Azərbaycanda turizmin inkişafı dövlətin diqqət mərkəzindədir. Ölkə Prezidenti İlham Əliyevin turizmin inkişaf etdirilməsi ilə bağlı məlum sərəncamları bu sahənin inkişafını daha da sürətləndirib. Azərbaycanda turizmin inkişafı üçün verilən kreditlər, fond tərəfindən ayrılan vəsait və bu kimi imkanlar dövlətin turizm sahəsinə olan diqqətinin bariz nümunəsidir. Bütün bunlar Azərbaycana turist axınının güclənməsinə təsirini göstərir. Turistlər üçün vizanın verilməsinin sadələşdirilməsi də bu sahənin inkişafına yönəlib.
Azərbaycanda turistlərə elektron vizaların verilməsi də bu gün əsas məsələ olaraq ortaya çıxıb. Elektron vizaların verilməsi ilə əlaqədar bu prosesin sadələşdirilməsi təklif olunub. Hazırda elektron vizanın tətbiqi üçün işlər aparılır. Amma elektron vizaların verilmə prosesinin nə vaxtdan başlayacağı məlum deyil. Bu yeniliyin tətbiqi üçün yeni sistem qurmaq, avtomatlaşdırılmış sistem yaratmaq, blanklar hazırlamaq nəzərdə tutulub. Elektron viza sistemi tətbiq edildikdən sonra turistlər sənədlərini internet vasitəsilə səfirlik və konsulluğa təqdim edəcəklər. On beş gündən sonra isə onlara müsbət və ya mənfi cavab veriləcək. Elektron vizanın tətbiqi ölkəyə turist axınının artmasına zəmin yaradacaq.
Bununla yanaşı, korrupsiya ilə mübarizə ölkədə fəaliyyət göstərən hotellərin daha sərbəst işləməsinə şərait yaradıb. Bu gün ölkəmizdə fəaliyyət göstərən hotellərin sayı 500-ə çatıb. Bu proses davam etməkdədir. İnşa olunanlar sırasında isə ən prioriteti Şahdağ Qış-Yay Turizm Kompleksidir. Bu statistik rəqəmlər, eləcə də, inşa olunan hotellər artıq Azərbaycan turizminin dünya miqyasında rəqabət apara biləcək bir şəkildə qurulmasından xəbər verir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sözlərinə görə, 2011-ci ilin sonunadək ölkənin turizm bazarının dünya bazarına daha rəqabətli çıxması üçün müəyyən tədbirlər görüləcək. Turizmin inkişafına dair Dövlət Proqramı çərçivəsində ölkədə azad rəqabətin təmin olunması yolu seçilib. Rəqabət və təkliflərin müxtəlifliyi isə qiymətlərin aşağı salınmasına səbəbdir. Bu ilin sonunadək müəyyən tədbirlər görüləcək ki, bu da Azərbaycan turizm bazarının dünya bazarına daha rəqabətli çıxmasına imkan yaradacaq. Həm keyfiyyət, həm də müəyyən qədər qiymətlərin tənzimlənməsi aparılacaq.
Bu il ərzində Azərbaycanın turizm sahəsi ötən illərlə müqayisədə inkişaf edib. Bu, Azərbaycanın turizm şirkətlərinin göstərdiyi xidmətlərin səviyyəsinin yüksəlməsi və ölkə daxilində infrastrukturun qurulması ilə bağlıdır. Daxili turizm bazarında infrastruktur qurulub, mehmanxana və turizm şirkətləri çeşidli xidmətlər göstərirlər. Bunun nəticəsində ilin birinci yarısında Azərbaycana gələn turistlərin sayı ilə bağlı konkret rəqəmlərdə dəyişiklik mövcuddur. Bu ilin ilk 6 ayının göstəricisinə görə, bu rəqəm 1 milyonu keçib. Ötən il ərzində ölkəmizə 1 milyon 968 min turist gəlmişdir. Bu il isə təkcə 6 ayın nəticələri 1 milyon 16 mini göstərir. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz artım deməkdir. Qısa bir zamanda bu göstəriciləri əldə etmək Azərbaycan üçün turizm sahəsində böyük nailiyyətdir.
İlin sonunadək Bakıda yeni beşulduzlu hotellərin istifadəyə verilməsi bu sahəni daha da inkişaf etdirəcək. Eyni zamanda, ölkə ərazisində irili-xırdalı 43 mehmanxana və mehmanxana tipli obyekt inşa olunur.
"Azərbaycan 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamı turizmin inkişafını daha sürətləndirəcək.
Tədbirlər Planına əsasən, bu il "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun yeni layihəsinin Milli Məclisə təqdim edilməsi də qərara alınıb. Eyni zamanda, turizm məqsədi ilə Azərbaycana səfər edən şəxslərin sayının artırılması üçün onlara viza rəsmiləşdirilməsinin sadələşdirilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulub.
2011-ci ilin "Turizm ili" elan olunması ilə bağlı şəhər və rayonlarda bədii tərtibat işlərinin aparılacaq, böyük mehmanxanaların qarşısında, turizm nümayiş obyektlərində, küçə və meydanlarda, park və xiyabanlarda reklam xarakterli təbliğat vasitələri yerləşdiriləcək.
Beynəlxalq turizm bazarında Azərbaycan üçün prioritet hesab olunan ölkələrdə milli turizmin təbliği üzrə tədbirlər görüləcək, həmçinin, həmin ölkələrdən Azərbaycana infoturlar təşkil olunacaq. Avropa Birliyi, ABŞ, Yaponiya, Kanada, Rusiya və Fars körfəzi ölkələrindən qonaqlar infoturlara dəvət olunacaq.
Tədbirlər Planına əsasən aztəminatlı ailələrin, dövlət himayəsində olan əlil və kimsəsiz uşaqların Azərbaycanın müxtəlif yerlərinə xüsusi səyahətlərinin təşkili də nəzərdə tutulub. "Turizm ili" çərçivəsində turizm nümayişi obyektlərinə tələbələrin və şagirdlərin ekskursiyalarının təşkilinə dair xüsusi proqramın işlənib hazırlanması, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş müvafiq tədbirlər çərçivəsində "Turizm ili"nə dair təbliğat işlərinin təşkili əsas məsələ olaraq qarşıya qoyulub. Milli dəyərlərin təbliği məqsədi ilə keçiriləcək tədbirlər "Turizm ili" çərçivəsində qeyd olunacaq. Eyni zamanda, qonşu dövlətlərlə birgə turizm marşrutların təşkili də Tədbirlər Planına daxil olunub. Azərbaycanla Gürcüstan arasında mövcud turist axınını nəzərə alaraq, Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu üzrə ixtisaslaşdırılmış turist qatarları təşkil olunacaq.
Artıq Tədbirlər Planının icrasına başlanılıb. Belə ki, "Turizm ili" çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə birgə Mingəçevir şəhərinə infotur təşkil edilib. Tədbirlər Planının müvafiq bəndlərinin icrası ilə əlaqədar "Turizm ili" çərçivəsində regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərinin mütəmadi şəkildə təşkil etmək, eyni zamanda, daxili turizm bazarının fəallığını artırmaq məqsədilə həyata keçirilən infotur əhəmiyyətlidir.
Azərbaycanda mövcud olan potensialdan səmərəli istifadə, həyata keçirilən layihələr, infrostrukturun qurulması turizmin sürətli inkişafına töhfələrini verəcək.
ZÜMRÜD
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...