PDF Oxu

İqtisadiyyat

  • 14

Azərbaycan dünyada qaz ölkəsi kimi öz sözünü deyəcək

Azərbaycan dünyada qaz ölkəsi kimi öz sözünü deyəcək

Hər bir müstəqil dövlətin, o cümlədən, Azərbaycan Respublikasının dünya iqtisadiyyatında cərəyan edən sosial-iqtisadi proseslərdə iştirakı labüd və qaçılmazdır. Bu zaman qarşıda duran başlıca vəzifə milli və iqtisadi təhlükəsizlik baxımından zərərli ola biləcək proseslərin qarşısını almaq, eləcə də, beynəlxalq təcrübənin vəd etdiyi nailiyyətlərə yiyələnməkdir. Məlumdur ki, 2008-ci ildən etibarən dünyanı silkələyən və nəhəng şirkətlərin müflisləşməsinə səbəb olan iqtisadi böhran da məhz qloballaşma prosesi nəticəsində vahid orqanizmə çevrilən dünya iqtisadiyyatını qısa zamanda əhatə etmişdir.

Demək olar ki, bütün dövlətlər böhrandan bu və ya digər dərəcədə zərər çəkmişlər. Lakin müstəqil Azərbaycanın qurucusu, ölkəmizi məhv olmaq təhlükəsindən xilas edən Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycan bu gün dünyanın söz sahibindən birinə çevrilib. Hazırda Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunu layiqincə, şərəflə davam etdirən Prezident İlham Əliyev ölkəmizi hərbi, siyasi və iqtisadi qüdrətinə görə, regionun lider ölkəsinə çevirib. Ümumiyyətlə, iqtisadi və siyasi baxımdan, hər il olduğu kimi, bu il də Azərbaycan üçün uğurlu oldu. Heç şübhəsiz ki, gələn 2012-ci il də Azərbaycan üçün uğurlu illərdən olacaq. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ötən illərdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmişdir. Bütün bunlarla yanaşı, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, əhalinin sosial rifah göstəricilərinin davamlı olaraq yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmışdır.

Əldə olunan nailiyyətlərlə bağlı bizimlə fikirlərini bölüşdürən millət vəkilləri və ictimai-siyasi xadimlər vurğuladılar ki, həmin nailiyyətlərin əldə olunması Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü, davamlı, daxili-xarici siyasətinin mühüm nəticələridir.


Eldar İbrahimov: "Prezident İlham Əliyevin 8 il əvvəl ölkədə yeni iş yerlərinin yaradılacağı ilə bağlı verdiyi vədlər də artıq öz praktik həllini tapmışdır"


Milli Məclisin deputatı Eldar İbrahimov son 8 ildə Azərbaycanın böyük zəfərlər əldə etdiyini dedi:


- Dövlət başçısı İlham Əliyev tədbirlərdə etdiyi çıxışlarında bildirir ki, Azərbaycanda hər ili uğurlu iqtisadi inkişaf davam etməkdədir. Bu gün biz bu inkişafın nətcələrinin ilbəil yüksəlməsinin şahidi oluruq. Belə ki, ötən illərdə olduğu kimi, yola salacağımız 2011-ci ildə də iqtisadi inkişaf baxımından çox yüksək göstəricilər əldə olunmuşdur. İnanırıq ki, qarşıdakı 2012-ci ildə də bu müsbət meyillər davam edəcək, iqtisadiyyatın əsas sahələri və istiqamətlərində yalnız artım müşahidə olunacaqdır. İndi ölkə iqtisadiyyatının elə bir sahəsi yoxdur ki, orada yüksək inkişaf tendensiyası müşahidə olunmasın. Bütün bunlarla yanaşı, ölkəmizdə son illər bir sıra məqsədyönlü iqtisadi islahatların həyata keçirilməsinə xüsusi diqqət göstərilmişdir ki, bu da son nəticədə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün əlavə imkanlar yaratmışdır. Təkcə onu demək kifayətdir ki, son 8 il ərzində Azərbaycanda maaşlar və pensiyalar artmış, yoxsulluğun səviyyəsi dəfələrlə azalmışdır. Xüsusi olaraq vurğulamaq istərdim ki, ölkənin sosial-iqtisadi uğurları dövlət büdcəsinin göstəricilərində özünü əyani şəkildə göstərir. Qeyd edim ki, 2012-ci ilin büdcəsində sosialyönümlü və digər xərclər xüsusi yer tutur. Bütün bunlar isə Prezident İlham Əliyevin 8 il ərzində göstərdiyi praqmatik siyasətin məntiqi nəticəsidir.


