İlin artıq geridə qalan 6 ayı ərzində ümumi daxili məhsul cəmi 0,9 faiz artıb. Neft hasilatının azaldılmasının səbəb olduğu bu amillə yanaşı, 2011-ci ilin birinci yarısı qeyri-neft sektorunun artımı ilə yadda qalıb. 7,2 faiz təşkil edən bu artım son illər ərzində ölkədə aparılan islahatların nəticəsi kimi qiymətləndirilir. Belə ki, bu amil qeyri-neft sektorunun inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi, iqtisadiyyatın enerji amilindən asılılığını azaltmaq üçün mühüm göstərici sayılır.
Strateji valyuta ehtiyatları 9 milyard dollar artıb
Ötən müddətdə kənd təsərrüfatında 6,2 faiz artım olub ki, bu da yaxşı göstərici hesab edilir. Artım əhalinin pul gəlirlərində də özünü göstərib və bu rəqəm 17 faiz yüksəlib, inflyasiya isə 8,8 faiz artımla qeydə alınıb. İlin birinci yarısında büdcəyə edilən düzəlişlər nəticəsində, ilk dəfə olaraq, büdcə xərcləri 20 milyard dollara çatıb ki, bu da rekord göstəricidir. Bu artım vacib infrastruktur və sosial məsələlərin həlli üçün ilin sonuna qədər əlavə maddi imkanların ortaya qoyulmasına şərait yaradacaq.
Strateji valyuta ehtiyatlarına gəlincə, ilin əvvəlindən bu göstərici 9 milyard dollar artıb. Hazırda ölkənin strateji valyuta ehtiyatları 38 milyard dollar səviyyəsindədir və ilin sonuna qədər bu rəqəmin bir qədər də yüksələcəyi proqnozlaşdırılır. Hesabat dövründə dövlət büdcəsinin mədaxili 110,9 faiz yerinə yetirilməklə, büdcəyə daxil olmuş 5 milyard 610,8 milyon manat vəsaitin 2 milyard 564,9 milyon manatı Vergilər Nazirliyinin, 542,4 milyon manatı Dövlət Gömrük Komitəsinin, 2 milyard 461 milyon manatı isə Dövlət Neft Fondunun hesabına təmin edilib. Cari ilin 6 ayı ərzində dövlət büdcəsinin xərcləri 4 milyard 882,1 milyon manat icra edilib. Büdcə xərclərinin 30,9 faizi və ya 1 milyard 508,1 milyon manatı sosialyönümlü olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 152,6 milyon manat və ya 11,3 faiz çox təşkil edib. Təhsil xərclərinə 50,9 milyon manat və ya 9,9 faiz, sosial müdafiə və sosial təminat xərclərinə isə 62,1 milyon manat və ya 10,2 faiz çox vəsait yönəldilib. Ölkə iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 4 milyard 476,6 milyon manat, o cümlədən, daxili mənbələr hesabına 3 milyard 257,8 milyon manat investisiya qoyulub ki, bunun da 1 milyard 348 milyon manatı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilib. Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 823 sahibkarlıq subyektinə 72 milyon manat güzəştli kredit ayrılıb. Onların 72 faizi respublikanın regionlarının, 24 faizi isə Bakı qəsəbələrinin payına düşür. Vəsaitlərin 70 faizindən çoxu aqrar sektorun inkişafına yönəldilib. Bu kreditlər hesabına yaradılan yeni iş yerlərinin sayı 3500 olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə güzəştli kredit alan sahibkarların sayı və kreditlərin məbləği 1,5 dəfə, yeni iş yerlərinin sayı isə 1,6 dəfə artıb.
125 min ailəyə hər ay 104 manatlıq kömək
Sosial məsələlərin həllinə gəldikdə isə, ilin birinci yarısında ən böyük nailiyyət pensiyaların artımı ilə bağlıdır. Belə ki, iyulun 1-dən 2006-cı ilə qədər pensiyaya çıxmış 900 minə qədər pensiyaçının orta pensiyası təxminən 40 faiz artıb. Digər sosial layihə - ünvanlı sosial yardım proqramı hazırda 125 min ailəni əhatə edir. Hər ay orta hesabla hər bir ailəyə 104 manat kömək göstərilir. Yoxsulluğun aradan qaldırılmasına yönələn bu tədbirlə son 7 il ərzində yoxsulluq şəraitində yaşayanların sayı 5 dəfə aşağı düşüb.
İnfrastruktur layihələr və onun müsbət nəticələri
İnfrastruktur layihələri arasında metro tikintisi də əsas yer tutur. Son üç il ərzində 3 yeni stansiya istifadəyə verilib ki, 2015-ci ilə qədər əlavə 6 stansiyanın da istifadəyə verilməsi planlaşdırılır. Bu ilin sonuna qədər kənd yollarının tikintisinə böyük vəsait ayrılması da nəzərdə tutulur. İlin sonuna qədər başlayacaq kənd yolları layihəsinin icrası gələn il də davam edəcək. Bütün dövrlərdə də çox aktual olan içməli su təchizatı və kanalizasiya problemlərinin həlli istiqamətində aparılan işlər də davam edəcək. Ölkə başçısı da öz çıxışında Azərbaycanda içməli su problemi və kanalizasiya probleminin yaxın dörd-beş il ərzində, hətta ondan da tez birdəfəlik həll olunması ilə bağlı tapşırıq verib.
Qarşıdakı məqsədlərdən biri də ölkədə istehlak olunan bütün ərzaq məhsullarının Azərbaycanda istehsal edilməsidir. Bundan başqa, bu il "Turizm ili" çərçivəsində Bakıda altı beşulduzlu, dünya brendləri sırasında olan otellər istismara veriləcək. Sahibkarlığın inkişafına gəlincə, bu il bu məqsədlə nəzərdə tutulan kreditlərin 60 faizə qədəri artıq verilib. İlin sonunadək qalan hissə də veriləcək. Beləliklə, bu il də özəl sektora güzəştli şərtlərlə kifayət qədər böyük həcmdə - 125 milyon manat kredit veriləcək. Bu da növbəti illərdə yeni istehsalların, iş yerlərinin açılmasına və qeyri-neft sektorunun inkişafına xidmət göstərəcək.
Beləliklə də, bütün bu uğurlar, onu deməyə əsas verir ki, ölkəmiz bundan sonra uzunmüddətli və dayanıqlı inkişafa nail olacaq.
R.KAMALQIZI
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...