Müasir dövr dünyada daha çox qloballaşma proseslərinin sürətlənməsi, inteqrativ əlaqələrin daha da güclənməsi ilə xarakterizə olunur. Eyni zamanda, XXI əsr həm də davamlı inkişaf əsri kimi qəbul edilir. Məhz bu baxımdan bir çox elm adamları, müxtəlif ölkələrin alimləri davamlı inkişafa keçid məsələsinin tamamilə qlobal xarakter daşıdığını vurğulayırlar. Qloballaşan dünyada isə davamlı inkişafın təmin edilməsi daxili və xarici amillərin qarşılıqlı əlaqəsindən asılıdır. Tədqiqatlardan məlum olur ki, dünya təcrübəsində tranzit yalnız iqtisadi deyil, həm də dövlətin beynəlxalq aləmdə yerini müəyyənləşdirən siyasi amil kimi də qiymətləndirilir. Eyni zamanda, keyfiyyətli tranzit xidmətləri dövlət büdcəsinin formalaşmasında da mühüm rol oynayır.
Azərbaycanda son illərdə yol infrastrukturunun yeniləşdirilməsi, yol tikintisi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün respublikamızda, ölkəmizdə geniş və əhatəli miqyasda aparılan yenilik, quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Bu sahədə görülən davamlı işlərin beynəlxalq standartlara uyğun yüksək keyfiyyətlə icra olunduğunu xatırladaraq, qeyd etmək mümkündür ki, təqribən 10 il əvvəl ölkədə böyükmiqyaslı yol çəkilişlərini yalnız xarici şirkətlər gerçəkləşdirirdi.
Son illər ərzində inşa olunmuş bu magistral yolların üstün cəhətlərindən biri asfalt salınmamışdan öncə, həmin yolların betonla bərkidilməsidir. Bununla bağlı ölkə Prezidenti İlham Əliyevin dediyi fikirləri bir daha xatırlatmaq yerinə düşər: "Beton yollar Avropanın ən inkişaf etmiş şəhərlərində tikilir. Ancaq biz nəinki aeroportdan şəhərə gələn yolu beton örtüyü ilə tikmişik, eyni zamanda, Bakı-Sumqayıt və Bakı-Rusiya sərhədinə qədər yolu belə tikirik. Bu yollar insanlara rahatlıq gətirəcək. Əsas məqsəd budur."
Bakıda yeni nəqliyyat infrastrukturunun yaradılması, avtomobil tıxaclarının qarşısının alınması bu gün ölkə rəhbəri İlham Əliyevin daim diqqətdə saxladığı önəmli sosial məsələlərdən biridir. Həmin işlərlə əlaqədar görülmüş bir sıra təxirəsalınmaz işləri xatırladaq. Şəhərin mərkəzindən Heydər Əliyev adına Beynəlxalq Aeroporta gedən yolun bir müddət əvvəl hansı vəziyyətdə olduğu, hər vətəndaş yaxşı xatırlayır. Həmçinin, metronun Əzizbəyov stansiyası qarşısındakı, Sabunçu, "Komsomol dairəsi" və Suraxanı dairələrində avtomobillər yarım saatdan çox, hətta günün sıx zamanları bir saat tıxacda qalırdı. Artıq bu gün yuxarıda adları çəkilən həmin dairələr yoxdur. Bu dairələrin əvəzində yeni, müasir körpülər tikilib, Zığ qəsəbəsi istiqamətindən aeroporta beynəlxalq standartlı bond yol çəkilib. Hazırda bu yolun davamı olaraq, Mərdəkan və Bilgəh istiqamətlərində yeni yolötürücü qurğular inşa olunur.
Şəhər daxilində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək üçün, ölkə başçısının tapşırığı ilə piyadalar üçün yeraltı keçidlər tikilməsi, körpülər inşa olunması əhali tərəfindən sevinc və rəğbətlə qarşılanır. Dövlət başçısının qeyd etdiyi kimi, yeni yol infrastrukturunun yaradılması, yolların beynəlxalq standartlara uyğun şəkildə qurulması, eyni zamanda, sırf sosial xarakter daşıyır. Bu isə, o deməkdir ki, yeni iş yerləri açılır, bölgələrdə canlanma yaranır, yeni müəssisələr işə salınır.
Habelə, şəhər nəqliyyatının davamlı inkişafı üçün, son illər nəhəng işlər görüldüyü göz qabağındadır. Bakıda şəhəriçi hesab edilən və təqribən 200 kilometri əhatə edən yeni yollar salınmış, mövcud yollar əsaslı şəkildə yenidən qurulmuşdur. Bakıda ən müasir standartlara cavab verən nəqliyyatın intellektual idarə edilməsi mərkəzi yaradılır.
Prezident İlham Əliyev paytaxtda və ölkənin digər şəhərlərində nəqliyyatın tənzimlənməsi üçün görülmüş işləri yüksək qiymətləndirərək, qeyd edir ki, körpülərimiz, yol ötürücülərimiz nəqliyyat infrastrukturu olmaqla yanaşı, eyni zamanda, memarlıq nümunələridir:"Bunlar görünüşü, dizaynı, gözəlliyi və müasirliyi ilə paytaxtımıza yaraşıq verir."
Bir sözlə, görülən bütün bu genişmiqyaslı, nəhəng işlər Prezident İlham Əliyevin təşəbbüsü, rəhbərliyi, diqqət və qayğısı ilə həyata keçirilir, reallaşdırılır.
R.KAMALQIZI
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...