PDF Oxu

İqtisadiyyat

  • 20

ARDNŞ işə qəbul qaydalarını avtomatlaşdırılmış sistemlə həyata keçirəcək

ARDNŞ işə qəbul qaydalarını avtomatlaşdırılmış sistemlə həyata keçirəcək

Avqustun 27-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) baş ofisində şirkətin idarə və müəssisə rəhbərlərinin, kadr xidmətləri rəislərinin və İnsan Resursları Departamenti əməkdaşlarının iştirakı ilə qurumun idarə və müəssisələrinə işə qəbul qaydalarının müzakirəsinə həsr olunmuş seminar-müşavirə keçirilmişdir.

AzərTAc xəbər verir ki, şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun sədrliyi ilə keçən tədbirdə bu ilin aprelində kadrların seçilməsi, işə qəbul olunması, daha səmərəli yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması və insan resurslarının idarə edilməsi üzrə işlərin təkmilləşdirilməsi məqsədilə ARDNŞ-də İnsan Resursları Departamentinin yaradıldığı bildirilmişdir. X.Məmmədov qeyd etmişdir ki, bu, şirkətdə işə qəbul prosesində subyektiv amillərin aradan qaldırılmasına xidmət edir. Şirkətə işə qəbul ancaq İnsan Resursları Departamenti tərəfindən elan olunmuş vakant yerlər üzrə müraciət edən vətəndaşların bilik və bacarığı yoxlanılmaq şərtilə həyata keçirilir.

Vurğulanmışdır ki, ARDNŞ-də işə qəbul üçün həlledici rolu peşə keyfiyyəti oynayır. Ötən müddətdə departament tərəfindən xeyli iş görülmüş, "İnsan resurslarının idarəedilməsi siyasəti" sənədi hazırlanaraq təsdiq edilmişdir. Dövlətçilik və vətənpərvərlik, qanunçuluq və prinsipiallıq, şəffaflıq və peşəkarlıq, obyektivlik və dəqiqlik, mənəvi saflıq kimi dəyərlər insan resursları idarəedilməsinin başlıca prinsipləri kimi sənəddə əksini tapmışdır. Eyni zamanda, departamentin fəaliyyətində rəhbər tutulacaq standartlar müəyyənləşdirilmiş, işə qəbul qaydaları, bunların həyata keçirilməsi üçün beynəlxalq standartlara cavab verən proqram təminatı hazırlanmış və testdən keçirilmişdir. Qeyd olunmuşdur ki, ictimaiyyət şirkətdə işə qəbul qaydalarında yeniliklər haqqında bundan sonra da məlumatlandırılacaqdır.

Sonra şirkətə işə qəbul qaydalarının təqdimatı olmuşdur.

Seminar-müşavirənin iştirakçıları mövzu ilə bağlı fikir və təkliflərini bildirdikdən sonra ARDNŞ-in vitse-prezidenti X.Məmmədov diqqətə çatdırmışdır ki, söylənilən fikirlər ümumiləşdiriləcək və nəzərə alınacaqdır.

Digər xəbərlər