Son vaxtlar iqtisadi gündəmdə olan müzakirə mövzularından biri də Azərbaycanda Xüsusi İqtisadi Zonaların (XİZ) və ya Azad İqtisadi Zonaların (AİZ) yaradılması məsələsidir. Məlum olduğu kimi XİZ-lər və AİZ-lər dünyanın bir neçə ölkəsində fəaliyyət göstərir və belə zonalarda sürətli iqtisadi yüksəliş müşahidə olunur.
Bizə hansı daha vacibdir: AİZ, yoxsa XİZ ?
Bunun əsas səbəblərindən biri də odur ki, həmin zonalarda fəaliyyət göstərən şirkətlərə vergi, gömrük və s. rüsumlarda böyük güzəştlər verilir, həmin zonalarda müvafiq infrastruktur yaradılır, beynəlxalq nəqliyyat və kommunikasiya dəhlizlərinə çıxışlar təmin olunur, istehsal, ticarət, idxal-ixrac əməliyyatları üçün real şərait yaradılır.
Burada, təbii ki, coğrafi şəraitin və ölkədaxili sabitliyin də mühüm rolu var. İqtisadi dairələrdə müzakirə olunan AİZ-lərin yaradılması məsələsi ölkəmiz üçün həddən artıq önəmli məsələlərdəndir. Gəlin aydınlaşdırmağa çalışaq- Azərbaycanda buna nə dərəcədə ehtiyac var?
Təbii ki, bu layihələrin reallaşması çox ciddi hazırlıqdan və eyni zamanda, imtiyazların mümkünlüyündən asılıdır. Dünyanın, demək olar ki, bütün ölkələri azad iqtisadi zonaların yaradılmasına çalışırlar. Ancaq indiyədək cəmisi bir neçə ölkədə nəticəsini vermir. Bu da o səbəbdəndir ki, həmin ölkələr buna ciddi hazırlaşmayıblar. Bir sıra ölkələr isə məhz belə zonaların yaranmasından sonra inkişaf etməyə başlayıb.
Azərbaycanda bu layihənin reallaşdırılması üçün yerli xüsusiyyətlər nəzərə alınıb, bu layihələri uğurla həyata keçirən ölkələrin təcrübəsi öyrənilib və müvafiq nəticələr çıxarılıb. Bu layihənin Azərbaycana nə verəcəyi ilə bağlı proqnozlar əldə edilib. Ekspertlərin ümumi qənaəti belədir ki, Azərbaycanda XİZ-lərin və AİZ-lərin yaradılmasına ehtiyac var.
Mütəxəssislər Azərbaycanda daha çox AİZ-lərin yaradılmasını məqsədəuyğun bilirlər. Xüsusi İqtisadi Zonalar və Azad İqtisadi Zonalar bir-birindən fərqlənən sistemlərdir. Bu iqtisadi zonalar arasında əsas fərqlər ondan ibarətdir ki, əgər azad iqtisadi zonalarda investorlar üçün gömrük, vergi və s. sahələrdə güzəştlər vəd edən azad mühit yaradılırsa, xüsusi iqtisadi zonalarda həmin güzəştlər tətbiq edilmir. Birincidə təsərrüfat subyektləri vergiləri ödəməkdən tamamilə azad olunurlar. XİZ-də isə yalnız müəyyən vergi güzəştləri tətbiq olunur.
Azərbaycanda AİZ-lərin yaradılması daha məqsədəuyğundur. Çünki xarici və yerli investorların cəlb edilməsi üçün güzəştlər əlverişli olmalıdır. Bu, strateji iqtisadi layihədir.
AİZ-lər dövlət büdcəsinin gəlirlərini azalda bilərmi?
