Azərbaycan hazırda inkişafın çox mühüm mərhələsini yaşayır. Ölkə Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: "Biz 20 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Bizim taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı öz taleyinin sahibidir". Dövlət başçısı onu da vurğulamışdır ki, 20 il ərzində Azərbaycan xalqı bütün dünyaya sübut edə bilib ki, biz müstəqil dövlət kimi yaşaya və inkişaf edə bilərik. İqtisadi inkişaf templərinə görə Azərbaycan dünya miqyasında lider dövlətdir. Son illər ərzində dünya miqyasında heç bir başqa ölkədə Azərbaycandakı qədər görülən işlər və əldə edilmiş nailiyyətlər olmamışdır.
Bütün bu nailiyyətlər statistika göstəricilərdə də özünü təsdiqlədiyini qeyd edən ölkə Prezidenti İlham Əliyev demişdir ki, son 7 il ərzində bizim dövlət büdcəmiz 16 dəfə artmışdır və Ermənistanın dövlət büdcəsindən 10 dəfə çoxdur: "Hərbi xərclərimiz 20 dəfə artmışdır, yoxsulluq 5 dəfə azalmışdır, bir milyona yaxın yeni iş yeri açılmışdır. Azərbaycanda böyük sənaye müəssisələri yaradılmışdır. Aparılan iqtisadi islahatlar nəticəsində ölkə iqtisadiyyatının şaxələndirilməsi prosesi uğurla gedir və bu gün Azərbaycanda dayanıqlı iqtisadiyyat formalaşır".
Ötən 8 ildə ölkə başçısının imzaladığı sosial-iqtisadi inkişafa dair dövlət proqramlarının icrası, yeni şəraitə adekvat islahatlar kursunun aparılması respublikamızın bugünkü uğurlarını şərtləndirir. Xüsusilə də, dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər regionlarda sahibkarlığın inkişafını sürətləndirib, oradakı əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət qədər səmərəli istifadəyə imkan verib, iqtisadiyyatın tarazlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına etibarlı zəmin yaradıbdır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar yaradıbdır.
Həmçinin, respublikamızda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, bütün sosial məsələlərin vaxtında və yüksək səviyyədə həlli istiqamətində də məqsədyönlü işlər görülübdür. Cari ilin 6 ayı ərzində ünvanlı yardım alan ailələrin sayı 125 472, hər ailəyə ödənilən yardımın orta aylıq məbləği isə 103,95 manat təşkil edibdir. Hazırda respublikamızda ünvanlı sosial yardım alan ailələrin daha fəal sosial təminatyönümlü proqramlara cəlb olunmaları, beynəlxalq təcrübəyə uyğun olaraq şərtləndirilmiş sosial yardımın verilməsi prinsiplərini özündə birləşdirən Birdəfəlik Sosial Yardım (Özünədəstək) proqramının sınaqdan keçirilməsi davam etdirilir. Ölkədə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də, regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin maddi rifah halının yaxşılaşdırılması məsələləri ötən illərdə Prezident İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. İdarəetmə sisteminə dinamizm və müasirlik çalarları gətirən dövlət başçısı İlham Əliyev hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləşdirməklə onların icra prosesini şəxsi nəzarətdə saxlamış, habelə, ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər etmişdir. Bu baxımdan son illərdə regional inkişaf və qeyri-neft sektorunun inkişafı naminə həyata keçirilmiş tədbirləri xüsusi vurğulamaq olar.
Hazırda Azərbaycanın, demək olar ki, bütün rayonlarına səfərlər edən Prezident İlham Əliyev insan amilinə necə yüksək dəyər verdiyini, bütün fəaliyyətində vətəndaşların maraq və mənafeyini, firavanlığını uca tutduğunu təsdiqləmişdir. Dövlət başçısı İlham Əliyev çıxışı zamanı bildirmişdir: "İqtisadi inkişaf templərinə görə Azərbaycan son 7 il ərzində dünyada bənzəri olmayan sürətlə inkişaf etmişdir. İqtisadiyyatmız təxminən 3 dəfə artmışdır. Sənaye istehsalımız 3 dəfə yüksəlmiş, yoxsulluq 5 dəfə azalmışdır. Biz artıq böyük maliyyə imkanlarına malikik. İqtisadiyyatımız artıq çoxşaxəlidir. Müstəqilliyimiz möhkəmlənir. İqtisadi imkanlarımız, regiondakı rolumuz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Eyni zamanda, ölkədə iqtisadi və sosial məsələlər öz həllini tapmaqdadır. Son 7 il ərzində büdcə xərclərimiz 12 dəfə artmışdır. Maaşlar, pensiyalar dəfələrlə artmışdır..."
Beləliklə, yuxarıda qeyd olununa faktlar və həyata keçirilən uğurlu dövlət proqramları ölkəmizdə əhalinin sosial rifahının yaxşılaşdırılmasına, regionlarda əhalinin rifah halının yüksəlməsinə və işsizlik probleminin sürətlə aradan qalxmasına təkan verir.
RƏFİQƏ HÜSEYNOVA
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...