Musa Quliyev: "2003-cü ildən etibarən müstəqil Azərbaycanın tarixində yeni dövr başlamışdır və bu dövr yeni siyasi LİDERİN - Prezident İlham Əliyevin adı ilə bağlıdır"


Millət vəkili Musa Quliyev isə bildirdi ki, ümumiyyətlə, son illərdən başlayaraq, daha dəqiq desək, 2003-cü ildən etibarən Azərbaycanın inkişafında modern tərəqqi dövrünə start verildi. Təbii ki, bu modern tərəqqini Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasətin davamı kimi dəyərləndirmək mümkündür:


- 2003-cü ildən etibarən müstəqil Azərbaycanın tarixində yeni dövr başlamışdır və bu dövr yeni siyasi LİDERİN - Prezident İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev 2003-cü ildə siyasətə dövlətçiliyin inkişafı və möhkəmləndirilməsi yönündə qarşıya qoyulan məqsədlərə nail olmaq üçün milli maraqlardan çıxış edən praqmatik siyasətçi kimi qədəm qoydu.

Azərbaycanın bölgədə və dünyada ciddi iqtisadi lider olduğunu təsdiq etmək bu siyasətin ön müddəalarındandır. Bütövlükdə, ötən 8 ilin yekunları Prezidentin son respublika və beynəlxalq miqyasda etirafını tapan statistik göstəricilərdə bariz əks olunmuşdur. Statistik göstəricilərə nəzər salarkən, hər bir rəqəmin arxasında nəhəng layihələrin, böyük işlərin dayandığını görərik. Bugünkü inkişaf, bugünkü tərəqqi həmin rəqəmlərin gerçək həyatımızda canlanması ilə müşahidə olunur. Yəni bu inkişaf kağız üzərində deyil, real həyatımızda, gözlər önündədir. Bunu Azərbaycan xalqı da, beynəlxalq aləmdə dərindən dərk edir və yüksək qiymətləndirir. Ölkə başçısı İlham Əliyevin uğurlu 8 illik Prezidentlik dövrü respublikamızın inkişafı ilə yanaşı, regionda və regiondankənar müstəvidə də bir çox layihələrin həyata keçirilməsində təsdiq olunmuşdur.


İsa Həbibbəyli: "Hazırda dövlətimizin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri də məhz iqtisadi sahədə sənayeləşmə prosesinin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsinə nail olmaqdan ibarətdir"


Millət vəkili İsa Həbibbəyli də mövzu ilə bağlı fikirlərini açıqladı:


- Artıq Azərbaycanda iqtisadiyyatın dayanıqlığı tam təmin edilmiş, regionların sürətli sosial-iqtisadi inkişafına nail olunmuşdur. Yeri gəlmişkən, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" bölgələrin sənaye potensialından daha səmərəli istifadəsinə, emal sahələrinin inkişafına səbəb olmuşdur ki, bu da hazırda ölkəmizdə həyata keçirilməkdə olan sənayeləşmə siyasətinin uğurla reallşdırılmasına mühüm töhfələr verir. Elə hazırda dövlətimizin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri də məhz iqtisadi sahədə sənayeləşmə prosesinin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsinə nail olmaqdan ibarətdir. Bununla yanaşı, iqtisadiyyatın qeyri-neft sektorunun digər sahələrinin də inkişafına xüsusi diqqət və qayğı göstərilir ki, bunun da müsbət nəticələri getdikcə daha çox hiss olunur. Bu gün Azərbaycan təbii sərvətləri ilə dünyaya öz sözünü deyir. Belə ki, Azərbaycan iqtisadiyyatının inkişafında bazis rolunu oynamış və oynamaqda olan təbii sərvətləri ilə beynəlxalq aləmidə mühüm ölkə kimi dəyərləndirilir. Neft-qaz sektorunda qazanılan növbəti ciddi uğurlar da hər bir azərbaycanlını sevindirməyə bilməz. İlin sonuna qədər Azərbaycanda milyonlarla tondan çox neft və milyardlarla kubmetrdən artıq qaz hasil ediləcək. Bunun böyük hissəsi ixrac edilir və ixrac imkanlarımız, ixracın coğrafiyası genişlənir. Bu gün Azərbaycan qazı qonşu ölkələrə nəql edilir, Azərbaycan nefti bütün dünyaya daşınır.

Bütün bunlarla yanaşı, Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft sektoru ölkənin ümumi inkişafının prioritet istiqaməti olaraq qalır. Adıçəkilən sahə ölkəmizə böyük uğurlar, yüksək maliyyə resursları gətirməkdə davam edir. Hazırda həmin resurslardan səmərəli istifadə edilməklə, həm ölkə iqtisadiyyatının şaxələndirilməsi təmin olunur, həm də əhalinin həyat səviyyəsi getdikcə yaxşılaşdırılır. Yaxın illərdə isə ölkəmizi daha yüksək inkişaf perspektivləri gözləyir. Çünki Azərbaycanın getdikcə artmaqda olan valyuta ehtiyatları, büdcə imkanlarının ilbəil genişlənməsi ölkənin sosial-iqtisadi inkişafı üçün möhkəm zəmin yaradır. Bu isə, Prezident İlham Əliyevin xalqına verdiyi vədlərin yerinə yetirilməsi kimi dəyərləndirilməlidir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər