan məqalələrdə bu fikir öz təsdiqini tapır. Şimali Afrika regionunun "Tourisme" nüfuzlu fransızdilli jurnalında Azərbaycanın turizm imkanları və mədəniyyəti haqqında dərc olunan məqalədə qeyd olunur ki, "küləklər şəhəri" adlanan Bakıda müxtəlif tarixi dövrlərdə müasir tipli binaların tikilməsinə baxmayaraq, İçərişəhər və Şirvanşahlar saray kompleksinin özünəməxsusluğunun qorunub saxlanması, milli irsin qorunması naminə muzeylərin yaradılması və bərpası istiqamətində görülən işlər təqdirəlayiqdir.
Müəllif yazır ki, qatarla Şəkiyə səfərin ayrıca bir ləzzəti var. Səhər gözləri qarşısında açılan mənzərədən, xüsusilə, yaşıl otlaqlar, dağlar və s. gözəlliklərdən valeh olduğunu qeyd edərək, şəhərin zəngin tarixi irsini və mədəniyyətini təsvir edib. Müəllif məqalədə Qəbələ və Lahıcın da özünəməxsus gözəllikləri və tarixi-mədəni irsi barəsində ətraflı məlumat verib. Bakıya qədər olan yol boyunca gördüyü təbii mənzərələri ətraflı təsvir edib.
2011-ci ilin "Turizm ili" elan olunması ilə bağlı şəhər və rayonlarda bədii tərtibat işlərinin aparılması, böyük mehmanxanaların qarşısında, turizm nümayiş obyektlərində, küçə və meydanlarda, park və xiyabanlarda reklam xarakterli təbliğat vasitələrinin yerləşdirilməsi Azərbaycana turist səfərinə gələnlərin say baxımından artmasına səbəb olacaq. Beynəlxalq turizm bazarında Azərbaycan Respublikası üçün prioritet hesab olunan ölkələrdə milli turizmin təbliği üzrə tədbirlərin görülməsi, həmçinin, həmin ölkələrdən Azərbaycana infoturların təşkil edilməsi də qarşıda duran vəzifələrdəndir. Tədbirlər Planına uyğun olaraq, xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlikləri üçün Azərbaycanın turizm bölgələrinə infoturların təşkil edilməsi nəzərdə tutulur ki, bu da turizm bazarının genişlənməsi ilə reallaşacaq.
NƏZAKƏT ƏLƏDDİNQIZI
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...