Regionların malik olduğu potensialdan istifadə etmək məqsədilə imzalanan dövlət proqramları və onların uğurlu icrası qeyri-neft sektorunun inkişafına geniş yol açır. Cari ilin ötən dövründə qeyri-neft sektorunda artımın 7,2 faiz təşkil etməsi bu faktı təsdiqləyir ki, iqtisadiyyatın enerji amilindən asılılığı azalır. ÜDM-də özəl bölmənin payı 85,5 faizdir.
Qeyri-neft sektorunun inkişafını neft siyasətinin məntiqi davamı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev vurğulayır ki, Azərbaycanın bütün neft-qazı, təbii ehtiyatları xalqa xidmət etməlidir, neftdən əldə olunan gəlirlər şəffaf şəkildə və ədalətli bölünməlidir. Hazırda aktivlərinin həcmi 25 milyard dollardan artıq olan Dövlət Neft Fondu dövlət siyasətinin prioritetlərini müəyyənləşdirir. Toplanan vəsaitin təyinatı üzrə hansı istiqamətlərə yönəldildiyi davamlı olaraq ictimaiyyətə açıqlanır. Fondu şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirən ölkə Prezidenti bu prinsipin bütün sahələrdə qorunmasının vacibliyini bildirir.
İqtisadi islahatların əsasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi dayanır
Hazırda "Azərbaycan Respublikasının məşğulluq strategiyası" (2006-2015-ci illər), 2004-2008-ci illər üçün regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının davamı olaraq "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və digər vacib sənədlər icra olunur. Uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatımızın bugünkü vəziyyəti artıq keçid proqramının əsas məqsədlərinə nail olunduğunu və bu dövrün başa çatdığını təsdiq edir. Bütün bunlar göstərir ki, ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olub. Ölkə Prezidenti İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində bu məqsədin gerçəkləşməsi üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib. Ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması mühüm prioritetlərdir. Ölkəmiz, ümumilikdə, region üçün böyük əhəmiyyət kəsb edən infrastruktur layihələrinin həyata keçirilməsi, antiinhisar tədbirlərinin gücləndirilməsi, "bir pəncərə" prinsipinin tətbiqi, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı"nın təsdiqlənməsi, "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərman bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafına geniş yol açan mühüm addımlardır.
Prezident İlham Əliyev xüsusi diqqət yönəldərək bildirir ki, elektron hökumət prinsiplərinə keçmək korrupsiyaya qarşı mübarizədə çox təsirli amil olacaq: "Bütövlükdə, çalışmalıyıq ki, nə qədər mümkündür, məmur-vətəndaş təmaslarını aradan qaldıraq. İndi internet vasitəsilə, elektron xidmət vasitəsilə müxtəlif məlumatları da, arayışları da əldə etmək olar. ... Hər bir nazirlik və dövlət qurumu həmin sərəncama uyğun olaraq təklif verməlidir ki, onların nəzdində hansı xidmətlər elektron variantda aparılmalıdır. Bunu heç kim yubatmasın və uzatmasın. Bu sərəncam və onun icrası mənim nəzarətim altındadır".
Aidiyyəti qurumlar qarşısında mühüm vəzifələr qoyulmuşdur
Xatırlatmaq yerinə düşərdiki, ki, dövlət başçısı İlham Əliyev 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə aidiyyəti qurumların qarşısında mühüm vəzifələr qoymuşdur- İstehlak bazarına nəzarət gücləndirilməli, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verilməməli, azad rəqabət təmin edilməli, inhisarçılıq meyillərinin qarşısı alınmalı, lazımsız yoxlamalar aparılmamalıdır. Dövlət başçısı İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilərək, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması ilə bağlı bir çox fikir və mülahizələr səslənmiş, bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi təklif olunmuş, konkret tapşırıqlar verilmişdir. Qeyd edək ki, Prezident İlham Əliyevin 13 yanvar 2004-cü ildə təsdiqlədiyi "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun da sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir. Sənəd, eyni zamanda, dövlət orqanlarına əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır.
Bütün bunlar bir daha təsdiqləyir ki, demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan Azərbaycan dövləti hərtərəfli inkişafı təmin etmək üçün bütün zəruri addımların atılmasında maraqlıdır və bu istiqamətdə ciddi səylər göstərir.
RÖVŞƏN NURƏDDİNOĞLU
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...