PDF Oxu

İqtisadiyyat

  • 16

Əhalinin gəlirləri inflyasiyanı üstələyir

Əhalinin gəlirləri inflyasiyanı üstələyir

Azərbaycan Prezidenti İlham Əliyevin son 8 ildə elmi əsaslarla yürütdüyü sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin edib. Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf mərhələsinə qədəm qoyub.


Sosial siyasət əsas prioritetlərdəndir


Son illərdə ölkədə makroiqtisadi sabitlik, strateji valyuta ehtiyatlarının artımı və səmərəli istifadəsi, milli valyutanın sabitliyi təmin edilib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib. Ən təqdirəlayiq hal isə odur ki, qeyri-neft sektorunun inkişaf sürəti neft sektorunu üstələyib. Son 2 il ərzində Azərbaycan iqtisadiyyatı 15 faiz artıb. Bu artım qəbul edilmiş regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası nəticəsində mümkün olub. Əgər vaxtında regionların inkişafına böyük diqqət yetirilməsəydi, çox güman ki, iqtisadiyyatımız bu gün birtərəfli iqtisadiyyat kimi özünü göstərərdi.

Şübhəsiz ki, bu uğurun əldə olunmasında görülən işlərin sistemliliyini təmin edən dövlət proqramlarının, xüsusilə, regionların sosial-iqtisadi inkişafına dair proqramın əhəmiyyətli rolu danılmazdır.

Dövlətimizin başçısı İlham Əliyev ikinci regional proqramın icrasını da daim diqqət mərkəzində saxlayır, mütəmadi şəkildə yerlərdə olur, görülən işlərlə ciddi şəkildə maraqlanır, qarşılaşılan problemlərin həlli ilə bağlı konkret tapşırıqlar verir.

Müntəzəm surətdə həyata keçirilən bu səfərlər regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində mühüm rol oynamaqla yanaşı, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran özünəməxsus vəzifələrin müəyyənləşdirilərək yerinə yetirilməsini təmin edir. Xatırladaq ki, bu səfərlərdən sonra dövlətimizin başçısı bir sıra şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalamışdır. Beləliklə, dövlət dəstəyi tədbirləri regionlarda sahibkarlığın inkişafına, yeni müəssisələrin və iş yerlərinin yaradılmasına təkan vermişdir.

Birinci Dövlət Proqramında olduğu kimi, yeni proqramda da sosial infrastrukturun daha da inkişaf etdirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması prioritet vəzifələrdəndir. Əhalinin sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri də sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəyə, o cümlədən, əlillərə, veteranlara, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə xüsusi diqqətin yetirilməsidir.


Əhalinin gəlirləri inflyasiyanı üstələyir


Azərbaycan Prezidenti qlobal iqtisadi-maliyyə böhranının ikinci dalğasının başlandığına toxunaraq deyir: "Azərbaycanda biz bunun tam əksini görürük. Bizim siyasətimizin təməli Azərbaycan vətəndaşıdır. Bütün görülən işlər bir məqsədi güdür ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Bu il həyata keçirilən pensiya islahatı nəticəsində 900 minə qədər pensiyaçının pensiyası orta hesabla 40 faiz artıb.

İnkişaf etmiş ölkələrdə sosial ödəmələr, sosial proqramlar kəsilir, azalır, ixtisar edilir, maaşlar kəsilir, dövlət qurumlarında işləyənlərin iş yerləri bağlanır. Biz görürük ki, Azərbaycanda iş yerləri açılır, maaşlar, pensiyalar artırılır, sosial proqramlar icra edilir. Bir dənə də olsun sosial proqramda geriləmə, yaxud da ki, ixtisar olmamışdır".

Məhz reallaşdırılan tədbirlərin, xüsusilə, regional proqramın uğurla həyata keçirilməsinin nəticəsidir ki, cari ilin ötən 8 ayı ərzində sosial-iqtisadi sahələrdə mühüm uğurlar əldə edilib. Statistika Komitəsinin məlumatında bildirilir ki, bu ilin 8 ayının makroiqtisadi göstəricilərinin ötən ilin yanvar-avqust aylarının nəticələri ilə müqayisəsi ölkənin həm iqtisadi, həm də sosial sahələrinin dinamik inkişaf etdiyinə dəlalət edir.

Səkkiz ay ərzində məhsul istehsalı çoxalmış, xidmətlərin çeşidi genişlənib, yeni iş yerləri açılıb, əhalinin həyat səviyyəsi yüksəlib. Belə ki, ilin əvvəlindən indiyədək 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul istehsalı 1,1 faiz çatıb.

ÜDM-in 66,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən, 53,4 faizi sənayedə, 7,3 faizi inşaat kompleksində, 6 faizi kənd təsərrüfatında yaradılıb. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 27,4 faiz, o cümlədən, nəqliyyatda 6,2 faiz, ticarət və pullu xidmətdə 8,4 faiz, rabitədə 1,7 faiz, sosial və digər xidmətlərdə 11,1 faiz təşkil edib. ÜDM-in 5,9 faizi məhsula və idxala xalis vergilərin payına düşüb. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2936,5 manat (3708,2 ABŞ dolları) olub.


Yoxsulluq səviyyəsi getdikcə aşağı düşür


Son illərdə yoxsulluğun səviyyəsi davamlı olaraq aşağı düşüb və artıq Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar 9 faiz təşkil edir. Bu, əslində, çox böyük nailiyyətdir. Müqayisə üçün deyə bilərik ki, Türkiyədə yoxsulluğun səviyyəsi 10 faizə yaxındır.

Ümumilikdə, son 7 il ərzində Azərbaycanda yoxsulluq 5 dəfə aşağı düşüb. Bu, sübut edir ki, Azərbaycanda neft gəlirlərindən ölkə xəzinəsinə daxil olunan vəsait ədalətli bölünür və beləliklə, Azərbaycanda sosial ədalət prinsipi həmişə yüksək səviyyədə tətbiq olunur. Sosial infrastrukturun yaradılmasında böyük işlər görülüb. 40-dan çox tibb müəssisəsi, 70-dən çox məktəb tikilib, təmir edilib. 5 olimpiya mərkəzi tikilib, mədəniyyət ocaqlarının tikilməsi və təmirinə vəsait ayrılır. Dövlət başçısı hökumətin iclasında bildirib ki, ölkənin inkişafı üçün vacib olan sosial sahə həmişə olduğu kimi diqqət mərkəzindədir.

Regionlarda böyük layihələr icra olunur, regional inkişaf proqramı icra edilir. Regional inkişaf proqramlarının icrasının başlanmasından, yəni 2004-cü ilin fevralından bu günə qədər ölkəmizdə 1 mln-dan artıq iş yeri açılıb ki, bu da işsizliyin aradan qaldırılması üçün əsas amildir. Bununla bərabər, iş yerlərinin açılması, yeni müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan malların sayı və həcmi artır.


Elçin Bayramlı

Digər xəbərlər