PDF Oxu

İqtisadiyyat

  • 34

Ölkəmizin davamlı inkişafında qəbul edilmiş dövlət proqramlarının uğurla həyata keçirilməsinin mühüm rolu var

Ölkəmizin davamlı inkişafında qəbul edilmiş dövlət proqramlarının uğurla həyata keçirilməsinin mühüm rolu var

Azərbaycan dövləti hazırda tarixinin yüksəliş mərhələsini yaşayır. Uğurla davam etdirilən iqtisadi siyasət xətti nəticəsində Azərbaycan dünyanın ən sürətli inkişaf tempinə malik dövlətinə çevrilib. Əldə edilən bütün nailiyyətlər Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi iqtisadi siyasət strategiyasının məntiqi nəticəsidir. Dünyada maliyyə və iqtisadi böhranın tüğyan etdiyi indiki dövrdə də Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir.

Maliyyə və iqtisadi böhranın dərinləşməsi ucbatından ən inkişaf etmiş ölkələrin belə ciddi çətinliklərlə qarşılaşdığı bir vaxtda Azərbaycanda düzgün və uzun müddətə hesablanmış iqtisadi siyasət hesabına müsbət inkişaf meyblləri qorunub saxlanılaraq, daha da genişləndirilir. Ötən müddət respublikamızın ən ümdə amalları reallığa çevirməkdə qərarlı olduğu növbəti dəfə təsdiqini tapmışdır. Prezident İlham Əliyevin vurğuladığına görə, bunun başlıca səbəbi düzgün istiqamətləndirilən siyasətdir, aparılan islahatlardır, sosial siyasətdir, infrastruktur layihələridir və müstəqil siyasətdir:"Biz nəyi hesab edirik ki, düzdür, ölkə üçün lazımdır, onu da edirik. Biz əlbəttə ki, beynəlxalq maliyyə qurumları ilə də yaxşı əməkdaşlıq edirik və məsləhətləşmələr aparılır, ancaq öz bildiyimizi edirik. Çünki biz tam əminik ki, bizim siyasətimiz Azərbaycan xalqının mənafeyinə xidmət göstərir və bunun ən gözəl göstəriciləri də doqquz ayın sosial-iqtisadi yekunlarıdır".

Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində Azərbaycan bu gün regionda hansısa ölkədən enerji asılılığı olmayan, tələbatını daxili imkanlar hesabına ödəməyə qadir yeganə respublika kimi çıxış edir. Respublikada uğurla həyata keçirilən enerji siyasətinin məqsədi Azərbaycanın dünya bazarına çıxışını artırmaq, həmin bazarlar üçün alternativ mənbə yaratmaq, habelə, dünya bazarına çıxışın şaxələndirilməsini təmin etməkdən ibarətdir və bu da beynəlxalq ictimaiyyətin maraqlarına tamamilə cavab verir.

İqtisadi inkişaf prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə respublikanın regionlarının tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması əldə edilən mühüm nailiyyətlərdəndir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Azərbaycanın regionlarında sosial infrastruktur yenidən qurulmuş, mərkəzdə, əyalətlərdə özəl sektorun yüksəlişi üçün kompleks tədbirlər həyata keçirilmişdir. Ucqar rayonlarda, kəndlərdə nəqliyyat-kommunikasiya sisteminin bərpası, müasir informasiya texnologiyalarının tətbiqi mədəni-intellektual yüksəlişə yol açmışdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Dövlət Proqramının icrası ölkəmizin bütün bölgələrinin dayanıqlı inkişafını təmin etmişdir. Bir məqama da toxunaq ki, ölkəmizdə aparılan islahatların kökündə insan amili dayanır. Möhtərəm Prezidentimiz İlham Əliyev vurğulayır ki, hətta ən ciddi islahatlar elə aparılır ki, insanlar bu islahatlardan əziyyət çəkməsinlər: "Çünki sirr deyil ki, keçid dövrünü yaşayan ölkələrdə, adətən, ciddi islahatlar insanların müflisləşməsinə gətirib çıxarır. Ancaq Azərbaycanda ciddi sosial siyasət aparılır, bazar iqtisadiyyatı prinsipləri tam tətbiq edilir və Azərbaycan büdcəsi də bax, bu siyasətin təzahürüdür".

Ölkəmizin davamlı iqtisadi inkişafında qəbul edilmiş dövlət proqramlarının uğurla həyata keçirilməsinin mühüm rolu olmuşdur. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na və "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na əsasən, ölkə iqtisadiyyatının şaxələndirilməsi və dünya iqtisadiyyatına səmərəli inteqrasiyası, bölgələrdə infrastruktur və kommunal xidmətlərlə təminat səviyyəsinin yaxşılaşdırılması, xalqın rifah halının daha da yüksəldilməsi, əhalinin etibarlı ərzaq təminatının təmin edilməsi məqsədlərinə nail olunması üçün makroiqtisadi sabitliyin qorunması, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ixracyönümlü məhsul istehsalının artırılması istiqamətində işlər uğurla davam etdirilir.

Yeri gəlmişkən, qeyd edək ki, 90-cı illərin ortalarından ölkəmizdə başlanmış islahatların gələcəkdə də davam etdirilməsini vacib sayan Prezident İlham Əliyevin fikrincə, Azərbaycanda hələ çox sahələr vardır ki, orada irəliləyiş olmalıdır. "Biz bunu edirik və bunun praktiki nəticələrini də görürük. Həm qanunvericilik sahəsində, - bizim qanunvericiliyimiz inkişaf etmiş ölkələrin qanunvericiliyinə yaxındır və böyük dərəcədə biz bu sahədə siyasi islahatlar aparmaqla istədiyimizə nail olmuşuq, - həm də iqtisadi sahədə göstəricilər göz qabağındadır... Əgər neft amilinə qalsa idi, bölgədə bizdən qat-qat çox neft-qaz hasil edən ölkələr vardır və onların da iqtisadiyyatı bizdə olan templərlə artardı. Yəni bir daha demək istəyirəm ki, bu, iqtisadiyyatın dayanıqlılığını göstərir, aparılan islahatların düzgünlüyünü göstərir və əlbəttə ki, həm Azərbaycanı bütün dünyaya olduğu kimi təqdim edir, həm də ən önəmlisi, ölkə daxilində mövcud problemlərin həlli üçün bizə əlavə imkanlar yaradır".


RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər