PDF Oxu

İqtisadiyyat

  • 25

Tükənməz inkişaf və reallaşan dövlət proqramları

Tükənməz inkişaf və reallaşan dövlət proqramları

İqtisadi inkişaf yolunda inamla irəliləyən, regionun aparıcı dövlətinə çevrilən Azərbaycanın bölgələri gündən-günə daha da çiçəklənir. Prezident İlham Əliyevin rəhbərliyi altında regionlarda yeni sənaye müəssisələri, nəhəng sağlamlıq mərkəzləri, təhsil ocaqları, müasir idman kompleksləri, göz oxşayan parklar istifadəyə verilir, minlərlə insanın əməyə cəlb olunması onların rifah halının yaxşılaşması ilə nəticələnir. Azərbaycanda ardıcıl olaraq həyata keçirilən uğurlu islahatlar, bütün bölgələrdə olduğu kimi, Yardımlı rayonunda da yüksək nəticələrin əldə olunmasına imkan yaradıb. Sadəcə, olaraq, ötən ilin göstəricilərinə diqqət yetirmək kifayətdir.


Sürətli və davamlı inkişaf


Son illər Yardımlı rayonunda aparılan sürətli və davamlı quruculuq işləri bölgənin simasını tamamilə dəyişmişdir. Rayonda bir sıra yeni istehsal sahələri yaradılmış, sosial problemlər həll edilmiş, əhalinin güzəranı əsaslı surətdə yaxşılaşmışdır. Ötən il bütün istiqamətlərdə bir sıra layihələr həyata keçirilmişdir ki, bu da yeni yüksək nailiyyətlərin əldə olunmasına imkanlar yaratmışdır. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla icra olunması nəticəsində rayonun iqtisadi imkanları genişlənib, sosial problemlər həll olunub, infrastrukturlar yenilənib. Yardımlı rayonu Talış dağlarının şimal-qərb ərazisini əhatə edir. Şimaldan, qərbdən və cənub-qərbdən İranla həmsərhəd olan rayon əhalisinin sayı 56500 nəfər, ümumi sahəsi 667 kvadratkilometrdir. Mərkəzi, şəhər tipli Yardımlı qəsəbəsi olan rayonun ərazisi 90 kəndi əhatə edir. Bakıdan 300 km aralıda yerləşən Yardımlı Talış və Peştəsər dağ silsilələrinin şimal-qərbində, Peştəsər və Buravar silsilələri arasındakı çökəklikdə geniş bir ərazidə yerləşir. Şinunkələk və Tarakən dağ zirvələrinə malik ərazi yayı quraq keçən mülayim isti iqlimə malikdir. Kollu və seyrək meşələrin əhatə etdiyi 20536 hektara yaxın ərazidə adları "Qırmızı Kitab"a düşmüş palıd, fısdıq, vələs, azat, dəmirağacı kimi nadir ağaclar üstünlük təşkil edir. Yardımlı-Lerik aralığındakı Zuvand yasaqlığına daxil olan Qız Qalası tarixi abidəsi dəniz səviyyəsindən təxminən 2200 metrdən çox yüksəklikdə yerləşir. Ötən il ərzində rayon üzrə 57,8 milyon manatlıq ümumi məhsul istehsal olunmuşdur ki, bu da 2003-cü illə müqayisədə 3 dəfə çoxdur. Rayonda ötən il ərzində 549,6 min manatlıq sənaye, 20,4 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub, əhaliyə 34,2 milyon manatlıq ticarət, 938 min manatlıq nəqliyyat, 242,7 min manatlıq rabitə xidməti göstərilibdir. Rayon üzrə il ərzində əsas kapitala yönəldilən investisiyaların həcmi 8,3 milyon manat təşkil edibdir ki, bu da 2003-cü illə müqayisədə 33,5 dəfə artıqdır. Həmçinin, 2010-cu ildə rayon üzrə orta aylıq əmək haqqı 2003-cü illə müqayisədə 3,2 dəfə artaraq 210,8 manata çatmışdır.


Əhalinin sosial rifahı yüksəlir


Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, respublikamızın digər rayonlarında olduğu kimi, Yardımlı rayonunda da uğurla həyata keçirilir. Belə ki, cari ilin yanvar ayında rayonda 6495 nəfər əmək haqları, 3936 nəfər kənd təsərrüfatı üzrə birdəfəlik yardımlar, 2551 nəfər ünvanlı sosial yardım, 2732 nəfər sosial pensiya və 6445 nəfər əmək pensiyalarını plastik kartlar vasitəsi ilə almışlar. Rayon üzrə 860 ailənin 4664 nəfər üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunub, onlara 1 milyon 486 min manat həcmində vəsait ödənilibdir. Bu isə hər bir ailəyə ayda 100 manat, hər bir ailə üzvünə 18,4 manat yardım deməkdir. Rayon üzrə Qarabağ müharibəsi əlillərindən 19 nəfəri, şəhid ailələrindən 3 nəfəri mənzillə təmin olunub. 3415 nəfərə 2 milyon 134 min manat sosial müavinat və təqaüd, 8133 nəfərə 9 milyon 44 min manat əmək pensiyası ödənilibdir. Ödənilən əmək pensiyasının orta həddi 104,9 manat təşkil edibdir ki, bu da 2003-cü illə müqayisədə 88,3 manat və yaxud 6,3 dəfə artıqdır.

Ümumiyyətlə, son 7 il ərzində rayon üzrə 4442 yeni iş yerləri açılmışdır ki, onlardan da 2239-ü daimi iş yerləridir.


Təhsil və səhiyyənin inkişafı bu rayonda da sərgilənir


Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq Yardımlı rayonunun Ərus kəndində 360, Honuba kəndində 220, Horavar kəndində 200, Osnakəran kəndində 180 şagird yerlik orta, Ləzir kəndində 24 şagird yerlik ibtidai məktəb binaları tikilib istifadəyə verilibdir. Əlavə olaraq qəzalı vəziyyətdə olan 15 məktəb binası əsaslı təmir olunubdur. Məktəblərin tikintisində bütün müasir tələblər nəzərə alınaraq əlavə kompüter, kitabxana və digər xidmət otaqları nəzərdə tutulubdur. Bununla da, son 5 il ərzində rayon üzrə 52 məktəb yenidən tikilib, əsaslı təmir olunub və əlavə sinif otaqları tikilibdir. İstifadəyə verilmiş bütün məktəblər yeni avadanlıq və inventarlarla, kompüter dəstləri ilə təmin olunubdur. Tikilən və əsaslı təmir olunan məktəblərdən 33-ü "Yeniləşən Azərbaycana yeni məktəb proqramı" çərçivəsində Heydər Əliyev Fondu hesabına inşa olunub. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının təsdiq edilməsi haqqında" Sərəncamına uyğun olaraq təkcə 2009-2010-cu illərdə məktəblərimizə 20 ədəd kompüter dəsti verilibdir.

Əhaliyə göstərilən səhiyyə və mədəni xidmətin səviyyəsi də əvvəlki illərə nisbətən yaxşılaşıbdır. Rayon mərkəzi xəstəxananın əsaslı təmir olunması və rayona ən müasir avadanlıqlarla təmin edilibdir. Eyni zamanda, mərkəzi rayon xəstəxanasına bir ədəd müasir avadanlıqlarla təchiz olunmuş təcili yardım maşını verilibdir ki, bu da çağırışların vaxtında icrasını, yüksək səviyyədə ilkin tibbi yardım göstərilməsini təmin edir. Görülən tədbirlər nəticəsində ötən il ərzində rayonda ana və uşaq ölümünün səviyyəsi azalmış, peyvəndlə əhatə olunan əhalinin sayı 95 faiz təşkil edibdir ki, bu da ümumrespublika göstəricisindən 3 faiz çoxdur. Bütün bu nailiyyətlər, onu deməyə əsas verir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı Yardımlı rayonunda uğurla reallaşmaqdadır.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər