PDF Oxu

İqtisadiyyat

  • 22

Azərbaycanda aqrar islahatların siyasi-hüquqi əsasları və inkişaf mərhələləri

Azərbaycanda aqrar islahatların siyasi-hüquqi əsasları və inkişaf mərhələləri

(I məqalə)


Hər bir müstəqil ölkənin sabit və dünya tərəfindən qəbul olunmuş dövlət atributları vardır və məhz onlar bu siyasi vahidi bir dövlət kimi xarakterizə edir. Bu atributlardan biri də torpaq, ərazi atributudur. Bu, özünün çoxşaxəli və mürəkkəbliyi ilə fərqlənən sahədir. Dövlətin torpağı, ərazisi onun əksər sahələri üçün bazadır.

Torpaq amilinin qiymətləndirilməsi əslində, insanlıq tarixi ilə bağlıdır. Ən qədim dövrlərdən bəri torpaq insanlığın əsas yaşam amillərindən biri olub. Heç də təsadüfi deyil ki, əsasını qədim dövrlərdən götürərək müasir dövrümüzə qədər gəlib çatan, dünyanın əksər xalqlarının inanclarında mövcud olan dörd ilahi ünsürdən biri məhz torpaq olub. Torpaq, onunla bağlı olan münasibətlər bütün dövrlərdə ölkənin taleyini həll edən əsas amil və faktorlardan biri olub.

Dünyanın ən qədim sivilizasiya mərkəzlərindən biri olan Azərbaycan qədim əkinçilik ənənələrinə malik dövlət kimi tanınır. Bərəkətli, məhsuldar və böyük torpaq resurslarına malik Azərbaycan hələ qədim zamanlardan Şərqin yüksək inkişaf etmiş kənd təsərrüfatı ölkəsi kimi tanınıb. Şimaldan Cənuba, Şərqdən Qərbə gedən yolların kəsişməsində yerləşən Azərbaycan ərazisi, eyni zamanda, iqtisadi və siyasi əlaqələrin mərkəzi kimi böyük əhəmiyyət daşıyıb. Tarixi sənədlərdə və digər yazılı arxiv materiallarında da Azərbaycanın bərəkətli torpağa, zəngin iqlimə, günəşli hava şəraitinə, bolsulu çaylara, qarlı dağlara və zəhmətkeş əkinçilərə malik olması göstərilib. Qədim mənbələrdə qeyd olunur ki, ölkə təbii sərvətlər və faydalı qazıntılarla - ipək, pambıq, zəfəran, neft, duz və digər minerallarla zəngin idi. Şabran, Şəki, Beyləqan, Təbriz, Gəncə, Şamaxı, Bərdə və bir sıra şəhərlər kənd təsərrüfatının emal sahələri üzrə ixtisaslaşmışdı.

Odlar Yurdu kənd təsərrüfatı ilə məşğul olmaq üçün ən əlverişli məskən sayılırdı. Burada Qafqazda bitən 6 min bitkidən 4 mini mövcud idi. Təsərrüfat sahələri üçün münbit şəraitin olması Azərbaycanda hələ eramızın əvvəllərindən başlayaraq əkinçiliyin ənənəvi növlərinin - pambıqçılığın, taxılçılığın, üzümçülüyün inkişafına səbəb olmuşdu. Torpaq-iqlim şəraitinin son dərəcə müxtəlifliyi burada zəngin bitki örtüyünün inkişafını artırırdı. Bu amil Azərbaycanın əsas bitkiçilik, xüsusilə də, məhsulları istehsalı mərkəzlərindən biri olduğunu deməyə əsas verir. Azərbaycan ərazisində buğda bitkisinin qədimdən becərilməsi haqqında məlumata antik dövr müəlliflərinin, qədim salnaməçilərin əsərlərində və o dövrün tarixçi və yazıçılarının - Herodotun, Teofrastın, Pliteyin, Polibinin və başqalarının əsərlərində rast gəlinir. Arxeoloqlar ölkənin müxtəlif regionlarında, o cümlədən, Naxçıvan yaxınlığında yerləşən qədim Kültəpə məskənlərində eramızdan əvvəl III-II minilliklərə aid olan sıx sünbül buğdaları qalıqlarına rast gəlmişlər. Mingəçevirdə tapılmış qədim anbarlarda olan küpələrdəki bitki qalıqlarının analizlərinin nəticələrindən onun eramızdan əvvəl II əsrə və bizim eranın II əsrinə aid olan bərk buğda sortlarına mənsub olduğu müəyyənləşib.


