Bu ilin 8 ayında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 30,9 milyard manat təşkil edib. Yalnız yanvar-avqust aylarında adambaşına düşən ÜDM 3418,4 manat və ya $4320,6 təşkil edib. Bu il hökumət ÜDM artımını 3,8% proqnozlaşdırır. 2010-cu ildə ÜDM istehsalı 41,5 milyard təşkil edib.
Azərbaycanın 2012-ci il dövlət büdcəsinin layihəsi və makroiqtisadi proqnozlar tərtib olunarkən neftin baza qiyməti 1 barrel üçün 80 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. APA-nın məlumatına görə, gələn il üçün dövlət büdcəsi xərclərinin 2011-ci ilə nisbətən təqribən 30% artacağı gözlənilir. Büdcə gəlirlərində Dövlət Neft Fondundan transfertlərin həcminin də 2011-ci ildəkindən az olmayacağı bildirilir.
Xatırladaq ki, Maliyyə Nazirliyi 2012-ci il və sonrakı üç il üzrə dövlət büdcəsinin layihəsini Nazirlər Kabinetinə təqdim edib. Artıq sentyabrın 21-də Nazirlər Kabinetində büdcə layihəsinin geniş müzakirəsinin keçiriləcəyi gözlənilir.
Neftin qiymətinin yüksək olması ölkəmizin gəlirlərinin artmasına səbəb olsa da, beynəlxalq maliyyə institutları da hesab edirlər ki, Azərbaycanın iqtisadi sahədə uğurlarının təmin olunmasında təkcə enerji hasilatı və onun dünyaya nəqli rol oynamır, eyni zamanda, qeyri-neft sektorunun tərəqqisi istiqamətində atılan addımlar sözügedən kontekstdə mühüm nailiyyətlərə yol açır. Dünya Bankının ekspertləri bəyan edirlər ki, Azərbaycan öz problemlərini malik olduğu neft və qazla həll etmir.
İnkişaf prosesində qarşıya çıxan problem və çətinliklərin çözümündə, ölkənin tərəqqisinin daha böyük vüsət almasında iqtisadiyyatın digər sahələrində qeydə alınan yüksəliş böyük rola malikdir. Məsələn, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi baxımından Azərbaycan MDB məkanında liderlik edən dövlətlərdəndir.
Sosial müdafiə tədbirləri əhalinin gəlirlərini artırır
Karbohidrogen ehtiyatlarının satışından əldə olunan gəlirlərin səmərəli idarə edilməsi isə ölkədə həm sosial rifahın yüksəlməsinə, həm də iqtisadiyyatın ən müxtəlif sahələrinin inkişafına gətirib çıxarır. "Qara qızıl"ın insan kapitalına çevrilməsi siyasəti uğurla həyata keçirilir.
Cari ilin ilk 8 ayının makroiqtisadi göstəriciləri fonunda da aydın müşahidə etmək mümkündür ki, Azərbaycanın sosial-iqtisadi inkişafı yüksək templə davam edir. Belə ki, 2011-ci ilin 8 ayının makroiqtisadi göstəricilərinin ötən ilin yanvar-iyul aylarının nəticələri ilə müqayisəsi ölkənin həm iqtisadi, həm də sosial sahələrinin dinamik tərəqqi etdiyini göstərir.
Nəticə etibarı ilə 8 ay ərzində ölkədə məhsul istehsalı çoxalıb, xidmətlərin çeşidi genişlənib, yeni iş yerləri açılıb, əhalinin həyat səviyyəsi yüksəlib. Burada ən önəmli cəhətlərdən biri əhalinin maddi gəlirlərinin miqdarında qeydə alınan artımdır ki, bu da bir daha insanların sosial rifah halının yüksəlməsindən xəbər verir.
Yaşlı nəslin, əhalinin aztəminatlı təbəqəsinin maddi rifah halının davamlı şəkildə yüksəlməsi də ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzindədir. 2011-ci il iyul ayının 1-i vəziyyətinə Sosial Müdafiə Fondu sistemində 1 milyon 280,8 min nəfər pensiyaçı qeydiyyatda olub.
Pensiya təyinatında tətbiq olunan yeni qaydalar əsasında 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqları yenidən hesablanaraq, təxminən 845 min nəfər əmək pensiyaçısının pensiyası əsaslı şəkildə (təqribən 40 faiz) artırılıb. Bununla yanaşı, elmi dərəcəsi olan əmək pensiyaçılarının da sosial müdafiəsi möhkəmləndirilib.
Yoxsulluq səviyyəsi getdikcə aşağı düşür
2010-cu ilin yekunlarına görə, yoxsulluğun səviyyəsi daha da aşağı düşüb və artıq Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar 9,1 faiz təşkil edir. Bu, əslində, çox böyük nailiyyətdir. Müqayisə üçün deyə bilərik ki, Türkiyədə yoxsulluğun səviyyəsi 10 faizə yaxındır.
Ümumilikdə, son 7 il ərzində Azərbaycanda yoxsulluq 5 dəfə aşağı düşüb. Bu, sübut edir ki, Azərbaycanda neft gəlirlərindən ölkə xəzinəsinə daxil olunan vəsait ədalətlə bölünür və beləliklə, Azərbaycanda sosial ədalət prinsipi həmişə yüksək səviyyədə tətbiq olunur.
Sosial infrastrukturun yaradılmasında böyük işlər görülüb. 40-dan çox tibb müəssisəsi, 70-dən çox məktəb tikilib, təmir edilib. 5 olimpiya mərkəzi tikilib, mədəniyyət ocaqlarının tikilməsi və təmirinə vəsait ayrılır. Dövlət başçısı hökumətin iclasında bildirib ki, ölkənin iqtisadi imkanlarından səmərəli yararlanaraq sosial sahədə böyük layihələr həyata keçirilir. Bütün bunlar Azərbaycanda mövcud inkişafın cəmiyyətin, onun hər bir üzvünün həyatında özünü aydın surətdə əks etdirməsinin mühüm göstəricisdir. Elə sosial-iqtisadi inkişafla bağlı həyata keçirilən siyasətin əsas məqsədlərindən biri də insanların layiqli həyat tərzinin təmin olunması, onların rifah halının davamlı şəkildə yüksəlişidir.
Elçin Bayramlı
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...