PDF Oxu

İqtisadiyyat

  • 39

Neft amili dünya iqtisadiyyatında mühüm rol oynayır

Neft amili dünya iqtisadiyyatında mühüm rol oynayır

Ölkə rəhbərliyinin uğurlu iqtisadi siyasətinin nəticəsi olaraq, dünya iqtisadiyyatına ciddi zərbə vuran beynəlxalq maliyyə böhranı Azərbaycan iqtisadiyyatına təsir göstərmədi. Beynəlxalq böhranın daha ciddi xarakter daşıdığı dövründə ölkəmizdə yeni sənaye müəssisələri açılıb, istifadəyə verildi ki, bu da respublika rəhbərliyinin düzgün, məqsədyönlü iqtisadi siyasətinin nəticəsidir.

Artıq paytaxt Bakı ilə yanaşı, regionlarda da quruculuq-abadlıq işləri görülməkdədir. Qeyd etmək lazımdır ki, son illər ölkəmizdə yaradılan yeni istehsal, sənaye müəssisələrinin əksəriyyəti regionların payına düşür. Belə ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının qəbulu və bu proqramların uğurla icra edilməsi nəticəsində bölgələrdə əhalinin məşğulluq problemi öz müsbət həllini tapıb.

Ölkə iqtisadçılarının fikrincə, dünya bazarında son zamanlar neft məhsullarının qiymətinin bahalaşması Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək. Millət vəkili Vahid Əhmədov məsələ ilə bağlı açıqlamasında bildirib ki, dünya bazarında neftin baha qiymətə satılması ölkə iqtisadiyyatı üçün səmərəlidir: "Azərbaycan neft ölkəsidir və buna görə də dünya bazarında neftin baha qiymətə satılması respublika iqtsadiyyatı üçün faydalıdır. İndi neft məhsullarının baha qiymətə satılması ölkəmizin neft gəlirlərinin artmasına və ümumdaxili məhsulun artımına da təsirsiz ötüşməyəcək. Bu da iqtisadi, sosial layihələrin həyata keçməsinə imkan yaradacaq".

"2009-2013-cü illəri əhatə edən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına toxunan millət vəkili bildirdi ki, qeyd olunan proqram uğurla icra edilməkdədir: "Şübhəsiz ki, regionların inkişafı ilə bağlı iki Dövlət Proqramının qəbul edilməsi Azərbaycan hökumətinin, ölkə rəhbərliyinin uğurlu iqtisadi siyasətinin nəticəsidir. Onu da qeyd edim ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət Proqramının icrasının nəticəsi olaraq, regionlarda yeni istehsal müəssisələri yaradılıb, bölgələrdə yaşayan əhalinin məşğulluq problemi öz həllini tapıb və bunun da nəticəsində rayonlardan əhalinin paytaxta axınının qarşısı alınıb".

V.Əhmədovun sözlərinə görə, respublika rəhbərliyinin regionların sosial-iqtisadi inkişafı və qeyri-neft sektorunun inkişafı yönümündə gördüyü tədbirlərdən biri də aqrar sektorun inkişaf etdirilməsidir: "Sevindirici haldır ki, aqrar sektor da son zamanlar öz inkişaf dövrünü yaşayır. Bu, məni həm iqtisadçı kimi, həm də Azad İstehlakçılar Birliyinin sədri kimi çox sevindirir. Çünki ölkə vətəndaşları, istehlakçılar keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunurlar. Yəni, qeyd etmək istəyirəm ki, kənd təsərrüfatı məhsulları nə qədər çox istehsal edilsə, bu, bütövlükdə, istehlakçıların xeyirinədir. Məlumdur ki, hökumət tərəfindən kənd təsərrüfatı məhsullarının saxlanması üçün regionlarda soyuducular tikiləcək və bu, çox doğru addımdır". Millət vəkili bildirdi ki, qeyd olunan böhran digər dünya ölkələrinin iqtisadiyyatını iflic etsə də, Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərmədi: "Bu, iqtisadi inkişafın göstəricisidir. Əgər indiyə qədər böhran respublikamızın iqtisadiyyatına təsir göstərməyibsə, bu gündən sonra hər hansı bir təsir göstərəcəyinə inanmıram". Son günlər bəzi məhsulların qiymətində artım olmasına toxunan millət vəkili onu da vurğuladı ki, bu, Ramazan ayı ilə əlaqədardır: "Süni qiymət artımı, Ramazan ayı ilə əlaqədardır. Düşünürəm ki, bu süni qiymət artımı yaxın zamanlarda öz həllini tapacaq".


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər