PDF Oxu

İqtisadiyyat

  • 44

Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Dünən İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPROMO) və Türkiyənin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilib. Forumda hər iki tərəfdən qida sənayesi, toxuculuq, kimya sənayesi, tikinti, ağır sənaye, logistika və digər sektorları əhatə edən 100-dək şirkətin nümayəndələri iştirak ediblər.

İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Azərbaycan iqtisadiyyatının davamlı olaraq inkişaf etdiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, ixrac imkanlarının genişləndiyini, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin regionda aparıcı dövlətə çevrildiyini bildirib. Qeyd edib ki, iqtisadiyyatımızın dinamik inkişafı nəticəsində Azərbaycan şirkətlərinin maliyyə imkanları artıb və onlar qonşu ölkələrə, o cümlədən Türkiyəyə investisiya yatırmağa başlayıblar. İki qardaş ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə məlumat verən nazir müavini, Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, əməkdaşlığın daha da genişləndirilməsi üçün ölkələrimizin böyük potensiala malik olduğunu vurğulayıb, sahibkarları bu imkanlardan yararlanmağa dəvət edib.

İzmir valisi Cahid Kıraç, "Socar&Turcas"ın rəhbəri Kənan Yavuz, "Turcas" şirkəti idarə heyətinin (İH) sədri Erdal Aksoy, Ege Bölgəsinin Sənaye Palatası İH-nın sədri Endər Yorgancılar, "Petkim" şirkəti İH-nın sədri Vaqif Əliyev çıxış edərək, Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələr, gələcək əməkdaşlıq, ARDNŞ-in Türkiyədə həyata keçirdiyi layihələr və Ege Bölgəsi Sənaye Palatasının fəaliyyəti barədə danışıblar. Biznes forum iş adamları arasında işgüzar görüşlərlə davam edib.

Digər xəbərlər