PDF Oxu

İqtisadiyyat

  • 48

İsveçrədə saflaşdırılan qızıl külçələri Azərbaycana gətirilib

İsveçrədə saflaşdırılan qızıl külçələri Azərbaycana gətirilib

Azərbaycan yataqlarından çıxarılaraq istehsal edilən xam qızıl növbəti dəfə İsveçrədə saflaşdırılaraq xalis külçələr şəklində ölkəmizə gətirilib. Bununla da Mərkəzi Bankın saxlancında hökumətə məxsus qızılın miqdarı 513,6 kq-a çatdırılıb. Hazırda Azərbaycanın iqtisadi və maliyyə imkanları böyük olduğundan saflaşdırılan qızıldan hökumətin mənfəət payının strateji ehtiyat kimi saxlaması məqsədəuyğun hesab olunur.

Qeyd etmək vacibdir ki, Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri sayəsində Azərbaycan özünün təbii sərvətlərinin əsl sahibinə çevrildi. Ümummilli Liderin ardıcıl iqtisadi siyasəti hesabına 1997-ci ilin mart ayında Amerika Birləşmiş Ştatlarının RV İnvestment Group Services şirkəti ilə Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlü, Qızılbulaq və Veynəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və pay bölgüsü haqqında saziş imzalandı. Bu tarixdən 12 il sonra Prezident İlham Əliyevin kompleks siyasəti nəticəsində aparılan əsaslı geoloji kəşfiyyat işlərinin ardından 2009-cu ilin may ayında Gədəbəydəki qızıl-mis emalı zavodu işə salındı. Aparılan kəşfiyyat işləri nəticəsində Gədəbəydəki yataqların potensialının nəzərdə tutulandan təxminən 3 dəfə çox olduğu müəyyənləşdirildi. Gədəbəy qızıl-filiz yataqlarında əldə edilən qızıl, gümüş və misdən ibarət aralıq məhsul İsveçrənin Cenevrə şəhərinə ixrac edilir. Aralıq məhsulu əmtəəlik məhsul kimi yüksək beynəlxalq nüfuza malik London Qiymətli Metallar Bazarı Assosiasiyasının üzvü olan İsveçrənin MKS Finans şirkəti emal edərək saflaşdırır. Azərbaycanın hasil etdiyi və saflaşdırılan qızıldan hökumətin mənfəət payının növbəti partiyası ixrac proseduru haqqında protokola uyğun olaraq respublikaya gətirilib. 10 ədəd, hər birinin çəkisi 12,5 kiloqrama qədər olan, ümumilikdə, 125 kiloqrama qədər xalis qızıl külçələrin Heydər Əliyev Beynəlxalq Hava Limanının karqo terminalında təhvil-təslim proseduru həyata keçirildikdən sonra qiymətli yük Mərkəzi Banka göndərilib. Hazırda Azərbaycanın iqtisadi və maliyyə imkanları böyük olduğundan, saflaşdırılan qızıldan hökumətin mənfəət payının strateji ehtiyat kimi saxlanması məqsədəuyğun hesab olunur. Mərkəzi Bankda qiymətli yükün təhvil-təslim proseduru başa çatdıqdan sonra yekun aktın imzalanması ilə qızıl külçələrdən ibarət əmtəəlik məhsul Mərkəzi Bankın saxlancına yerləşdirilib. Bununla da Mərkəzi Bankın saxlancında hökumətə məxsus qızılın miqdarı 513,6 kq-a çatdırılıb. Onun bu günə olan bazar dəyəri 28,4 milyon Amerika Birləşmiş Ştatları dolları təşkil edir.

R.RƏSULOV

Digər xəbərlər