Azərbaycan iqtisadiyyatının davamlı inkişafı ölkə vətəndaşlarının rifah halının daha da yaxşılaşmasına xidmət edən təzahürlərdəndir. Belə ki, bütün sahələrlə yanaşı, ölkənin neft və qaz potensialının artması, Azərbaycanın istər bölgədə, istərsə də beynəlxalq aləmdə artan nüfuzunu daha da möhkəmləndirir. Eyni zamanda, vurğulamaq lazımdır ki, "Abşeron" blokunda iri qaz yatağının aşkarlanması ölkəmiz üçün əlamətdar hadisə olmaqla birgə, digər tarixi hadisə ilə də üst-üstə düşür. Belə ki, xalqımız əldə etdiyi müstəqilliyin 20 illiyini qeyd edən ərəfədə bu möhtəşəm hadisə ikiqat sevincə səbəb oldu.
Xarici şirkətlər Azərbaycanda işləmək üçün maraqlıdır
Əbəs yerə deyil ki, artıq bir çox nüfuzlu xarici şirkətlər Azərbaycanda işləmək üçün bütün güclərini ortaya qoymaqdadırlar. Məsələn, yeni qaz yatağının aşkarlanmasında "TOTAL" şirkətinin fəaliyyətini buna misal göstərmək mümkündür. Ölkə rəhbəri bununla bağlı deyib: "Xarici şirkətlərin respublikamıza marağının daim artması ölkəmizdə əlverişli və etibarlı investisiya mühitinin yaradılmasının məntiqi nəticəsidir".
Eyni zamanda, xarici şirkətin rəsmisi M.Borrell "Abşeron" blokunda iri qaz yatağının kəşfinin mühüm hadisə olduğunu bildirib. M. Borrel şirkətin Azərbaycanla əməkdaşlığının bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduğunu vurğulayıb.
Azərbaycan dünyanın lider dövləti kimi bundan sonra da öz sözünü deyəcək
Bu əsnada vurğulamaq lazımdır ki, dövlət başçısı İlham Əliyev kəşf olunmuş yeni qaz yatağının Azırbaycanın dünyanın ən böyük qaz istehsal edən ölkələri sırasında mövqeyini daha da möhkəmləndirəcəyini bildirib. Möhtəşəm və tarixi əhəmiyyət kəsb edən bu hadisə bir daha sübut edir ki, müstəqil Azərbaycan öz iqtisadi gücü və potensialı ilə qarşıda daha köklü güc formalaşdıraraq, dünyanın lider dövləti kimi öz sözünü deyəcək. Məhz bu səbəbdən də Prezident İlham Əliyev Azərbaycanın neft-qaz strategiyasını uğurla davam etdirmək üçün bundan sonra da məqsədyönlü və ardıcıl siyasətini davam etdirəcəyini vurğulayıb.
Azərbaycan regional əməkdaşlığa töhfələrini əsirgəmir
Prezident İlham Əliyev "Abşeron" blokunda iri qaz yatağının kəşfi münasibətilə Azərbaycan xalqını təbrik edib və yeni-yeni uğurlar arzulayıb. Dövlət başçısı yeni yatağın Azərbaycanın regionda və dünyada mövqeyinin möhkəmlənməsinə, respublikanın sosial-iqtisadi inkişafının daha da güclənməsinə və xalqın maddi-rifah halının yaxşılaşmasına mühüm təsir göstərəcəyini vurğulayıb: "Abşeron" blokunda yeni qaz yatağının kəşfi Ulu Öndər Heydər Əliyevin yeni neft strategiyasının uğurla davam etdirildiyini və Azərbaycanın neft-qaz ölkəsi kimi də beynəlxalq imicinin durmadan möhkəmləndiyini göstərir. Azərbaycan regional əməkdaşlığa da töhfələrini əsirgəmir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır".
Avropa ilə Asiya arasında mühüm körpü rolunu oynayan Müstəqil Azərbaycan son illərdə daha da gücləndirilən məqsədyönlü, çoxşaxəli və balanslaşdırılmış dövlət siyasəti nəticəsində hazırda dünyanın ən dinamik inkişaf edən ölkələrindən biri kimi bundan sonra da öz potensialını ortaya qoyaraq, davamlı uğurlara imza atacaq.
RƏFİQƏ KAMALQIZI
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...