Milli Məclisin Sosial Siyasət, həmçinin, Hüquq Siyasəti və Dövlət Quruculuğu komitələrinin keçirilən birgə iclasında Azərbaycanda nikah yaşının minimumunun dəyişdirilməsi məsələsi geniş müzakirə olunub. Qeyd edək ki, bu məsələ Ailə Məcəlləsinə dəyişikliyi nəzərdə tutan qanun layihəsində öz əksini tapıb. Layihədə təklif olunur ki, həmin məcəllənin 10-cu maddəsinə dəyişikliklər edilsin. Yəni, Azərbaycanda nikah yaşı 18 müəyyən olunsun. Digər bir təklifdə isə qeyd olunur ki, üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərə yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Onu da qeyd edək ki, Ailə Məcəlləsinin mövcud variantında nikah yaşı kişilər üçün 18, qadınlar üçün 17 nəzərdə tutulubdur.
Parlamentin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli məsələ ilə bağlı "Səs" qəzetinə açıqlama verərək bildirdi ki, yeddi ilə yaxındır ki, bizim komitə ilə Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi birlikdə Ailə Məcəlləsinin bu və ya digər maddələrinə dəyişikliklər məsələsini müzakirə edərək, gündəmə gətirib: "Hətta üç il bundan əvvəl Prezident yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən geniş tədbirdə nikah yaşının 18-ə qaldırılması təklif edildi. Bu, həm mətbuatda, həm də ictimaiyyətdə geniş müzakirə olundu. Amma təklif birmənalı qarşılanmadı".
H.Rəcəblinin sözlərinə görə, indi Prezident İlham Əliyevin parlamentə göndərdiyi təkliflə və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın əməyi ilə bu məsələyə nail olunub: "Yəni, nikah yaşının həm oğlanlar və qızlar üçün 18 yaş müəyyən edilməsi məsələsi müzakirəyə çıxarılıb. Dünyada BMT-nin müvafiq Konvensiyasına əsasən 18 yaşa qədər insanlar uşaq hesab olunur. Eyni zamanda, dünyada 200-ə yaxın ölkənin 135-də, o cümlədən, bəzi müsəlman dövlətlərində nikah yaşının minimum həddi 18-dir.
Millət vəkili onu da bildirdi ki, nikah yaşının 17 olması, əslində, hüquqi baxımdan qeyri-normallıq idi: "Çünki 18 yaşa kimi normal mülki fəaliyyət qabiliyyəti mümkün olmur. Ona görə də, nikah yaş həddinin 18-ə qaldırılması çox düzgün addımdır. Ailə Məcəlləsinə dəyişikliyi nəzərdə tutan qanun layihəsi Milli Məclisin növbəti plenar iclasına tövsiyə olunub".
H.Rəcəbli nikaha məcbur etməyə görə cəzanın sərtləşdiriləcəyini də vurğulayaraq bildirdi ki, Cinayət Məcəlləsinin 176-1-ci maddəsinə dəyişiklik edilməsi nəzərdə tutulur: "Bu dəyişikliyə əsasən, qadını nikaha daxil olmağa məcbur etmə - 2000 manatdan 3000 manata qədər miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin, eyni əməllər nikah yaşına çatmayan şəxs barədə törədildikdə - 3000 manatdan 4000 manata qədər cərimə və ya 4 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
H.Rəcəbli boşanmalarla da bağlı məsələyə toxunaraq bildirdi ki, ötən il Azərbaycanda 86 minə yaxın nikah qeydə alınıb ki, onun da 5 minə yaxını 17-18 yaşlı cavanlardır: "Bu göstərici komitə olaraq bizi çox narahat edirdi. İndi çox yaxşı haldır ki, Ailə Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, bu narahatlıq aradan qaldırılır. Həmçinin, qeyri-rəsmi nikahlardan doğulan uşaqların sayı da çoxalmaqdadır. Belə ki, 2010-cu ildə 155 min uşaq dünyaya gəlib ki, onların 29 mini qeyri-rəsmi nikahdandır. Ailə Məcəlləsində nikah minimumunun qaldırılması bu məsələdə yardımçı olacaq".
H.Rəcəbli onu da söylədi ki, ötən il təxminən 86 min nikahdan 10 faizi boşanma ilə sonuclanıb: "Bu,olduqca təhlükəli bir haldır. Əgər əvvəllər bu faiz göstəricisi 5 faiz idisə, indi 2 dəfə artaraq 10 faizə yüksəlib. Yəni, 86 min nikahdan təxminən 9 min nikah uğursuzluqla bitib. Özü də bu boşanmaların səbəbi sosial məsələlərlə bağlı olmayıb. Boşananların böyük əksəriyyəti əsasən imkanlı ailələrin övladları-qızlarıdır. Yəni, atam belə dedi, anam elə dedi, qaynatam belə gəldi, qaynanam belə getdi...Bu baxımdan bu məsələ də Ailə Məcəlləsinə dəyişikliyi nəzərdə tutan qanun layihəsində öz əksini tapıb".
RƏFİQƏ HÜSEYNOVA
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...