PDF Oxu

İqtisadiyyat

  • 40

Saatlıda sahibkarlara güzəştli kreditlər verilib

Saatlıda sahibkarlara güzəştli kreditlər verilib

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Saatlı rayonunun Qıraqlı kəndində "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 100-dək sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi SKMF-in vəsaitləri hesabına güzəştli kredit almış "NJT-2000" şirkətinə məxsus, Saatlı rayonunun Gomuşçu kəndində yerləşən tutumu 2 min ton olan müasir soyuducu anbar kompleksinin fəaliyyətinə baxış keçirilmişdir. Saatlı rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov məqsədli dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin digər rayonları kimi, Saatlının da sosial-iqtisadi mənzərəsinin dəyişdiyini qeyd etmişdir. Diqqətə çatdırılmışdır ki, rayonda yeni istehsal, emal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, yeni iş yerləri açılmışdır. Nazirliyin sahibkarlığın inkişafı siyasəti şöbəsi müdirinin müavini Elçin İbrahimov ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndiyini, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulamış, Aran regional bölməsinin müdiri Elbrus Hüseynov icrası uğurla davam etdirilən dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində iqtisadi regionda görülmüş və görüləcək işlər barədə məlumat vermişdir.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev güzəştli kreditlər hesabına Aran iqtisadi rayonunda, o cümlədən Saatlıda həyata keçirilən layihələr barədə danışmışdır. Tədbirdə Saatlı rayonunun mövcud iqtisadi potensialının reallaşdırılması istiqamətində iş adamlarının təklif və ehtiyacları nəzərə alınmaqla kiçik və orta həcmli emal müəssisələrinin yaradılması məqsədi ilə sahibkarlarla müzakirələr aparılmış, investisiya layihələrinin hazırlanması və təqdim olunmasına dair maarifləndirici treninq keçirilmişdir. Treninqdə taxılçılıq və toxumçuluq təsərrüfatlarının, kiçik həcmli meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması, intensiv nar bağlarının salınması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olmuşdur. Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Saatlı və ətraf rayonlarda fəaliyyət göstərən 32 sahibkarlıq subyektinə 395 min manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 50-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Digər xəbərlər