Ölkəmizdə artıq taxıl biçini mövsümü sona çatıbdır. Ölkədə yerli taxıl istehsalı ilə bağlı müxalifət mətbuatında gedən və qeyri-obyektiv məlumatlar verilən yazılara münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev "Səs" qəzetinə verdiyi açıqlamasında bildirib ki, may ayından başlanan və iyulun son günlərinə qədər davam edən bütün zəmilərdə taxıl biçini tam başa çatıbdır: "Qeyd edim ki, iyulun son günlərinə qədər ölkə üzrə 850 min hektardan artıq sahədə biçin aparılıb.
Bu, isə respublikada mövcud olan payızlıq və yazlıq dənli-paxlalı bitkilər əkininin təxminən 92 faizi deməkdir. İndiyədək Azərbaycanda 2 milyon 100 min tondan artıq arpa və buğda tədarük olunub. Bu isə keçən ilin müvafiq dövründəkindən 350 min ton çoxdur. Tədarük olunan taxılın 1,4 milyon tondan çoxu isə buğda məhsuludur".
S.Vəliyevin sözlərinə görə, taxıl əkini sahələrinin ümumi həcmi 950 min hektardan artıqdır. Ölkə üzrə hər hektardan yığılan taxılın məhsuldarlığı isə 24,8 sentner təşkil edir. Biçin mövsümünü itkisiz və vaxtında başa çatdırmaq üçün bütün aqrotexservislər kombayn, taxıl təmizləyən, presləyici və yığım texnikaları, yük maşınları və traktorlarla tam təchiz edilib. Hazırda "Aqrolizinq" SC-nin balansında olan texnika parkında 3110-dan çox taxılyığan kombayn və 1000-dən çox digər texnika mövcuddur. Bu isə aqrar bölmədə nəzərdə tutulan tədbirləri yerinə yetirməyə imkan verir.
Nazir müavininin dediyinə görə, bəzi şəxslər bir müddət əvvəl Nazirlər Kabinetinin ölkəyə idxal olunan taxıl məhsullarına əlavə dəyər vergisinin (ƏDV) tətbiqi barədə qərarının mahiyyətini başa düşməyərək, belə iddialarla çıxış edirlər ki, guya bu qərar unun və çörəyin bahalaşmasına səbəb olacaq: "Onların bu arqumentləri tamamilə yanlışdır. Məlum olduğu kimi, NK 2010-cu ildə xarici dövlətlərdən Azərbaycana gətirilən buğda və un məhsullarının əlavə dəyər vergisindən azad olunması haqqında qərar vermişdi və bunun səbəbi hamıya aydındır. Yəni, ötən il ölkədə taxılın əvvəlki illə müqayisədə 700 min ton az istehsal olunması hökumətin bu cür qərar verməsinə səbəb olmuşdu. Həmin qərarın icrası sayəsində isə Azərbaycana xaricdən tələb olunan həcmdə taxıl idxal edildi və əhalinin taxıla olan tələbatının ödənilməsində heç bir problem meydana çıxmadı. Hökumət həm yerli ehtiyatlar, həm də idxal hesabına Dövlət Taxıl Fonduna məxsus anbarlarda və taxılçılıq dəyirmanlarında ehtiyat taxıl yığaraq tələbatın tam ödənilməsinə nail oldu. Ümumiyyətlə, ötən mövsüm daxili bazarın qorunması və qiymətlərin sabit şəkildə qorunub saxlanması üçün bütün lazımi tədbirlər görüldü. Hazırda isə ölkədə taxıl istehsalı tam tələbatın ödənilməsinə imkan verir. Yəni, xaricdən taxıl idxalı üçün zərurət yoxdur. Nazirlər Kabineti də məhz bu real vəziyyəti nəzərə alaraq daxili bazarın, daha doğrusu, yerli fermerlərin mənafeyinin qorunması məqsədilə tədbirlər görür. Hökumət çalışır ki, yerli taxıl məhsullarının alışı daha yaxşı təşkil olunsun, fermerlərin istehsal etdiyi taxıl Dövlət Taxıl Fondu tərəfindən sərfəli qiymətlərlə alınsın. Burada isə daha çox qazanan yerli fermerlər olur. Əgər NK ölkəyə idxal olunan taxıl məhsullarına ƏDV-nin tətbiqi barədə qərar qəbul etməsəydi, yerli fermerlər üçün problemlər yarana bilərdi. Çünki taxıl idxal edən şirkətlər sərbəst şəkildə heç bir vergi ödəmədən daha çox xaricdən taxıl gətirmiş olardı. Nəticədə yerli istehsalçıların məhsuluna tələbat az olardı. Yeri gəlmişkən, Taxıl Fondu bir neçə gündür ki, yüksək qiymətə fermerlərdən taxıl alışına başlayıb".
S.Vəliyev onu da vurğulayıb ki, hökumət ölkəmizin etibarlı şəkildə taxıl məhsulları ilə təminatı üçün davamlı və məqsədyönlü işlər görür, həm də daxili istehsalın stimullaşdırılması ilə əlaqədar sistemli tədbirlər həyata keçirir. Azərbaycan hökumətinin iqtisadiyyatın aparıcı sahəsinə çevrilən kənd təsərrüfatına olan diqqət və qayğısı öz mühüm nəticələrini göstərməkdədir. Aqrar sahədə müşahidə olunan hazırkı artım dinamikası bütövlükdə 2011-ci ildə bütün növ kənd təsərrüfatı məhsullarının yüksək istehsalının olacağını deməyə əsas verir. Bu il ölkəmizin taxıl məhsulları ilə təminatı yerli istehsal hesabına ödəniləcək. Ölkəmizdə ərzaq təhlükəsizliyi ilə bağlı həyata keçirilən strateji plana uyğun olaraq illik taxıl ehtiyatının toplanması ilə bağlı davamlı tədbirlər həyata keçiriləcək. Əhalinin kənd təsərrüfatı məhsulları, o cümlədən, əsas strateji məhsul olan buğda ilə etibarlı təminatı üçün bütün lazımi tədbirlər görülür. Bu il, həmçinin, taxıl anbarlarının tikilməsi və istifadəyə verilməsi ilə bağlı tədbirlər də həyata keçiriləcək: "Azərbaycan hökuməti respublikamızın ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün güclü iqtisadi imkanlara malikdir. Hökumət daxili bazarın qorunması, istehlakçıların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi və qiymətlərin sabit şəkildə qorunub saxlanması üçün möhkəm iradəyə, güclü idarəçilik təcrübəsinə və potensial iqtisadi resurslara malik olmaqla yanaşı, iqtisadiyyatın dinamikasının yüksəlməsinə zəmin yaradan davamlı islahatlar həyata keçirməyə qadirdir".
AYTƏN
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...