Azərbaycan kəndlisi müstəqilliyin bərpasına qədər torpağın həqiqi sahibi ola bilməyib...


Feodalizmin formalaşması və təşəkkül tapması Azərbaycanda məhsuldar qüvvələrin güclü inkişafına təkan verib. Tovuz və Ağstafa rayonlarında 1947-ci ildə aparılan arxeoloji qazıntılar nəticəsində tapılan dərzdöyən, biçin və torpaqbecərən alətlərin, taxıl bitkiləri toxumlarının qalıqları ölkəmizdə əkinçiliyin o dövrdə kifayət qədər inkişaf etməsini bir daha təsdiqləyir. Hələ lap qədim dövrlərdən ölkəmizdə tərəvəzçilik və bostançılıqla məşğul olmuşlar. Bizim eradan çox əvvəllər sarımsaq, noxud, kök, qarpız, qabaq və s. tərəvəz və bostan bitkiləri becərilib, əhalinin əsas məşğuliyyətlərindən və qida mənbələrindən biri olub. Azərbaycanın zəfəranı, qızılı heyvası, kəhrəba üzümü nəinki Şərqdə, həm də Qərbdə böyük şöhrət qazanıb.

Bitkiçiliyin inkişafı heyvandarlığın da inkişaf etməsini təmin edib. Kurqanlarda, mağaralarda və digər abidələrdəki mənbələr bir daha təsdiq edib ki, Azərbaycanda qədim sakinlər heyvanların əhlilləşdirilməsi və yetişdirilməsi ilə məşğul olublar. Qobustan qayaüstü rəsmləri respublikanın böyük ərazisində tapılan daş, gil, tunc və s. heyvan heykəlləri bir daha sübut edir ki, ölkəmizdə qədim zamanlardan heyvandarlıq inkişaf edib, insanlar bundan bəhrələnərək öz yaşayışlarını təmin ediblər. Tarixçi Strabonun yazdığına görə, Kür və Araz çayları arasında yerləşən ərazi mülayim iqliminə görə, torpaqların həm çaylar vasitəsilə suvarılması nəticəsində çəmənliyin üstünlük təşkil etməsi ilə əlaqədar bol heyvan yeminin olması maldarlığın geniş yayılmasına həm ev heyvanlarının, həm də vəhşi heyvanların artmasına səbəb olmuşdu.

Bütün bunlar Azərbaycanın zəngin torpaq resurslarına və qədim kənd təsərrüfatı ölkəsi kimi tanınmasına əyani sübutlardır. Yüzilliklər boyu inkişaf edən təsərrüfat sahələrinin idarə olunması ilə bağlı tədbirlər də həmin dövr üçün mühüm məsələlərdən biri olub. Yəni, neçə yüz illər əvvəl torpaqla bağlı müəyyən islahatların aparılması həmin dövr üçün zəruri idi. İslahatların tarixi ilə bağlı müxtəlif məlumatlar göstərilsə də, bu sahədə əsaslı addımların atılmasına rast gəlinmir. Yalnız Hülakilərin hakimiyyəti illərində əsaslı islahatların olmasını görmək mümkündür. Belə ki, Azərbaycanda torpaq islahatları XIII əsrin ortalarında, Hülakilərin dövründə Qazan xanın başçılığı altında daha çox diqqəti cəlb etməyə başlayıb. Qazan xanın torpaq islahatının əsasını monqolların orta təbəqəsinin və dövlətə xidmət edən yerli əyanların mənafeyinin qorunması təşkil etsə də, burada dövlətin ümumi maraqları və inkişafı üçün mühüm maddələr var idi. İtaliya səyahətçisi Marko Polo Qazan xanın həyata keçirdiyi torpaq islahatlarını o dövr üçün çox mühüm addım kimi dəyərləndirərək bunun ictimai münasibətlər sistemində ciddi dəyişikliklərə səbəb olduğunu qeyd edirdi.

