Azərbaycan hökuməti qarşısında duran başlıca vəzifə yaxın 10 il ərzində ÜDM-də qeyri-neft sektorunun payının 80 faizə çatdırılmasıdır. Bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, bu, innovativ inkişafın hərtərəfli stimullaşdırılması, sənaye zonalarının yaradılması, müasir texnologiyalar əsasında istehsalatın genişləndirilməsi sayəsində mümkün olacaq. "Bunun üçün müasir texnologiyalar əsasında rəqabətədavamlı ixrac yönümlü malların istehsalı, kənd təsərrüfatında yeni metodların tətbiqinin genişləndirilməsi və digər tədbirlərin görülməsi vacibdir", - nazir deyib.
2011-ci ilin yanvar-noyabrında Azərbaycanda ÜDM ötən ilin analoji dövrü ilə müqayisədə 0,2 fazi artaraq, 45,5 milyard manat təşkil edib. ÜDM-in nominal artımı 19 faiz səviyyəsində olub. Adambaşına ÜDM-in həcmi 5026,3 manat (6362,4 dollar) olub.
İl ərzində qeyri-neft sektoru 9,5 faiz artaraq, 21,5 milyard manat təşkil edib, neft-qaz sektoru isə 9,1 faiz azalıb.
Adambaşına ÜDM 5 min manatdan çoxdur
Dünya iqtisadi böhranına baxmayaraq, Azərbaycan öz iqtisadiyyatında artım nümayiş etdirib. Dövlət başçısının sözləri ilə desək, bu, ilk növbədə, əsrlərin qovuşuğunda Azərbaycanda yaranmış situasiyanın düzgün qiymətləndirilməsinin nəticəsidir.
Azərbaycanda ən çox diqqət yetirilən sahə, təbii ki, qeyri-neft sektorunun inkişafıdır. Bu kontekstdə regionların inkişafına böyük önəm verilir. 2004-cü ildən regional inkişaf proqramları həyata keçirilir- infrastruktur, sosial infrastruktur yaradılır, yollar, elektrik stansiyaları tikilir.
Bütün sosial proqramlar yerinə yetirilib, yoxsulluğun səviyyəsi 5 dəfə azalaraq, 10 faizdən aşağı enib. Azərbaycanın yarım milyondan çox vətəndaşı hər ay dövlətdən sosial yardım alır, orta əməkhaqqı 400 dollardan çoxdur.
Son 8 ildə ölkədə 1 mln yeni iş yeri yaradılıb
Təqdirəlayiq haldır ki, daha çox iş yeri bölgələrdə açılıb. Burada regional inkişaf proqramının böyük rolu olub. Dövlət başçısı bu məsələni xüsusi vurğulayır: "Regionların inkişaf proqramı nəzərə alınmaqla, həm də ölkəmizin iqlim şəraitinə uyğun olaraq, kənd təsərrüfatını fəal inkişaf etdiririk. Biz kənd təsərrüfatının əsas məhsulları ilə özümüzü, demək olar ki, təmin etməyə başlayırıq, halbuki sovet dövründə heç vaxt belə olmamışdır.
Biz idxaldan asılı idik, meyvə, tərəvəz, üzüm, şərab satır, qalan bütün məhsulları isə alırdıq. İndi biz özümüzü, demək olar ki, tamamilə təmin edirik və artıq ixracı da nizama salmışıq. Biz diqqətimizi, ilk növbədə, öz təbii ehtiyatlarımız, ya da xammal bazamız olan sahələrdə cəmləşdirmişik".
Bu gün faktdır ki, bölgələrdə yaradılan yüzlərlə iri müəssisələr işsizliyi xeyli azaldıb. Nəticədə daxili miqrasiya prosesi praktik olaraq aradan qalxmaqdadır. Ölkənin modernləşdirilməsi, iqtisadiyyatın gələcəkdə bizə böyük artım verəcək sektorlarına, ilk növbədə, informasiya-kommunikasiya texnologiyaları sahəsinə sərmayələr qoyulması baxımından da çox iş görülüb.
Dünya böhranı ölkəmizə təsir göstərməyib
Ölkə iqtisadiyyatının sürətlə inkişafı ilə yanaşı, əhalinin rifah halının daha da yaxşılaşması, dövlət tərəfindən sosial öhdəliklərin tam yerinə yetirilməsi, sahibkarlıq subyektlərinin sayının artması, infrastrukturun təkmilləşdirilməsi, yeni iş yerlərinin yaradılması sayəsində işsizliyin minimuma endirilməsi və digər amillər, onu deməyə əsas verir ki, dünyada baş verən maliyyə böhranına baxmayaraq, ölkəmiz sürətli inkişafını davam etdirir.
Qlobal böhran şəraitində Azərbaycanın əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmiş və BMT-nin İnsan İnkişafına dair növbəti hesabatında 169 ölkə arasında Azərbaycanın 67-ci yer tutması buna əyani sübutdur.
Dövlət başçısının dediyi kimi, keçmiş sovet dövründəki beşilliklər baxımından indi nə qədər qəribə görünsə də, Azərbaycanın beşillik planı var. Bundan əlavə, Azərbaycan hökumətinin hər il üçün fəaliyyət planı da var, orada kimin nə iş görəcəyi, kimin nəyə cavabdeh olması, maliyyə resursları və digər məqamlar göstərilir.
Göründüyü kimi, Azərbaycan Prezidenti ölkənin strateji inkişaf konsepsiyasının həyata keçirilməsini təmin edən addımlar atır. Əldə olunmuş uğurları nümayiş etdirən makroiqtisadi göstəricilər ölkəmizin inkişaf sürətinə görə öncüllər sırasında olduğunu göstərir. Gerçəkdən də, son illərdə bu konsepsiyanın düzgün həyata keçirilməsi nəticəsində ölkəmiz dünyada ən böyük iqtisadi artım nümayiş etdirir.
E.Bayramlı
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...