Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan aldığımız məlumata görə, cari ilin 7 ayı ərzində fondun gəlirləri 1100,5 milyon manat təşkil edibdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 101,8 milyon manat və ya 10,2 faiz çoxdur. Bu gəlirlərin 62,2 faizini məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, 37,6 faizini dövlət büdcəsindən ayırmalar, 0,2 faizini isə sair daxilolmalar təşkil edir.
Verilən məlumata görə, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən 11,6 faiz və ya 71,4 milyon manat artaraq 684,9 milyon manat təşkil edibdir. Həmçinin, onu da qeyd etmək lazımdır ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 57,6 faizi və ya 394,4 milyon manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 12,9 faiz və ya 45,2 milyon manat artmışdır. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilibdir. Nəticədə, fiziki şəxslər üzrə daxilolmalar 15,9 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 22,9 faiz artmışdır.
DSMF-nin məlumatına görə, cari ilin birinci rübü ərzində büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 290,5 milyon manat təşkil edibdir. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,9 faiz və ya 26,2 milyon manat artıbdır. Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 2,2 milyon manat olub, daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan veribdir. Həmçinin, cari ilin 6 ayı ərzində 2011-ci ilin yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1059,6 milyon manat olmuşdur. Pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün fond tərəfindən 1034,4 milyon manat vəsait yönəldilibdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 74,7 milyon manat və ya 7,8 faiz çoxdur. Pensiya xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 7,5 faiz və ya 70 milyon manat artaraq 1002,5 milyon manat təşkil edibdir. Cari ilin ilk 7 ayında əhaliyə 31,9 milyon manat məbləğində müavinət ödənilibdir ki, bunun da 33,4 faizi hamiləliyə və doğuma görə, 26,8 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 17,4 faizi dəfn üçün, 22,4 faizi isə digər müavinətlərin payına düşür.
A.Səmədova
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...