Şah Abbasın hakimiyyəti dövründə də Azərbaycanda torpaqla bağlı müəyyən islahatlara start verilib. Şah Abbas özünün uğurlu islahatları ilə orta əsr Azərbaycan tarixində xüsusi yer tutur. Sahibsiz torpaqların Divanın sərəncamına verilməsi, becərilməyən mülklərin satın alınaraq dövlət torpaqlarına qatılması, iqta torpaqlarının alınıb-satılmasına yasaq qoyulması, becərilməyən torpaqların yeni sahibkarlara paylanması və digər addımlar islahatçılıq meyillərindən xəbər verirdi.

İtaliya səyahətçisi Marko Polo Azərbaycanda olarkən ölkəmizin zəngin təbii sərvətlərindən, burada həyata keçirilən islahatlardan bəhs edib. Şamaxı və Bərdədə ipəkçiliyin inkişafını xüsusi qeyd edən səyyah ixrac edilən bu məhsulun ölkənin iqtisadiyyatında böyük rol oynadığını xatırladır. İpəkçiliyin əsas mərkəzləri olan Nuxa, Göyçay, Ağdam, Zaqatala ilə yanaşı, Qarabağ və Naxçıvan da bu sahə üzrə ixtisaslaşıb. Marko Polo onu da qeyd edir ki, burada ölkənin ehtiyacını ödəyəcək miqdarda meyvə, tərəvəz yetişdirilir. Biyan bitkisi əsasən Kür və Araz çaylarının vadilərində yabanı halda bitir. Bu məhsulun demək olar ki, hamısı İngiltərə və Amerikaya göndərilirdi.

Orta əsrlərdə torpaq üzərində sahiblik hüququ ilə bağlı bəzi islahat xarakterli qərarlara baxmayaraq, mülkiyyət yenə də feodallara və iri məmurlara məxsus olmaqla, kəndlinin azad fəaliyyətinə tam şəkildə maneələr yaradırdı. Sonrakı dövrlərdə də bu tendensiya davam etdi. Kapitalist münasibətlərinin formalaşması zamanı da bu cür meyillər müşahidə olundu. Yəni, ötən bir neçə yüzilliklər sonrası torpaqla bağlı bir sıra qərarlar verilsə də, kəndli heç vaxt torpağın sahibi ola bilməyib. Çar Rusiyası dövründə torpaqdan istifadə ilə bağlı bir neçə qərar qəbul olunub, amma torpağın əsl sahibi, onu əkib-becərən kəndli mülkiyyət sahibinə çevrilə bilməyib. 1861-ci ildə Çar Rusiyasında təhkimçilik hüququnun ləğv olunması, torpaq islahatı haqqında direktivlərin imzalanması Azərbaycan kəndində heç bir müsbət dəyişikliyə yol açmadı. Rusiya kəndlərində torpaq islahatının keçirilməsinə baxmayaraq, çarizm Cənubi Qafqazda islahat keçirməyə tələsmirdi. Yerli feodallarla sıx ittifaqa girmiş Çar hökuməti onları özündən narazı salmaq istəmirdi. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda kəndli islahatını keçirmək tələbini irəli sürən ictimai təbəqələr zəif idi. İslahat ərəfəsində Rusiyadan fərqli olaraq Azərbaycanda elə bir ciddi kəndli üsyanı və ya narazılıqları hiss olunmurdu, halbuki, kəndli islahatı ərəfəsində - 1859-1861-ci illərdə, Rusiyanı başdan-başa kəndli hərəkatı bürümüşdü və Rusiyada ilk inqilabi şərait yaranmışdı. Rusiyadan fərqli olaraq ölkəmizdə torpaq sahibləri ilə kəndlilər arasında mövcud olan sosial ziddiyyət o qədər də kəskin deyildi. Azərbaycanda kəndlilər nə torpağa, nə də feodalın şəxsiyyətinə təhkim olunmamışdılar.

