PDF Oxu

İqtisadiyyat

  • 19

Dünya Bankı ilə ədliyyə sahəsində yeni kredit sazişi imzalanıb

Dünya Bankı ilə ədliyyə sahəsində yeni kredit sazişi imzalanıb

Noyabrın 22-də Ədliyyə Nazirliyi ilə Dünya Bankı arasında ədliyyə sisteminin müasirləşdirilməsi layihəsinin əlavə maliyyələşdirilməsinə dair yeni kredit sazişinin imzalanması mərasimi keçirilib. Sazişi Azərbaycan tərəfindən ədliyyə naziri Fikrət Məmmədov, Dünya Bankı tərəfindən bankın ölkə meneceri vəzifəsini icra edən Səadət Bağırlı imzalayıblar.

Mərasimdə çıxış edən nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi üzrə görülən işlər barədə məlumat verib, ötən həftə ölkəmizin başçısının Oğuz rayonunda layihə çərçivəsində inşa olunmuş ilk məhkəmə binasının açılışında iştirakını və görülən işləri təqdir etməsini bu sahəyə böyük diqqətin və etimadın əyani təzahürü olduğunu vurğulayıb.

Dünya Bankının təmsilçisi çıxış edərək, bankın Ədliyyə Nazirliyi ilə əməkdaşlığını, ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi üzrə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib, qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsinə hazır olduğunu vurğulayıb.

Bildirilib ki, Azərbaycanda aparılan məhkəmə islahatları nüfuzlu beynəlxalq qurumlar tərəfindən də dəstəklənir. Dünya Bankı bizə maliyyə və texniki dəstəyin göstərilməsi qərarına gəlmiş, ədliyyə sisteminin müasirləşdirilməsi üzrə birgə layihənin icrasına başlanılıb. Layihə çərçivəsində 20-dən çox yeni məhkəmə binaları və məhkəmə komplekslərinin layihələri hazırlanmış, habelə Bakı şəhərinin Yasamal, Gəncə şəhərinin Nizami, Gədəbəy rayon məhkəmələri üçün yeni binaların inşası başa çatmaq üzrədir. Həmçinin, Konstitusiya və Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi müasir informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə təmin olunub, məhkəmə sisteminin vahid internet portalı yaradılıb.

Hazırkı sənədə əsasən, Dünya Bankı ilə birgə layihə çərçivəsində yeni məhkəmə və məhkəmə komplekslərinin tikintisi, qabaqcıl İKT-lərin geniş tətbiqi, məhkəmə qərarlarının icrası işinin və hüquqi yardım sisteminin təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının və Vəkillər Kollegiyasının potensialının gücləndirilməsi, ədliyyə işçiləri və hakimlərin peşəkarlığının artırılması və digər tədbirlərin həyata keçiriləcəyi vurğulanıb, birgə səylər nəticəsində bundan sonra da yüksək uğurlar əldə ediləcəyinə əminlik ifadə olunub.

Digər xəbərlər