İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti endirimlərin tətbiqi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı yoxlamalara başlayıb. Nazirlikdən verilən məlumata görə, Bakı şəhəri, H.Əliyev küçəsi, ev 4, mənzil 1 ünvanında Fərid Şıxəliyevə məxsus uşaq geyimlərinin satışı mağazasında aparılan yoxlama zamanı mağazada istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyən olunub. Belə ki, mağazanın ön tərəfindəki pəncərələrin üzərində iri hərflərlə "Endirim 70 faiz bütün mallara" sözləri yazılsa da, mağazada satılan 133 çeşiddə uşaq geyimlərinə, ümumiyyətlə, endirim tətbiq edilmədiyi müəyyən edilib. Bundan başqa, mağazada satışda olan və etiketlərində əvvəlki və hazırkı qiymətlər göstərilmiş 85 çeşiddə uşaq geyimlərinə isə yalnız 40-60 faiz endirim tətbiq edildiyi aşkarlanıb.
Dövlət Xidməti istehlakçılara endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində alış-veriş edərkən diqqətli olmağı, endirimlərin reklamlarda göstərilən məlumatlara uyğunluğuna, malların üzərində malın adı, növü, habelə, endirimdən əvvəlki və sonrakı qiyməti göstərilmiş müvafiq qiymət kağızının olmasına xüsusi diqqət yetirmələrini tövsiyə edir.
R.RƏSULOV
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...