ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan geniş iclasındakı nitqindən irəli gələn vəzifələr dünən Tərtər rayon icra hakimiyyəti başçısı yanında şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olundu. İclası giriş sözü ilə açan Tərtər rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov əvvəlcə müşavirə iştirakçılarını Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təbrik etdi və bunu Azərbaycan diplomatiyasının böyük uğuru kimi dəyərləndirdi. Sonra cari ilin 9 ayında görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə etdi. İcra başçısı bildirdi ki, bu gün respublikamızın iqtisadi baxımdan dinamik inkişafı bütün sahələrin, o cümlədən də, qeyri-neft sektorunun inkişafı üçün geniş imkanlar açır. Cari ilin 9 ayında respublika üzrə ümumi daxili məhsul 0,5 faiz artmışdır. Bununla yanaşı, qeyri-neft sektorunda artım 8,2 faiz olmuşdur.
C.Cəfərov Tərtər rayonu üçün 2011-ci ilin 9 ayı ərzində sosial-iqtisadi inkişaf göstəricilərinin uğurlu dövr olduğunu bildirdi. Rayon rəhbərinin sözlərinə görə, rayonda ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 11,1 faiz artmışdır. Bu artım kənd təsərrüfatında 9,4 faiz, nəqliyyatda 2,2 faiz, ticarətdə 4 faiz, rabitədə 10,3 faiz təşkil etmişdir. Pərakəndə əmtəə dövriyyəsi 3,9 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 9,7 faiz artmışdır.
C.Cəfərov rayon üzrə müəyyən edilmiş 2 milyon 600 manat yerli gəlir proqnozuna qarşı, dövlət büdcəsinə 2 milyon 427 min manat vəsait daxil olduğunu, yəni 121,3 faiz əməl olunduğunu söylədi. Rayon rəhbəri, həmçinin, vurğuladı ki, cari ildə Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsi üzrə 2 milyon 22,2 min manat müəyyənləşdirilmişdir ki, 9 ay ərzində şöbənin hesabına 1 milyon 957,3 min manat vəsait daxil olmuş, bu da keçən ilin müvafiq dövründəkindən 169,4 min manat və ya 9,5 faiz çoxdur: "Bu ilin 9 ayı ərzində rayonda 1320 ailənin 5941 üzvünə ayda 109 manat ünvanlı sosial yardım ödənilmişdir".
Rayon rəhbəri təhsil və səhiyyə sahəsində də xeyli işlərin görüldüyünü də bildirdi.
Sonda görülən işlər və qarşıda duran vəzifələrlə əlaqədar müvafiq qərarlar qəbul edildi.
A.SƏMƏDOVA
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...