Dünyada maliyyə böhranının yeni mərhələsi davam edir. Belə bir dövrdə qlobal maliyyə və real sektor böhranının Azərbaycana mümkün təsirləri ilə bağlı çoxsaylı mülahizələr səslənir. Əsas fikir ondan ibarətdir ki, krizis ölkəmizdən önəmli ölçüdə yan keçib, valyuta rezervləri Azərbaycanı xilas edib. Lakin krizis ilində ölkəmizin iqtisadi fəlakətlərdən xilası həm də mübaliğəsiz olaraq hökumətin apardığı davamlı, praqmatik və rasional siyasətə əsaslanır...
İqtisadi məntiq və həqiqət bu fikrin doğruluğunu birmənalı olaraq sübut edir. Bu, təsdiqləmək üçün ABŞ-ın ipoteka bazarında başlayıb birjalara sıçrayan, oradan da real sektora sirayət edən qlobal iqtisadi böhranın mahiyyətinə və gözlənilən mümkün fəsadlarına nəzər yetirək. 12 oktyabr 1977-ci ildə ABŞ prezidenti Cimmi Karter "qırmızı xətt" (kredit verilməsinin məhdudlaşdırılması) əleyhinə sazişi imzaladı. O vaxta qədər kreditorlar əsas etibarilə yoxsul kateqoriyalara borc verilməsindən imtina edirdilər. Çünki onların fikrincə, aşağı gəlirliliklə zəif mənzil təminatının birləşməsi bir çox insanın öz kredit öhdəlikləri üzrə vəsaitləri ödəyə bilməməsinə səbəb olacaq. Beləliklə, borcverənlər riskli ipoteka kreditləri verməyə məcbur edildilər (bu "substandart" borclar da adlandırılır).
Bu uğursuz biznes axını 1985-ci ildə Amerikanın yığım və borc institutlarını müflis etdi. Nəticədə hökumət öz uğursuz borclanmasını geri götürdü və kredit təşkilatlarını birləşməyə təhrik etdi. Və əslində, özü də bilmədən onlara uğursuzluğa düçar olmağın daha böyük imkanını açdı. Eyni zamanda, digər problemlər də monetar inzibatçıları narahat edirdi. 1997-ci ildə ABŞ fond bazarı digər kreditorların tənəzzül edəcəyi qorxusu ilə kəskin eniş yaşadı. Asiya bazarları çökdü. Meksika, Argentina və hətta Rusiya borcları üzrə defolt elan etdi. Hər dəfə də Qərbin maliyyə iqtidarları bazarı nəğd pul ilə boğaraq böhrana cavab verdi. 11 sentyabrdan sonra isə ABŞ Federal Ehtiyat Sistemi (FES) faiz dərəcələrini 6,25% səviyyəsindən investor etibarının azalmasının bazarları batıra biləcəyi qorxusu ilə yalnız 1% azaltdı. Ancaq yenə də onların hərəkəti "kredit bumu"nu dəstəkləyən yanlış bazar reksiyasına səbəb oldu. Borclanmanın daha asan olduğu şəraitdə ipoteka müraciətləri kəskin artdı. Kreditorlar FES-in nəğd pul buraxılışları hesabına əvvəlkindən daha çox substandart kreditlərini məmnuniyyətlə müştərilərə təqdim etdilər.
Ev alan insanların sayının artması isə ev qiymətlərini yüksəltdi. Ev almaq artıq müəyyən biznesə çevrilmişdi, spiralvari olaraq daha çox insanlar kredit götürür və mənzil alırdı. Londonda və digər böyük maliyyə mərkəzlərində son onillikdə hökumətin yüksək xərcləri dövlət borcunun artması ilə də nəticələndi. Özəl sektorun borcları və mənzil qiymətləri isə daha dinamik templərlə artdı. Nəticədə isə likvidliyin kəskin azalması müşahidə olundu və dünya iqtisadiyyatı indiki duruma düşdü.
