PDF Oxu

İqtisadiyyat

  • 17

Bakıda yeni içməli su xətti çəkilir

Bakıda yeni içməli su xətti çəkilir

Məlum olduğu kimi, son zamanlara qədər ölkə ictimaiyyətində ciddi müzakirə obyektinə çevrilən ən aktual mövzulardan biri də Bakı şəhərinin içməli su və kanalizasiya sistemi ilə əlaqədar yaşanan problemlərlə bağlı olub.

Belə ki, 1950-60-cı illərdə istifadəyə verilmiş su və kanalizasiya xətlərinin istismar müddətinin bitməsindən, həmçinin, uzun müddət istifadədə olan xətlərin, paytaxtın sayı ilbəil artan yaşayış obyektlərinin və əhalisinin tələbatına uyğun gəlməməsindən gedir. Onu da vurğulamaq yerinə düşər ki, uzun illər ərzində sadaladığımız problemlər üzündən hətta Bakı şəhərinin müxtəlif yaşayış massivlərində içməli su qıtlığının yaranması, kanalizasiya sistemlərinin nasazlığı, yaxud işləməməsi üzündən yağış sularının kanalizasiya quyularını doldurması, aşıb-daşan çirkli suların küçələr, prospektlər və yollar boyunca axması hallarının dəfələrlə şahidi olmuşuq. Lakin bütün bunlar artıq geridə qalmaqdadır. Çünki son zamanlar ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü sayəsində çoxsaylı problemlər zaman-zaman çözülməkdədir.

Xüsusilə də, yenicə istifadəyə verilmiş "Bakı-Qəbələ-Oğuz" su kəməri də dediklərimizə əyani sübutdur. Belə ki, paytaxtın ayrı-ayrı yerlərində yeni su anbarlarının tikilməsi, köhnə anbarların yenidən qurulması və rekonstruksiyası, su və kanalizasiya sistemlərinin yenilənməsi, həmin sistemlərin əvvəllər mövcud olmadığı məkanlarda yeni kanalizasiya quyularının qazılması, yeni kanalizasiya və su xətlərinin çəkilməsi, köhnə kəmərlərin dəyişdirilməsi və s. də "Azərsu" ASC tərəfindən həyata keçirilən profilaktiki tədbirlər sırasındadır. Bütün bunlar isə Bakı şəhərinin kanalizasiya və su təchizatının keyfiyyətinin daha da yüksəldilməsinə, həmçinin, əksər abonentlərin fasiləsiz olaraq içməli su ilə təmin olunmasına yönəldilib. Belə tədbirlərdən biri də Yasamal rayonunun Mətbuat prospektində gerçəkləşdirilir.

Görülən işlərlə bağlı "Azərsu" ASC-in mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Səs" qəzetinə verdiyi açıqlamasında Bakı şəhərindəki 20 məkanda yeni su kəmərlərinin çəkilişi prosesinə start verilib: "Artıq bu sahədə işlər davam etdirilir. Nəsimi rayonundakı Mərdanov qardaşları küçəsində, "20 Yanvar" dairəsi yaxınlığında, Moskva prospektində, Cavadxan və R.Məmmədov küçələrinin kəsişməsində yeni su kəmərləri artıq istifadəyə verilib. 6 ərazidə isə su kəmərlərinin istifadəyə verilməsi yaxın vaxtlarda mümkünləşəcək. Hazırda prosesin davam etdirildiyi ərazilərdən biri də Mətbuat prospektidir. Həmin prospektdən Mikayıl Müşfiq küçəsinə doğru istiqamətlənən ərazidə isə 1200 metrdən artıq məsafədə 530 millimetrlik yeni su xəttinin çəkilişi 20-25 günə yekunlaşacaq. İyulun əvvəllərində həmin kəmərlər istifadəyə verildikdən sonra yaxınlıqdakı yaşayış binalarına və digər obyektlərə fasiləsiz su veriləcək".

A.Cəbrayıllı onu da bildirdi ki, haqqında bəhs etdiyimiz 20 məkanda yeni su xətləri istifadəyə verildikdən sonra paytaxtın 11 rayonunda içməli su təchizatı daha da yaxşılacaq: "Əvvəllər içməli su sarıdan problemlər və çətinliklər yaşanan bütün ərazilərdə bununla bağlı bütün məsələlər çözüləcək. Hətta bəzi abonentlərimizin fasiləsiz olaraq içməli su təminatı da öz həllini tapacaq. Yəni belə abonentlərimizin sayı kifayət qədər artacaq. Bir sözlə, "Azərsu"nun yeni su kəmərlərinin çəkilişində məqsədi yalnız və yalnız paytaxt əhalisinin suya olan tələbatını tam ödəmək və abonentlərimizə yüksək keyfiyyətli xidmət göstərməkdir. İnanıram ki, biz bir ASC olaraq qarşımıza qoyduğumuz bütün məqsədlərə yüksək səviyyədə nail olacağıq".

A.Səmədova

Digər xəbərlər