Bəzi ekspertlər hesab edir ki, AİZ-lərdə fəaliyyət göstərən şirkətlər, sahibkarlar vergi və rüsumlardan azad olunacaq və bu faktor dövlət büdcəsinə daxil olacaq vəsaitlərin azalmasına gətirib çıxaracaq. Lakin qeyd etməliyik ki, belə zonalar onsuz da iqtisadi cəhətdən az inkişaf etmiş regionlarda təşkil olunacaq. Onların ümumi büdcədə payı çox aşağıdır.
Ona görə də həmin zonalarda investisiya qoyuluşu bölgənin ümumi inkişafına ciddi təsir göstərəcək. Yəni, bunun nəticəsində orada xeyli iş yerləri yaradılacaq, həmin regionun bütün problemləri həll ediləcək, əhalinin pul gəlirləri artacaq, yerli sahibkarlar vergi və gömrük güzəştləri əldə edəcək və s. Sonradan da dolayısı ilə büdcəyə əlavə vəsaitlərin cəlb olunmasına gətirib çaxaracaq.
Yəni, zəif inkişaf etmiş bölgədə AİZ-in yaranmasından qısa müddət sonra iqtisadi yüksəliş başlayacaq. Bu, həm də ölkədə qeyri-neft sektorunun inkişafına və beynəlxalq ticarət imkanlarımızın genişlənməsinə gətirib çıxaracaq. Bir çox ölkələrdə sürətli iqtisadi inkişaf da məhz azad iqtisadi zonaların yaradılmasından sonra başlayıb.
Azad iqtisadi zonaların yaradılması üçün dövlət büdcəsindən o qədər də çox vəsaitlər tələb olunmur və beynəlxalq maliyyə institutları burda rol oynamır. Yalnız investorların qoyduğu kapital hesabına belə zonalar yaranır və inkişaf edir. Onlar invsetisiya qoyurlar və xüsusi güzəştlər nəticəsində qoyduqları sərmayəni qısa zamanda çıxarırlar.
AİZ-lər hansı sahələrin inkişafına təkan verə bilər?
AİZ-lərin qeyri-neft sektorunun bütün sahələrini inkişaf etdirə bilmək imkanları var. Sadəcə, burada təbii imkanlardan normal istifadə və azad rəqabət mühitinin formalaşması kifayət edər. Təbii ki, ölkəmizdə belə zonaların yaradılması bir sıra iqtisadi və sosial problemlərin həllinə, eyni zamanda, iqtisadi inkişaf sürətinə yardımçı ola bilər. Çünki azad iqtisadi zonanın yaradılması həmin əraziyə xarici investisiya axınını sürətləndirir və bu da, təbii ki, müxtəlif təyinatlı yeni sənaye müəssisələrinin yaradılmasına gətirib çıxaracaq.
Bu isə özlüyündə yeni iş yerlərinin yaradılması və məşğulluq probleminin həlli deməkdir. Bundan başqa, AİZ-in yaradılması regionların sosial-iqtisadi inkişafına təkan verəcək. Belə zonaların yaradılmasının bir üstünlüyü də idxala deyil, ixraca yönələn iqtisadiyyatın formalaşmasıdır. Bunun nəticəsində xarici ticarətdə müsbət saldonun daha da artmasına stimul yaranır.
Dünya təcrübəsindən məlumdur ki, belə layihələrin təkcə iqtisadi yox, həm də digər istiqamətlərdə təsiri ola bilər. Belə beynəlxalq əhəmiyyətli layihələr təkcə iqtisadi deyil, digər aspektlərdən də nəzərdən keçirilməlidir. Aydındır ki, Azərbaycanda AİZ-lərin yaranmasından sonra ölkəmizin beynəlxalq aləmdə siyasi çəkisi də artacaq. Bundan başqa, ölkəmiz həm də digər sahələrdə (məs. elmi, texniki və s.) sahələrdə inkişaf edəcək. Ümumiyyətlə, bu layihə Azərbaycanın təkcə iqtisadi sahədə deyil, bütün sahələrdə sürətli inkişafına töhfə verəcək.
Elçin Bayramlı
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...