PDF Oxu

İqtisadiyyat

  • 18

“İçərişəhər” bufer zona elan edildi

“İçərişəhər” bufer zona elan edildi

Nazirlər Kabineti "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə"ni təsdiq edib. SİA-ın Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun (bundan sonra - Qoruq) mühafizə (bufer) zonası Qoruq ətrafında müəyyən edilən əlavə tənzimləmə sahəsidir. Zonanın müəyyən edilməsində əsas məqsəd YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin tarixi-mədəni irsinin mühafizəsini, Qoruq ərazisində yerləşən abidələrin bədii-estetik görkəmini, onların təhlükəsizliyini, funksional təyinatını və uzunömürlülüyünü təmin etməkdir. Zonada həyata keçirilən işlər Qoruğun statusuna, inkişaf konsepsiyasına, ümumi memarlıq kompozisiyasına uyğun olmalı və Qoruğun mövcud həcm-məkan ölçülərini pozmamalıdır. Zonanın şəhərsalma və təsərrüfat fəaliyyəti üçün istifadəsi məhdudlaşdırılır. Zonada yerləşən daşınmaz tarix və mədəniyyət abidələrinin texniki inventar sənədlərinin surətləri İdarədə saxlanılır.

Zonanın hüdudları daxilində yerləşən torpaq sahəsi və üzərindəki tikililər yeraltı mədəni təbəqələrlə birlikdə xüsusi hüquqi rejimli sahə hesab olunur. Zonada yerləşən torpaq sahəsi dövlət mülkiyyətindədir və onun bələdiyyəyə və ya xüsusi mülkiyyətə verilməsinə yol verilmir. Zonadan keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti Qoruq ərazisində yerləşən abidələrin qorunması üçün təhlükə yaradarsa, İdarə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası qarşısında həmin yollardan istifadəyə məhdudiyyətlərin tətbiqi və ya istifadənin tam dayandırılması barədə məsələ qaldırır. Zonada yerüstü və yeraltı abidələr üçün təhlükə yarada bilən torpaq, söküntü, tikinti-quraşdırma, yenidənqurma, abadlıq və təmir işlərinin aparılmasına yol verilmir. Zonada torpaq işləri və mühəndis-kommunikasiya xətlərinin çəkilişi Qoruğun mövcud qala divarlarından ən azı üç metr məsafə gözlənilməklə aparılmalıdır. Zonanın ərazisində Qoruğun qala divarlarının, dünya və ölkə əhəmiyyətli abidələrin qarşısında yeni bina və tikililərin inşası qadağandır.

Digər xəbərlər