PDF Oxu

İqtisadiyyat

  • 20

İpoteka sistemində yeniliklər

İpoteka sistemində yeniliklər

Son vaxtlar mətbuatda ipoteka kreditlərinin verilməsi ilə bağlı prosedur qaydalarının sadələşdirilməsi məsələsi geniş müzakirə obyektinə çevrilibdir. İqtisadçı-ekspert Vüqar Bayramov "Səs" qəzetinə verdiyi açıqlamasında ipoteka krediti və kreditlərin alınma mexanizmlərinin sadələşdirilməsi məsələsi ilə bağlı məsələlərə aydınlıq gətirib. Ekspertin sözlərinə görə, artıq Azərbaycanda ipoteka sisteminin tətbiq olunmasından beş ildən də çox zaman keçir.

İpoteka kreditlərinin verilməsinin təkmilləşdirilməsi ilə bağlı dövlət başçısı tərəfindən imzalanan Sərəncam sayəsində ölkədə sosial ipoteka kreditlərinin də verilməyə başladığını qeyd edən ekspert sosial ipoteka kreditlərinin adi ipotekadan fərqli olduğunu vurğuladı: "Hal hazırda ipoteka kreditləri iki istiqamətdə həyata keçirilir: sosial və adi ipoteka kreditləri. Adi ipoteka kreditlərinin faiz məbləği 8, maksimum məbləği isə 50 min manatdır. Bu kreditlər 25 il müddətinə müəyyən olunur. Hər bir Azərbaycan vətəndaşı adi ipoteka krediti götürmək imkanına malikdir. Sosial ipoteka kreditləri isə sosial problemlərin həlli ilə bağlı götürülən kreditlərdir. Bu kreditlər Azərbaycan Respublikası Prezidentinin 2007-ci il Fərmanına əsasən həyata keçirilir. İpoteka kreditləri 30 il müddətinə maksimum məbləği 4 faizlə 35 min manatdır. Cari ilin 8 ayı ərzində Azərbaycan Respublikası İpoteka Fondu 47 milyon manatlıq ipoteka istiqrazı yerləşdirib. Adi ipotekanın verilməsinə 44,3 milyon manat vəsait ayrılıb. Qeyd edim ki, bu ilin 8 ayı ərzində vətəndaşlara 14,2 milyon manat sosial ipoteka kreditləri verilib. Kommersiya bankları isə, öz vəsaitləri hesablarına 61,3 milyon manat ipoteka krediti verib".

V.Bayramov Mərkəzi Bank, Gənclər İdman Nazirliyi və digər dövlət qurumlarının son açıqlamalarına əsaslanaraq, Azərbaycanda ipoteka kreditləşmə sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürdüyünü də söyləyib. İqtisadçı-ekspertin sözlərinə görə, ipoteka kreditinin xeyli dərəcədə sadələşdirilməsi üçün maksimum məbləğin artırılması nəzərdə tutulur: "Belə ki, sosial ipoteka kreditləri 35 min manat təklif olunub və bunun 50 min manata qədər artırılması nəzərdə tutulub. Eyni zamanda, adi ipoteka kreditlərinin 50 min manatdan 75 min manata qədər olması təklifi də irəli sürülüb".

Digər problemlər isə ipoteka kreditlərinin verilməsi ilə bağlı prosedur qaydalarına toxunan iqtisadçının sözlərinə görə, ipoteka kreditlərini almaq üçün, ilk növbədə, maaş yüksək olmalıdır. Maaşları 500 manat və ondan yuxarı olmayan təbəqəsinin ipoteka kreditlərindən yararlanmaq imkanlarının olmadığını söyləyən iqtisadçı bu məsələyə də aydınlıq gətirib: "Bu gün maaşla bağlı qoyulan tələbin əhalinin hazırkı sosial-iqtisadi vəziyyəti ilə uyğun gəlmir. Hazırda ölkədə orta aylıq əməkhaqqı 300-350 manat arasında olduğundan, əhalinin çox hissəsi dövlətin ipoteka siyasətindən kənarda qalır. Digər problem isə, ipoteka kreditləri almaq istəyən vətəndaşlardan sənədlərin çoxluğu məsələsidir. Ona görə də, bu kreditlərin alınmasında sənədlərin azaldılması məsələsi irəli sürülür. Belə ki, elektron ipoteka sisteminin tətbiqi bu prosedurun uğurla həyata keçirilməsinə imkan verəcəkdir. Belə ki, bu sistem tətbiq olunduqdan sonra isə iki dəfə sənədlərin azalması prosesi baş verəcək, daha çox ipoteka krediti alan vətəndaşların sayının artmasına gətirib çıxaracaq. Digər bir problem ipoteka kreditində faizin çox olmasıdır. Belə ki, güman edilir ki, sosial yönümlü ipoteka krediti 4 faizdən 2 faizə endirilsin. Bu da imkan verəcək ki, müəyyən sosial kateqoriyalı - şəhid ailələri, məcburi köçkün və qaçqınların ailələri, elmi dərəcəsi olanlar, hərbçilər, məhz bu kreditdən bəhrələnsinlər. Son proseslər göstərir ki, vətəndaşlar daha çox sosial kreditlərdən istifadə edirlər. Bu baxımdan, bu kreditlərin verilməsi istiqamətində daha çox işlər aparılmalıdır. Bu gün ipoteka krediti alan vətəndaş aldığı kreditin 20 faizini həmin anda ödəməlidir. Yeni dəyişikliklərdən sonra qeyd etdiyimiz ilkin ödəniş prosesi həyata keçirilməyəcək. Bu isə aztəminatlı vətəndaşa ilkin ödəniş etmədən kredit götürmək imkanı verəcək, mənzilin bütövlükdə xərcləri ipoteka krediti tərəfindən ödəniləcəkdir. Bu dəyişikliklər ipoteka kreditinin Azərbaycanda inkişaf prosesinə gətirib çıxaracaqdır. Bütövlükdə, ipoteka sistemində edilən dəyişikliklər əhalinin sosial problemlərin həll edilməsinə şərait yaradacaqdır".


RƏFİQƏ

Digər xəbərlər