PDF Oxu

İqtisadiyyat

  • 11

Neft-qaz sektorunda mühüm irəliləyiş...

Neft-qaz sektorunda mühüm irəliləyiş...

Ölkə iqtisadiyyatında müsbət inkişaf meyilləri, əvvəlki dövrlərdə olduğu kimi, cari ilin ötən aylarında da davam etməkdədir. Bu isə, ölkəmizdə çox düzgün və düşünülmüş iqtisadi strategiyanın həyata keçirilməsinin nəticəsidir. Ölkə Prezidenti İlham Əliyev tərəfindən bir neçə il öncə iqtisadiyyatın şaxələndirilməsinin, qeyri-neft sektorunun inkişaf etdirilməsinin prioritet vəzifə kimi qarşıya qoyulması artıq öz müsbət nəticələrini verməkdədir. Təkcə onu demək kifayətdir ki, 2011-ci ilin ötən dövrü ərzində qeyri-neft sektorunda 7,2 faiz artım qeydə alınmışdır ki, bu da keçid iqtisadiyyatı dövrünü yenicə başa çatdırmış Azərbaycan üçün yüksək göstərici hesab edilə bilər.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış neft strategiyasınin uğurları nəticəsində Azərbaycan artıq inkişafın yeni mərhələsinə qədəm qoyubdur. Bununla belə, neft sektoru ölkə iqtisadiyyatının aparıcı sahəsi olmaqla yanaşı, digər sahələrin də inkişaf etdirilməsi üçün etibarlı təminat yaradır. Dövlət başçısı məsələyə toxunarkən demişdir: "...Elə etməliyik ki, uzun illər, onilliklər bundan sonra Azərbaycan iqtisadiyyatı neft amilindən öz asılılığını maksimum dərəcədə azaltsın".

Dövlət Statistika Komitəsinin 2011-ci ilin ötən 7 ayı ilə bağlı verdiyi məlumata görə, ölkəmizin sosial-iqtisadi inkişafını xarakterizə edən ümumi daxili məhsul istehsalında 1,1 faizlik, yaxud müqayisəli qiymətlərlə 269,9 milyon manatlıq artım qeydə alınıb, ölkə iqtisadiyyatının əsasını təşkil edən sənaye istehsalında 2,3 faizlik artım baş veribdir. Həmçinin, komitənin məlumatına görə, sənaye istehsalında, bütövlükdə isə ölkə iqtisadiyyatında qeydə alınan artım, əsasən, neft-qaz sektorunun hesabına baş veribdir. Belə ki, cari ilin 7 ayı ərzində ölkədə 27 milyon 691,1 min ton neft və 15 milyard 145,7 milyon kubmetr əmtəəlik qaz hasil olunubdur. Hasil olunan neftin təqribən 5,1 milyon tonu, qazın isə 4,2 milyard kubmetri dövlət sektorunun - ARDNŞ-in payına düşür.

Komitənin məlumatına əsasən, ölkədə qaz istehsalının artırılması istiqamətində həyata keçirilən tədbirlərin də səmərəsi getdikcə artır. Belə ki, son illər Dövlət Neft Şirkəti tərəfindən yeni qaz proqramının uğurla reallaşdırılması, yığım-nəql sisteminin təkmilləşdirilməsi, yeni quyuların qazılıb istismara verilməsi nəticəsində ölkədə əvvəlki illərdə müşahidə olunan qaz böhranının qarşısı tamamilə alınıbdır. Artıq Dövlət Neft Şirkəti üzrə qaz hasilatı 4 milyard 260,5 milyon kubmetr təşkil edibdir ki, bu da əhalinin və iqtisadiyyatın "mavi yanacaq"la təminatını xeyli yaxşılaşdırıb. Həyata keçirilən kompleks tədbirlərin nəticəsidir ki, bu gün ölkədə qazlaşdırma prosesi sürətlə gedir, bütün rayon mərkəzlərinə, eləcə də, iri kənd və qəsəbələrə "mavi yanacaq" verilir. Bütövlükdə isə, artıq Azərbaycanda qazlaşdırmanın səviyyəsi 85 faiz təşkil edir ki, bu da neft və qaz hasil edən ölkələr arasında yüksək göstərici hesab olunur.

Göründüyü kimi, ölkəmizin neft-qaz sektorunda inkişaf meyilləri davam etməkdədir. Təkcə onu demək kifayətdir ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurla reallaşdırılması nəticəsində Azərbaycanda neft və qaz hasilatı artıq rekord səviyyəyə çatdırılıbdır. Bundan əlavə, alternativ neft-qaz nəql marşrutlarının uğurlu fəaliyyəti ölkəmizin ixrac imkanlarını da getdikcə artırır.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər