Bir sıra ekspertlər belə hesab edirlər ki, Azərbaycanda kənd təsərrüfatına yönəldilən kredit resurslarının artırılmasına ehtiyac var. Bu mövzu ətrafında aparılan araşdırmalardan da məlum olur ki, dövlət büdcəsindən və müxtəlif layihələr çərçivəsində ayrılan vəsaitlərin 20-25 faiz illik artımı gözlənilir. Dünya Bankının "Azərbaycanın kənd investisiyaları", Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (IFAD) - "Dağ və yüksək dağlıq ərazilərin inkişaf etdirilməsi Proqramı", "Şimal-şərq inkişaf Layihəsi", "Şimal-qərb kənd inkişaf Layihəsi" layihələrin icrası uğurla davam edir. Ümumilikdə, bu layihələr çərçivəsində kənd təsərrüfatı malları istehsalçılarına artıq 196,5 milyon dollar məbləğdə kreditin ayrılması reallaşdırılıb. Onu da xatırladaq ki, AzRIP layihəsinin həyata keçirilməsinə dair kredit müqaviləsi 2004-cü il sentyabrın 23-də imzalanıb və 2004-cü il dekabrın 29-da qüvvəyə minib. Layihənin ümumi dəyəri 21,1 milyon dollar təşkil edir ki, bunun da 15 milyon dolları Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA), 3,3 milyon dolları Yaponiya hökumətinin qrantının payına, qalan hissəsi isə hökumətin payına (1,250 milyon dollar) düşür. 2010-cu ilin aprelində AzRIP layihəsinin ümumi məbləği 21,5 milyon dollar olan əlavə maliyyələşdirilməsi üzrə kredit sazişi imzalanıb.
1997-ci ildən başlayaraq, IFAD Azərbaycanda kənd təsərrüfatının inkişafı sahəsində bir sıra proqramlar həyata keçirib. Azərbaycanla əməkdaşlığın əvvəlindən Azərbaycan IFAD xətti ilə 20 il ödənişdən azad edilməklə və illik 0,75 faizlə güzəştli maliyyələşdirmə alıb.
Eyni zamanda, "Aqrokredit" kredit təşkilatı tərəfindən ötən 2010-cu il ərzində kənd yerlərinin kreditləşdirilməsi xətti ilə 652 sahibkarlıq subyektinə 7,5 milyon dollar kredit verilib. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2005-2010-cu illər ərzində kənd təsərrüfatı məhsulları istehsalı və emalı sahələrinin 7449 sahibkarlıq subyektlərinə 274,4 milyon dollar məbləğində kredit verilib.
Hesablamalar göstərir ki, bu illər ərzində hər bir təsərrüfat subyektinə verilən kredit 2005-ci ildə 13,2 min dollar təşkil edirdisə, bu məbləğ 2010-cu ildə 54,8 min dollara çatıb. 2007-2011-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən aqrar sektorun inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan və əvvəlki illərdə verilmiş kreditlər üzrə qayıdış hesabına Azərbaycanın 53 rayonunda aqrar sahədə fəaliyyət göstərən 1376 fiziki və hüquqi şəxslərə güzəştli kreditlər 46,1 milyon manat kredit verilib.
R.RƏSULOV
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...