Bir çox inkişaf etməkdə olan ölkələr yüksək faiz dərəcələri və kəskin limitləşdirilmiş kreditlərlə qarşılaşdılar. 2011-ci ildə isə inkişaf etməkdə olan ölkələrdə ÜDM-in artım dinamikası 2010-cu ildəki 7,9% səviyyəsindən 4,5%-ə düşəcək. Özəl kapital axınının isə 1 trilyon dollar səviyyəsindən 530 milyard dollara düşəcəyi proqnozlaşdırılır. Həmçinin, ölkəsindən kənarda çalışıb ölkəsinə müntəzəm pul vəsaiti göndərən emiqrantların pul göndərişləri də azalacaq. Qlobal ticarət həcmi də 1982-ci ildən bu tərəfə, ilk dəfə olaraq, 2011-ci ildə azalacaq. Xarici investisiyalara və qısa-müddətli kreditlərə çıxış da çətinləşəcək. İnkişaf etməkdə olan ölkələrin ixracının da səngiyəcəyi və iri həcmli kapitalın geri çəkiləcəyi gözlənilir. Qlobal problemlər çoxtərəfli müzakirələr və həllər tələb edir ki, qlobal və milli liderlər də böhrandan çıxmaq üzrə məsuliyyətin və imkanların bölüşdürülməsinə, iqtisadi böhranın arxasındakı insan faktorunun üzə çıxarılmasına, yeni iqtisadi siyasətlərin müəyyən edilməsinə cəhd göstərməlidirlər.
Onu da qeyd edək ki, böhran şəraitində Azərbaycanda əsasən dövlət investisiya proqramı çərçivəsində infrastruktur layihələrinə qoyulan sərmayələr hesabına daxili investisiyanın artımı qarşılığında, ölkə iqtisadiyyatına yönələn birbaşa xarici investisiya bir qədər azalıb. Xarici mənbələrdən əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmi 2011-ci ildə 2,2 milyard manat (2,75 milyard dollar) təşkil edərək, əvvəlki ilin müvafiq dövründəkindən 16,3% az olub. Əgər əvvəlki illərdə azalmanın səbəbi daha çox neft-qaz layihələrinin investisiya repatriasiyası mərhələsinə keçməsi ilə əlaqədar olmuşdursa, 2011-ci ildə buna qlobal iqtisadi böhranın təsirlərini də əlavə etmək lazımdır. Onu da qeyd edək ki, Azərbaycana 2011-ci ildə yatırılan investisiya qoyuluşu üzrə xarici ölkələr və beynəlxalq təşkilatlar arasında ən böyük paya Böyük Britaniya malik olub.
Britaniya rezidentlərinin Azərbaycanda əsas kapitala yönəltdiyi investisiyanın həcmi 1,27 milyard dollara yaxın və yaxud manat ekvivalentində 1 milyard manat təşkil edib. Böyük Britaniya ilə yanaşı, Azərbaycan iqtisadiyyatının əsas xarici investorlarının ilk beşliyinə ABŞ, Yaponiya, Türkiyə və Norveç rezidentlərini daxil etmək olar. Bu dörd ölkəni təmsil edən investorların kapital qoyuluşu ümumi hesabda 941,3 mln. manata yaxındır, onların xüsusi çəkisi isə 42,3%-ə bərabərdir. Xatırladaq ki, 2011-ci ilin müvafiq dövründə Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafına bütün maliyyə mənbələrindən 9 milyard manat həcmində və ya 2010-cu ildəkindən 34,3% çox investisiya yönəldilib.
Bütün bunlar bir daha iqtisadi böhran ilindən Azərbaycanın uğurla çıxdığını təsdiqləyir və bir daha sübut edir ki, ölkəmiz böhran ilindən ən az itki ilə çıxan dövlətlər sırasındadır...
S.Əlioğlu
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...