PDF Oxu

İqtisadiyyat

  • 16

Azərbaycanın turizm potensialı Dubayda və digər əmirliklərdə təbliğ olunacaq

Azərbaycanın turizm potensialı Dubayda və digər əmirliklərdə təbliğ olunacaq

BƏƏ-də faliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov Dubayın Turizm və Ticarət Marketinqi Nazirliyinin rəhbərliyinin dəvəti ilə nazirin təftiş və turist lisenziyalarının verilməsi məsələləri və otellərə nəzarət işləri üzrə müavinləri Nəbi Abdullah Əhməd və Bədr Abdullah Məhəmmədlə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata görə, görüş zamanı S.İmanov bu günlərdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün dövlət səviyyəsində və dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız tərəfindən qeyd olunması və onun tarixinə dair ətraflı məlumat verib. 2011-ci ilin Azərbaycanda turizm ili elan olunduğunu qeyd edən "Azərbaycan" Cəmiyyətinin sədri hökumətin turizmin inkişaf etdirilməsini prioritet sahələrdən biri kimi müəyyən etdiyini qeyd edib. O, 2011-ci ilin sonunadək Azərbaycana gələcək turistlərin sayının 2 milyon nəfəri keçəcəyi barədə gözləntilərin olduğunu vurğulayıb. Azərbaycanın bölgələrində tikilən yeni turist-istirahət mərkəzləri və Qusarda inşa olunan dağ-xizək istirahət kompleksinə dair geniş məlumat verən S.İmanov görüş zamanı Azərbaycanın turizm sahəsində artan imkanlarının Dubayda və digər əmirliklərdə təbliğ olunması məsələsini razılaşdırıb. Daha sonra "Azərbaycan" Cəmiyyətinin sədri Dubayın Turizm və Ticarət Marketinqi Nazirliyinin rəhbərliyinə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan Azərbaycanın turizm potensialını nümayiş etdirən çoxlu sayda broşür, bülleten, eyni zamanda, Arif Mustafayevin Azərbaycanın qədim və zəngin mədəniyyəti və incəsənətini əks etdirən "Azərbaycanın maddi və mədəni irsi" kitabını, Azərbaycan rəssamlarının əsərlərindən ibarət toplunu, "Azərbaycan xalçaları" kitabını, "Muğamın dirçəlişi" toplusunu, Ümummilli Lider Heydər Əliyev haqqında ingilis və ərəb dillərində yazılmış kitabları, Qarabağ mövzusu ilə bağlı "Erməni terroru" və Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Qarabağ həqiqətləri" kitablarını, "Barış göyərçini Ermənistana nə zaman qonacaq" kitabçasını təqdim edib. Dubayın Turizm və Ticarət Marketinqi Nazirliyinin rəhbərliyi görüşdən məmnun qaldığını qeyd edərək, Azərbaycanın turizm potensialını və imkanlarını yüksək səviyyədə və müxtəlif vasitələrlə Dubayda təbliğ və reklam etməkdə davam edəcəklərini bildiriblər. Onlar təqdim olunan kitab və faydalı əyani vəsaitlərə görə "Azərbaycan" Cəmiyyətinin sədrinə təşəkkürlərini ifadə edib, bu kimi görüşlərin mütəmadi şəkildə keçirilməsində maraqlı olduqlarını vurğulayıblar.

NƏZAKƏT

Digər xəbərlər