Hamının həvəslə qarşılayıb ürək açıqlığı ilə yola saldığı Yeni il bayramı geridə qalsa da bayramdan öncə bazarlarda baş verən süni qiymət artımı hələ də olduğu kimi qalır. Dekabr ayının son həftəsindən başlayaraq bazar qiymətlərində bahalaşma müşahidə olunan ərzaq və meyvə-tərəvəz məhsullarının əhalinin cibinə uyğun şəkildə olmaması bayram günlərində çox ciddi problemlər yaradıb. Paytaxtın bir sıra nöqtələrində fəaliyyət göstərən bazarlarda qiymətlər hələ də "od tutub yandığından" alıcı çatışmazlığı nəzərə çarpır. Satıcılar bu cür vəziyyətin əhalinin maddi durumunun aşağı olmasında görürlərsə, alıcılar isə əksinə bazarlarda qiymətlərin bayramqabağı birdən-birə bir neçə manat artmasını düşünürlər. Söhbət etdiyimiz satıcı Həmid dayı deyir cammatın pulu olsun ki, gəlib bazarlıq edə bilsinlər: "Əslində bahalaşma olmayıb. Elə bayramdan əvvəl necə idisə indi də elədir. Amma bazara gələn yoxdur. Camaatda pul yoxdur ona görə". Bu gün bazarlarda qiymətlər elə rəqəmlər arasında dəyişir ki, əhali bazara ayaq basmaq istəmir. Bunun günahını satıcılarda görən vətəndaşlar onların şəxsi mənafeləri hesabına bu üsula əl atdıqlarını bildirirlər. Sözsüz ki, bazarlarda qiymətlərin hələ də ucuzlaşmaması bir çox vətəndaşın haqlı narazılığına səbəb olur. Şəfiqə xanım da bazara bayramdan sonra bəlkə qiymətlər ucuzlaşar sevdası ilə gəlib. Amma qarşılaşdığı mənzərə heç də ürəyincə deyil. "Mən bayramdan sonra gəldim ki, ucuz olsun, bazarlıq edim. Amma nə qiymət düşüb, nə də ucuzluqdur. Baxmayaraq ki, bazarlarda nə istəsən tapa bilirsən, bircə puldan başqa".
Neçə illərdir bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan Kərim kişi isə deyir ki, satdığı məhsulların qiymətində bayramdan öncə baş verən bahalaşmaya səbəb topdan satış məntəqələrində qiymətlərin artması olub. Bununla yanaşı ikinci bir səbəb isə, ölkəmizə xaricdən gətirilən meyvələrin baha qiymətə başa gəlməsidi. Buna misal olaraq deyə bilərik ki, yerli sayılan Qızıləhmədi almanın bir kiloqramını 2-3 manata almaq mümkün idisə, xaricdən gətirilən alma 4-5 manata satılırdı. Eyni qayda ilə yerli mandarinin qiyməti 1 manat 50 qəpikdən -2 manat arasında dəyişirdi. Bayram günlərində ən çox alınan meyvələrdən biri də banan və portağaldır ki, alıcılar bu meyvələrin 1 kq almaq üçün ən azı 5 manatlarından keçməli olacaqlar.
Bazarda qiyməti od bahasına olan təkcə meyvə-tərəvəz deyildi. Eyni zamanda, bayramda daha çox alınan qoz, fındıq və şabalıdın qiymətində də artım müşahidə edilirdi. Qoz - 3-4 manat, qoz ləpəsi - 8-10 manat, fındıq -6 manat, fındıq ləpəsi - 8-10 manat, şabalıdın qiyməti - 3-4 manat civarında dəyişirdi.
Hər halda apardığımız qısa araşdırma zamanı bir fakt gün kimi aydın idi. Bayramqabağı göyə qalxan qiymətlər hələ ki, yerə enmək istəmirdi. Əslində isə yerə enməyə imkan vermirlər desək daha dəqiq olardı.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...