Hökumət Azərbaycanda kəndli islahatının həyata keçirilməsi üçün hələ şəraitin olmadığını bəhanə edir və bunun üçün hazırlıq tədbirlərinin görülməsinin vacibliyini qeyd edirdi. Amma bütün bunlara baxmayaraq o dövrdə islahat xatirinə keçirilən tədbirlər, məsələn, 1866-cı ildən başlayaraq bəy komissiyalarının yaradılması, "dövlət kəndlilərinin torpaq quruluşu haqqında əsasnamə" qəbul olunması varlı şəxslərin torpağı satın almasına şərait yaratdı. Amma ümumi məzmun bu idi ki, kəndlilər hansısa pulla torpağı satın ala bilmirdilər. Yəni, islahat bütövlükdə Azərbaycan kəndində əsaslı dəyişikliklər yarada bilmədi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə torpaq islahatlarının keçirilməsi ilə bağlı hüquqi-normativ bazanın yaradılması istiqamətində görülən işlər, torpaqların kənlilərə paylanması və digər qətiyyətli addımlara baxmayaraq, rus ordusunun işğalı bu siyasətin sona çatdırılmasına imkan vermədi. Sovet hakimiyyətinin qurulması və Azərbaycanın keçmiş ittifaq respublikalarının sırasına daxil edilməsi də kəndlinin torpaq sahibi olmasına imkan yaratmadı. Kolxozların yaradılması və kollektivləşmə zamanı kəndlilərə torpaq verilmədi, varlı kəndlilərin torpaqları isə əllərindən alındı. Kolxozlarda birləşdirilən kəndlilər bu təsərrüfat formasından imtina etdikdə, onlara qarşı zorakı yollardan istifadə olundu. Bir sözlə, neçə yüzilliklər keçsə də, ictimai quruluşlar dəyişsə də, kəndlilər sözün həqiqi mənasında XX əsrin sonlarına qədər torpaq sahibi ola bilməyiblər.


Dövlət müstəqilliyinin bərpası ölkəmizdə torpaq mülkiyyətçisi sinfini formalaşdırdı...


Dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasında yeni iqtisadi sistemin yaradılması, mühüm islahatlar proqramının qəbul edilməsi üçün əlverişli şərait mövcud olsa da, 1991-1993-cü illərdə hakimiyyətdə olan səriştəsiz AXC-Müsavat birliyi ölkəmizin inkişafı üçün heç bir iş görə bilmədilər. Dövlət müstəqilliyinin bərpasından sonra üzləşdiyi ictimai-siyasi, sosial-iqtisadi problemlərin mövcudluğu səbəbiylə böhran və xaosla qarşı-qarşıya qalan Azərbaycanda qeyri-peşəkarların hakimiyyətə gəlməsi iqtisadi-siyasi vəziyyəti daha da gərginləşdirdi. Siyasi böhran iqtisadi sahəyə ciddi təsir göstərirdi ki, bu da iqtisadiyyatın bütün sahələrində, o cümlədən, kənd təsərrüfatında tənəzzülü dərinləşdirmişdi. Keçmiş ittifaq respublikalarında olduğu kimi, Azərbaycanın da iqtisadiyyatının ənənəvi sahələrindən sayılan aqrar bölmədə tənəzzül və iqtisadi böhran yaranmışdı. Planlı təsərrüfat sisteminin əsas formalarından biri olan aqrar təsərrüfatın sahələrinin - kolxoz və sovxozların fəaliyyətini demək olar ki, dayandırması iqtisadi tənəzzülü günü-gündən dərinləşirirdi.

1991-1993-cü illərdə köhnə iqtisadi sistemin fəaliyyətini dayandırması, yeni iqtisadi sistem olan liberal bazar iqtisadiyyatının mexanizmlərinin hazırlanması ölkə iqtisadiyyatını idarəolunmaz vəziyyətə salmışdı. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə gəlişi mövcud iqtisadi-siyasi, sosial-ictimai münasibətlərdə tamamilə yeni mərhələnin başlanmasına səbəb oldu.


"Yeni Azərbaycan"ın analitik qrupu

Digər xəbərlər